“Yalnız Əliyevlər ailəsinin və onun yaxın çevrəsinin xaricdəki hesablarının dondurulması vəziyyəti dəyişə bilər”
ABŞ xarici siyasətinin iki nüfuzlu siması Azərbaycan hakimiyyətini durdurmağın yolunu göstərdi
Freedom House insan haqları təşkilatının icraçı direktoru David J.Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “The American Interest” jurnalında Azərbaycanla bağlı birgə məqalə ilə çıxış ediblər. Məqalədə deyilir:
“Qərbin diqqətinin İslam Dövlətinə və Ukrayna böhranına yönəldiyi bir vaxtda prezident İlham Əliyevin hökuməti Azərbaycanda qısnamalar, təhdidlər, döymələr və həbslər vasitəsilə fərqli düşüncə üzərinə hücumunu genişləndirib. Hətta Amerika vətəndaşları və beynəlxalq QHT-lər də bu genişlənən repressiya şəbəkəsinin toruna düşüblər. Bu hərəkətlər cavabını gözləyir.
İndi Azərbaycan prezidenti İlham Əliyevin də adını Avropanın son diktatoru, Belarusiya prezidenti Lukaşenka və insan haqlarına görə son onilliklərdə ən pis ölkə olan Rusiyanın prezidenti Vladimir Putinlə bir cərgədə yazmaq olar. İndi Əliyev hökumətinin 100-dək siyasi məhbusu var və bu, Belarusiya ilə Rusiyanın birlikdə malik olduqları siyasi məhbusların sayından iki dəfə çoxdur.
Quru rəqəmlər bir yana qalsın, Azərbaycan hakimiyyəti öz tənqidçilərinə, jurnalistlərə, müxalifətçilərə və həm də qərblilərə qarşı getdikcə daha təcavüzkar olur.
DAHA OBAMANI DA EŞİTMİRLƏR
Bakı Qərbdən, beynəlxalq rəsmilərdən və təşkilatlardan gələn narahatlıq və tənqidləri qulaqardına vurur. Hətta prezident Obamanın QHT-lərlə rəftar barədə bu yaxınlarda səslənmiş tənqidinin də təsiri olmayıb. Əksinə, Azərbaycan hakimiyyətinin hazırda xaricdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanı Bakıya qayıdan kimi həbs etməyi planlaşdırdığı barədə inandırıcı xəbərlər yayılıb. Bu narahatedici meyli dayandırmağın ən yaxşı yolu öz xalqına qarşı hiddət doğuran bədrəftarlığına görə Əliyev rejiminə cəzaların tətbiq edilməsidir.
Daha kobud pozuntular içində Leyla və Arif Yunusların Ermənistana casusluqda ittiham edilərək həbs olunması, Naxçıvanda jurnalist İlqar Nəsibovun ölümcül döyülməsi, eləcə də İlqar Məmmədov və Tofiq Yaqublunun saxta ittihamlarla həbsdə saxlanmasını göstərmək olar.
AZƏRBAYCAN ARTIQ ABŞ-I DA ŞƏRLƏYİR
Hətta Amerika vətəndaşları və təşkilatları da Azərbaycanın fərqli səslərə qarşı sərt dözümsüzlüyündən sığortalı deyillər. Xəstə atasına baş çəkdikdən sonra, Azərbaycan əsilli Amerika vətəndaşı Səid Nurinin Bakıdan çıxmasına bir həftə ərzində əngəl yaradılıb. IREX, Milli Demokratiya İnstitutu, Transparency International və Oxfam da daxil olmaqla, bir neçə Amerika və beynəlxalq QHT-nin ofislərində axtarışlar aparılıb və ya onların bank hesabları dondurulub, işçiləri sıxışdırılıb.
Azərbaycanın şərləmə kampaniyası ABŞ rəsmilərini də əhatə edir. Bu yaxınlarda Azərbaycanı tərk etmiş ABŞ səfiri Riçard Morninqstar prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev də daxil olmaqla, Azərbaycan hakimiyyəti nümayəndələrinin bir neçə şəxsi xarakterli hücumuna məruz qalıb. Bu ilin əvvəllərində Bakıda səfərdə olan Senat işçiləri Xədicə İsmayılova ilə görüşdükdən sonra bir prokuror tərəfindən “it” və “casus” adlandırılıblar.
Əliyevi tənqid edən və demokratiyanı təbliğ edən şəxs və təşkilatlara düşmən kimi baxılır. Mehdiyev müstəqil medianı xaricdən maliyyələşən “anti-Azərbaycan qüvvələri” adlandırır.
GEOSİYASƏT BƏHANƏ OLMAMALIDIR
Azərbaycanın neft və qaz sərvətləri illər boyu onu insan haqlarının vəziyyətinə görə tənqidlərdən qoruyub. Azərbaycan NATO-nun ötən ay keçirilmiş sammitində Əfqanıstanın yenidən qurulması layihələrinə investisiya yatırılmasında iştirakını təklif etməklə də ölkənin daxilindəki vəziyyətin tənqidindən yan keçiləcəyini düşünüb.
Azərbaycan hakimiyyəti tez-tez ölkənin mürəkkəb geosiyasi məkanda – Rusiya ilə İran arasında yerləşdiyini, Ermənistanla münaqişənin hələ həllini tapmadığını arqument göstərərək bütün bunların öz davranışını sığortalayacağını düşünür. Geosiyasət Azərbaycanı öz vətəndaşları və Qərb təşkilatları ilə cinayətkarlarla davranırmış kimi rəftar etməsinin tənqidindən qorumamalıdır.
ƏLİYEVLƏRƏ VƏ ÇEVRƏSİNƏ QARŞI SANKSİYALAR
2012-ci ildə qəbul edilmiş Maqnitski qanununu Azərbaycan hakimiyyətinin rəsmilərinə tətbiq etməyin vaxtı çatıb. Azərbaycanlı fəallar da hakimiyyətə qarşı belə tədbirlərin görülməsinə çağırmışdı. Yalnız Əliyevlər ailəsinin və onun yaxın çevrəsinin xaricdəki hesablarının dondurulması, onlara səfər qadağalarının qoyulması vəziyyəti dəyişə bilər.
Dövlət Departamenti də Azərbaycana səfər edən ABŞ vətəndaşlarına bu ölkədə üzləşə biləcəkləri izlənmə, hücum və mümkün həbs barədə xəbərdarlıq etməlidir.
Vladimir Putinin Ukraynaya qarşı Rusiya təcavüzünü davam etdirdiyi bir vaxtda bəziləri irad tuta bilərlər ki, geosiyasi səbəblərdən hazırda Birləşmiş Ştatların Azərbaycana sərtlik nümayiş etdirməsinin vaxtı deyil. Belə addımların atılması üçün vaxt həmişə namünasib olur. Lakin Azərbaycandakı vəziyyət məhz indi reaksiya göstərilməsini tələb edir. Artıq Azərbaycana münasibətdə “narahatlıq” və “qəbuledilməzdir” tipli bəyanatlar işə yaramır. Elə addımlar atılmalıdır ki, Əliyev rejimi insan haqlarını pozmağın ona baha başa gələcəyini anlasın.