O zamanlar artıq keçib, bir daha qayıdan da deyil

Vaxt var idi, bunlar seçkini saxtalaşdırdıqca, rəqiblərinə divan tutduqca, Qərbdən “demokratiyaya doğru daha bir addım” bəyanatları gəlirdi

O zamanlar artıq keçib, bir daha qayıdan da deyil. Bəli, vaxt var idi ki, bunlar seçkini saxtalaşdırdıqca, rəqiblərinə divan tutduqca, Qərbdən də “Azərbaycan demokratiyaya doğru daha bir addım atdı” bəyanatları gəlirdi. Xalqımız bu ədalətsizliyə küsürdü, demokratik qüvvələr bu prinsipsizliyi tənqid edirdi, hakimiyyət isə halından məmnun idi. Hökumət düşərgəsinin heç ağlına da gəlmirdi ki, ABŞ-ı, Avropanı, müsəlmanlara düşmən olmaqda, daxili işlərimizə qarışmaqda, imperializmdə ittiham etsinlər. Әksinə, lobbilərin, neft şirkətlərinin təşkil etdiyi həmin təqdir bəyanatları hökumətin xarici siyasətinin müdrüklüyünün sübutu kimi təqdim olunurdu. Zaman keçdikcə, internetin inkişafının, Әrəb inqilablarının təsiri ilə Qərbdə idealistlərin mövqeləri yenidən gücləndi. Etiraf etmək lazımdır ki, ABŞ prezidenti Barak Obamanın öz administrasiyasına lobbilərlə işləməyi qadağan etməsinin də müsbət rolu oldu.

İndi dünyanın hər yerindən İlham Әliyev hökumətinə hər gün qınaq gəlir, tələblər irəli sürülür. Tənqid və tələb artdıqca, rejimin agentura şəbəkəsinin də anti-Qərb ritorikası sərtləşir. Sən demə, Avropa və Amerikanın gözü bizim müstqilliyi götürmürmüş. Guya ölkədə demokratiya, qanunun aliliyi təmin olunsa, müstəqilliyimizi itirərmişik. Həm də bu absurdu deyənlər hər gün daha sıx Rusiyanın qoltuğuna sıxılırlar.

Adama deyərlər ki, Avropanın ölçülərinə görə Azərbaycanla müqayisə oluna bilən ölkələri, məsələn, Çexiya, İsveç, Avstriya, Macarıstan, Bolqarıstan, Belçika Avropa Birliyinə qoşulduğuna görə Azərbaycandan azmı müstəqildir? Bəlkə ölkəmizdən də kiçik, bizim kimi keçmiş Sovet respublikası olmuş Estoniya, Litva və Latviya Avropa Birliyi və NATO üzvü olandan sonra Azərbaycandan az müstəqil olublar, xəbərimiz yoxdur? Kimsə sadaladığım ölkələrin torpaqlarının 20 demirəm, 2 faizini işğal edə bilərmi? Kimsə həmin ölkələrin rəhbərlərini məcbur edə bilərmi ki, onların xalqlarını hamılıqla qoyun adlandıran birini böyük hörmətlə qəbul etsin? Həmin ölkələrin liderlərinin bir-iki xoş söz üçün başqa dövlətlərin siyasətçilərinə kürü, pul, başqa maddi nemətlər verdirdiyini, özlərindən daha böyük və daha varlı dövlətlərin muzeyini, kilsəsini, parkını təmir etdirdiyini, həm də bunu öz xalqının boğazından kəsərək etdiyini görən olubmu?

Bunların keşiyində durduğu, üstündə əsdiyi müstəqillik gerçək dövlət müstəqilliyi deyil, həqiqi milli təəssübkeşlik deyil. Milli təəssübkeşliyi atdılar Jirinovskinin ayaqları altına. Heç ölkənin ərazi bütövlüyü də deyil. Qarabağın qeydinə qalanlar Xocalı faciəsində iştirak edənlərə, Ermənistanı öz hesabına silahlandıranlara yaltaqlanıb, eyni vaxtda da Azərbaycanın ərazi bütövlüyünə dəstək verənləri hədəf seçməz. Avropa Birliyinin, NATO-nun ardınca Avropa Şurası Parlament Assambleyası da növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi, Qarabağı işğal olunmuş Azərbaycan ərazisi elan etdi. Nə oldu? Bəs deyirdiniz onların hamısı ermənipərəstdir?

İndi bu ölkədə hər kəs, hətta hökumətin muzdlu təbliğatçıları da bilir ki, rejimin başçıları müstəqillikdən bəhs edəndə ölkəni çapıb-talamaq və buna etiraz edənlərə divan tutmaq azadlığını nəzərdə tuturlar.

Hökumətə qarşı beynəlxalq təzyiqlər artdıqca, hökumət də bizə qarşı şər-böhtan kampaniyasını artırır. Avropa Birliyinin, ABŞ-ın, ATƏT-in, Avropa Şurasının Azərbaycan hökumətindən siyasi məhbusları azad etməyi, demokratik islahatlara getməyi tələb etməsi yaxşıdırmı? Əlbəttə, yaxşıdır. Bu onun sübutudur ki, Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyəti daha aldada, ələ ala bilmir. Dünya birliyi mənəvi və siyasi cəhətdən ölkəmizi talayan oğruları deyil, haqq və ədalət arayışında olan sadə xalqı dəstəkləyir. Bu mənəvi-siyasi dəstək önəmlidir. Amma bundan yanlış nəticələr çıxarmaq lazım deyil.

Əvvəla, hökumətə qarşı bu beynəlxalq qınaq kampaniyası ilə bizim mübarizəmiz arasında heç bir əlaqə yoxdur, çünki həmin beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə dəstək verəndə də biz bu oğru və saxtakarlarla mübarizə aparırdıq. İndi Azərbaycan müxalifəti ilə beynəlxalq birliyin mövqeyi üst-üstə düşürsə, bu o demək deyil ki, biz onların mövqeyini bölüşürük. Tam əksinə, biz indi ona görə eyni mövqedəyik ki, beynəlxalq təşkilatlar vaxtilə tutduqları səhv yanaşmadan imtina edib, bizim uzun müddətdir tutduğumuz doğru mövqeyə gəliblər.

İkincisi, beynəlxalq birliyin hökumətdən demokratiya və insan hüquqlarına hörmət tələb etməsi ölkəmizdəki demokratik dəyişiklik tərəfdarlarını qətiyyən arxayınlaşdırmamalıdır. Ölkəmizdə azadlıqları hər hansı xarici qüvvə bərqərar edə bilməz və etməməlidir. Vətənimizdə demokratik dəyişikliklərə nail olmaq yalnız biz azərbaycanlıların görəcəyi işdir. Ona görə də Milli Şuranın 12 oktyabr mitinqinə bir fürsət kimi baxmaq lazımdır. Əlbəttə, ilk növbədə rejim tərəfindən girov götürülmüş, həbsxanada da mənəvi və fiziki işgəncələrə məruz qalan, həyatına ciddi təhlükə yaranmış hüquq müdafiəçisi Leyla Yunusa və 100 nəfərdən artıq çox qiymətli, ləyaqətli, siyasi məhbus dostlarımıza uca səslə “Azadlıq!” tələb etmək fürsəti kimi baxmaq lazımdır. 12 oktyabr mitinqinə eyni zamanda rüşvətə, korrupsiyaya, özbaşınalıqlara, işsizliyə, evsizliyə, yoxsulluğa, qiymət artımlarına etiraz etmək, demokratik seçkilər, azadlıq və ədalət tələb etmək imkanı kimi baxmaq lazımdır!.