Hacı İlqar İbrahimoğlu
İntiqam Əliyev. 1962-ci ildə Biləsuvarda anadan olmuşdur. Sumqayıtda boya-başa çatmışdır. BDU-nun hüquq fakültəsini bitirib. Hüquqşünas fəaliyyətinə 1990-cı ildən başlayıb. 1991-ci ildə ölkədə ilk hüquq firmalarından olan “Advokat Servis” şirkətini təsis edib. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.
“Xəzər”, “Qərb”, “Azərbaycan”, “Odlar Yurdu” universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib. Bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir.
Ailəlidir. Bir qızı, bir oğlu var.
O, kənardan sakit bir insan təsiri buraxır. Az danışandır. Danışanda da çox mülayim danışar. Amma onu yaxından tanıyanlar ona nisbətdə sakitlik fikrini bölüşmürlər. Onu qətiyyən sakit adam kimi səciyyələndirmirlər. Tanıyan bilir ki, sükutu təvazökarlığındandır. Lakin və amma, yerindəcə bu sükut pozulur və artıq onun mülayimliyindən də bir əsər-əlamət qalmır. O, gözləyir. Haqq deyilmirsə, haqq pozuldusa, o zaman meydana çıxır. Hüquq meydanına. Son illərdə isə Vətəndaşlıq meydanına. Son illərdə hüquq, vətəndaş, səy və çalışqanlıq, israr və prinsipiallıq sözlərini özündə cəmləmiş İntiqam Əliyev. Bu məmləkətin gerçək VƏTƏNDAŞı İntiqam Əliyev.
Sovet dönəmində qəribə bir məsələ var idi. Bilmirəm indi qalıb, yoxsa yox. Müttəhim müstəntiqə, hakimə, onlar da müttəhimə “yoldaş” deyə müraciət etməzdi. Müttəhim “yoldaş müstəntiq” desə idi, ünvanlanan şəxs dərhal mənfi reaksiya verər, “yoldaş yox, vətəndaş müstəntiq” deyə, düzəliş verərdi. Bu, ondan irəli gəlirdi ki, “yoldaş” şərəfli müraciət, “vətəndaş” isə quru, hamıya aid olan, formal olaraq ölkə vətəndaşlığını daşımağı əks etdirən bir xitab idi. Və müttəhim-müstəntiq-hakim dialoqu bu quru xitabın üzərində qurulmalı idi.
Sovet rejimi tarixin arxivinə göndərildi. Çox şey dəyişildi, o cümlədən, yeni anlayışlar meydana gəldi. “Yoldaş”ların çoxu getdi, bəzisi indi də qalmaqdadır. Meydana gələn yeni anlayışların arasında “vətəndaş mövqeyi” məfhumu – insanın mərd, prinsipial, şücaətli, fədakar mövqeyə malik olmasını əks etdirən, vərdiş edilmiş sözü yeni məna ilə yükləyən pozitiv bir anlayış xüsusi yer tutdu. Mümkündür ki, Sovet təfəkkürünün daşıyıcıları olan biriləri indi İntiqam Əliyevə “vətəndaş Əliyev” deyə müraciət edir. Və fərqinə varmırlar ki, həqiqi VƏTƏNDAŞla danışırlar. Onların hər birinin ömrü, vəzifədən gedəcəyinə qədərdir. Sistemdən xaric ediləndə, artıq heç doğmaları da onları itirib-axtarmır. Amma Vətəndaş İntiqam Əliyevin adı artıq Azərbaycanın ən yeni tarixinə yazılıb. Ölkəni yenidən quran, bolşevizmdən müstəqilliyə, sivilliyə keçidə töhfəsini verən insanların siyahısında layiqli yerini tutub Vətəndaş İntiqam Əliyev.
Amma İntiqam Əliyevlə bağlı bir məqam da məni xeyli düşündürür. İntiqam Əliyev yüzlərlə hüquqşunas və onların içində peşəkar kimi formalaşmış onlarla mütəxəssis yetişdirib. Bunu birmənalı olaraq qeyd etmək olar ki, İntiqam Əliyevin praktik hüquqşunas yetişdirməsini ölkədə yalnız Erkin Qədirlinin nəzəri hüquqşunas yetişdirməsi ilə müqayisə etmək olar. İndi həmin yüzlərlə İntiqam Əliyev məzunlarının üzərinə böyük məsuliyyət düşür.
Qurban bayramı günlərini yaşayırıq. “İsmayıl qurbanı” günləridir. Bu günlərdə hər kəs gərək öz “İsmayıl”ını Uca Yaradana qurban etsin. Onu təkamüldən saxlayan, vücudunu buxovlayan, laqeydləşdirən nəsnələrdən qurtulmağa çalışsın.
Qapın tezliklə açılsın, Vətəndaş İntiqam Əliyev.