Tüstü əhvalatı

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Nə vaxtsa belə bir hekayə oxumuşdum: bir gün okeanda bir gəmi qəzaya düşərək batır. Qəzadan sağ-salamat qurtulan adamı dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.

Adam adada özünə kiçik bir sığınacaq tikir. Bir gün şirin su gətirmək üçün axtarışa çıxır, geri qayıdanda daxmasının alovlar içində yandığını görür. Tüstü göyə yüksəlirdi. 

Adam dərin kədərə qərq olur. Vətənindən. Ailəsindən uzaq düşməsi azmış kimi, indi də min bir əziyyətlə tikdiyi daxma yanmışdı. O, ruh düşkünlüyünə qapılır. Ümidsizlik bütün qəlbinə hakim kəsilir. Sağ qalmaq üçün səylərinin nəticə verməyəcəyini, əvvəl-axır qurd-quşa yem olacağını fikirləşir, ayağını uzadıb ölümünü gözləmək qərarına gəlir.

Yuxuya gedir, bir qədər sonra adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyanır!

Onu göyərtəyə çıxarırlar. Xilas olmasına hələ də inana bilməyən adam gəmidəkilərdən soruşur: 

– Mənim burada olduğumu necə bildiniz?

Eşitdiyi cavab adamı heyrətə salır:

– Tüstüylə verdiyiniz işarəni gördük!

Bəli, daxması yandıqdan sonra sonra heç bir yaşam ümidi qalmayan adam məhz o yanğın nəticəsində xilas ola bilmişdi. 

Bu hekayəti niyə xatırladıram?

Indi başımıza gələnlər-gətirilənlər bizi də zaman-zaman ümidsizliyə düçar edir. Bəzən fikirləşirik ki, artıq qurtuluş yolu qalmayıb. 

Hələ bu son illərdə, yaxşı heç nəyin baş vermədiyi bir vaxtda işıqlı gələcəklə bağlı ümidsizliklərin artmasından təbii nə var?!

Amma bayaq nəql etdiyimiz hekayət də göstərir ki, bəzən şər işdə də bir xeyir gözlənə bilir. Biz rejimin artan repressiyaları, basqıları qarşısında artıq bundan sonra uzun müddət nəyinsə yaxşı ola biləcəyinə dair şübhələrə qapılırıq, amma digər tərəfdən nə görürük? Artıq Azərbaycanı bürüyən irtica yanğının “tüstüsü” dünyanın hər yerindən görünməyə başlayır, bu irticanı durdurmaq çağırışları daha yüksəkdən səslənir. Azərbaycanla bağlı “cidanı çuvalda gizlətmək” artıq qeyri-mümkün olur, indi ölkədə baş verənlər ölkədən kənarda daha çox adamın dilindən öz adı ilə çağırılmağa başlayır. 

Elə ölkənin içində də məmləkətin hansı geriçi, çağdışı zehniyyətli idarə olunduğunu uzun-uzadı anlatmaq, ən sadə həqiqətləri izah etmək üçün vaxt və enerji sərf etmək lazım gəlmir, hər kəs hər şeyi görür, hamı üçün hər şey aydındır.

Biz uzun illər imitasiya dövründə yaşadıq. Milli Məclisə bir neçə müxalif deputat buraxılır, mitinqlərə icazə verilir, seçki şoularında bərabər imkanlar olmasa belə, rejim öz opponentlərinə hər halda müəyyən fürsətlər tanıyırdı və s. Bir sözlə, Sistem demokratiyanı təqlid etməklə məşğul olurdu, bu isə ona özünü gizlətməyə, tərəqqipərvər dünyadan daha az təpki göstərməyə imkan verirdi. Hətta Sistemlə bağlı sadəlövh gözləntilər yaranırdı, guya tədricən daha yaxşı olacaq, problemlər müvəqqətidir, islahatlar davam etdikcə hər şey düzəlməyə başlayacaq.     

Son illərdə bu imitasiya siyasətindən tamamilə imtina olundu. Sistem öz həqiqi mahiyyətinə qayıtdı.

Indi bəzən bir çoxları 10-15 il əvvəllə müqayisə aparır və o illərə nostalji ilə yanaşırlar, deyirlər, bu günə baxanda yenə o vaxta şükür!

Mən isə əksini düşünürəm. Elə ən yaxşısı indi baş verənlərdir. Hər nə qədər çətin, əzablı dövrdən keçsək də, yaxşı olan elə budur: rejimlə bağlı bütün “kartların açılması”, onun əsl niyyətlərinin, gerçək mahiyyətinin ortaya çıxması! Bu işimizi xeyli asanlaşdırır, qarşımızdakı gücü daha doğru tanımaq və dəyərləndirmək, öz imkanlarımızı buna uyğun istifadə etmək mümkün olur.

Bəli, indi “yanğın” bu 21 ildə heç vaxt olmadığı qədər güclüdür, hüququn, azadlığın ən son sığınacaqları da “yandırılır”, amma kim deyə bilər ki, bu “yanğının tüstüsü” xilaskarımız olmayacaq, bizə ən ümidsiz, hər şeyin artıq bitdiyini düşündüyümüz anımızda qurtuluş səbəbinə çevrilməyəcək?!

Lap elə yuxarıda nəql etdiyim hekayətdəki kimi.