Beynəlxalq mükafatlar siyasi məhbuslara nə vəd edir?

Vidadi Mirkamal: «Bu mükafatlar Azərbaycandakı durumun beynəlxalq ələmin gündəminə gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir»  

Mirvari Qəhrəmanlı: «Həbsdə olan şəxslərə bu cür dəstək böyük mənəvi rol oynayır, onlara güc verən məqamdır»

Azərbaycanın tanınmış hüquq müdafiəçiləri öz azadlıqları hesabatı ölkədəki durumu beynəlxalq aləmin gündəminə gətirməyi bacardılar. Demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasəti tənqid edərək, bu addımlara son qoymağı tələb ediblər.

Elə bunun nəticəsidir ki, Norveç Helsinki Komitəsi 2014-cü il Andrey Saxarov Azadlıq mükafatını Azərbaycandakı siyasi məhbuslara verib. “Onlar böyük cəsarət göstərir və ölkələrində ləyaqət, demokratik dəyərlər və insan haqlarının irəli aparılması üçün böyük işlər görürlər”, – deyə Norveç Helsinki Komitəsinin (NHK) baş katibi Bjorn Enqesland bəyan edib.  NHK bildirir ki, neft və qazla zəngin Azərbaycanda hakimiyyət illər boyu tənqidçilərini qondarma cinayətlər, uzunmüddətli həbs cəzaları ilə susdurub.

Avropa Parlamentinin Xarici İşlər və İnkişaf komitələrinin, habelə İnsan haqları alt komitəsi Saxarov mükafatının namizədləri siyahısında Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus da var. L.Yunus mükafata 4 namizəddən biridir. Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov beynəlxalq “Human Rights Tulip” mükafatına namizəd göstərilib. Təşkilatın məlumatında bu haqda deyilir ki, Rəsul Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasını təşkil edib, gəncləri ədalətin müdafiəsinə çağırıb.

Və nəhayət hüquq müdafiəçisi Anar Məmmədli sentybarın 29-da Vaslav Havel Sülh Mükafatının bu ilki qalibi elan olunub.

Bəs, Azərbaycandan olan hüquq müdafiəçilərinə bu cür beynəlxalq diqqət ölkədəki siyasi məhbus probleminin həllinə və onların özlərinin azadlığa çıxmasına gətirib çıxaracaqmı?

Azərbaycanın Avropaya inteqrasiya olunan bir dövlət kimi Avropa təssisastaları qarşısında bir sıra öhdəliklər götürdüyünü deyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal vurğuladı ki, ölkə bu öhdəlikləri yerinə yetirməlildir. Amma görünən odur ki, Azərbaycan bu öhdəliklərin bir çoxunu, əsasən də insan hüquq və azadlıqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib: «Azərbaycan hakimiyyəti buna baxmayaraq ona qarşı olan bu qədər tənqiddən sonra repressiya aparatını durdurmayıb. Hakimiyyət dövlətin bütün resurslarından istifadə edərək ona müxalif olan qüvvələrin üstünə gedir, oponentlərini sıradan çıxarır. Bu mənada həm müxalifət düşərgəsindən xeyli bəyanatlar veriliB, həm də nüfuzlu beynəlxalq təşkilatlar bəyanatlar veriblər, etirazlarını bildiriblər. Hələlik bu etirazların heç bir səmərəsi yoxdur. Amma buna baxmayaraq mübarizə davam edir. İstər ölkə daxilindəki real müxalifət, istərsə də beynəlxalq təşkilatlar bu istiqamətdəki mübarizələrini aparırlar. Mübarizə metodlarından biri də ölkədəki vicdan məhbuslarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükafatlanmalarıdır».

Siyasi məhbuslara nüfuzlu mükafatların verilməsinin əslində təsdiqi faktı olduğunu deyən V.Mirkamal əlavə etdi ki, bu mükafatlar Azərbaycandakı durumun beynəlxalq ələmin gündəminə gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. «Həmin şəxslər bu mükafatlara layiqdirlər. Amma təəssüf ki, həmin şəxslər bu mükafatları öz azadlıqları hesabına əldə ediblər. Əlbətdə bu da hakimiyyətə bir təzyiq metodudur. Hakimiyyət bu təzyiqi nəzərə alaraq siyasi məhbus probleminin həlli istiqamətində addım ata, onları azadlığa buraxa bilər», deyə V.Mirkamal vurğuladı.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildirdi ki, insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı Azərbaycandakı durum həqiqətən də beynəlxalq aləmin gündəmindədir. Azərbaycanın diqqət mərkəzində olduğunu beynəlxalq aləmdən gələn narahatlıq dolu bəyanatlardan da göründüyünü deyən M.Qəhrəmanlı vurğuladı ki, amma hələlik bu reaksiyaların hakimiyyətə heç bir təzyiqi yoxdur: «Siyasi məhbuslara verilən nüfuzlu beynəlxalq mükafatlar mühüm addımdır. Həbsdə olan şəxslərə bu cür dəstək böyük mənəvi rol oynayır, onlara güc verən məqamdır. Bu insanların hər bir mənəvi dəstəyə ehtiyacı var».

Xəyal