Səadət Cahangir
Yer üzündə insan yaranmış hər kəsin etiraz hüququ var. Bunu Tanrının qoyduğu qanunlar da deyir, bəndənin yazdığı qanunlar da. Haqqınızı tapdayırlarsa, qazancınızı qapıb alırlarsa, yaşadığınız məmləkəti başınıza uçururlarsa, nə susub durursunuz? Gözlərinizi yaxşı-yaxşı açıb, çevrənizə diqqətlə baxın. Nələr baş verdiyini anlamağa çalışın. Sadəcə, bu qədər dəhşətli gerçəklərlə üz-üzə yaşayaraq susanların halına acıyıram. Təkcə acımıram doğrusu, qəzəbimdən bu köləliyə və vecsizliyə lənət oxumaq gəlir içimdən. Türk şairi Şükrü Erbaşın bu şeirində ifadə olunduğu kimi:
Canı cəhənnəmə rahat uyuyanın
Qapısını örtənin, pərdəsini çəkənin,
Ürəyi yalnız özüylə dolu olanın.
Divarları ancaq çarpınca görənin,
Canı cəhənnəmə başqasının yanğınıyla
evini isidib yeməyini bişirənin.
Heç olmasa, açın ölkənin konstitusiyasını, sizə verilən haqları oxuyun. Hər kəs ona verilən hüquqları bilsə, haqqını tələb etməyi bacarsa, ədalətsizliyə qarşı bağırmağa özündə güc tapsa, məmləkət bu hala gələrdimi? Gəlməzdi vallah. Dərəbəyliyə, özbaşınalığa, harınlığa cəsarət verən süstlüyümüz, susqunluğumuz, itaətkarlığımız deyilmi? Doğrudanmı, etiraz üçün heç bir səbəbimiz yoxdur? Yəni siz hər gün bu qiymətləri bahalaşan Azərbaycan dükan-bazarlarından alış-veriş etmirsinizmi, uşaqlarınızı kütləşdirib korlayan yerli məktəblərdə oxutmursunuzmu, insan həyatına böcək qədər dəyər verməyən xəstəxanalara getmirsinizmi? Bu ölkədə özünüzü nə qədər rahat və təhlükəsiz hiss edirsiniz, deyə bilərsiniz? “Zalım güclü olunca, məzlum suçlu olurmuş”, doğrudur. Amma o zalımlıq bu ölkədə necə güc alıb yeridi ki?.. Bəlkə səbəbin bir ucunu da özümüzdə axtaraq…
Fransız filosofu Etiyen de lə Böysi “Könüllü köləlik haqda mühakimə” əsərində bu bənzər durumla bağlı deyirdi: “Misirin ilk çarları xalq arasına çıxarkən başlarına çələng hördürür, bəzənsə məşəl quraşdırır, üzlərinə maska tuturdular. Bu görünüş təbəələri riqqətə gətirir, çara ilahi ehtiram doğururdu. Yəqin ki, həmin insanlar arasında düşüncəliləri də vardı və onlar çarın oyunbazlığını, xalqın rəzalətini kinayə ilə seyr edirdilər. Çox güman, xalqın özünü bunca rəzil duruma salmasını çar özü də kinayəli təbəssümlə qarşılayırdı, amma onun üzü maska ilə örtüldüyündən, kimsə bunu görə bilməzdi”.
Belə çıxır ki, biz də əsl gerçəkləri görə bilmirik. Ya da görməzdən gəlirik. Içimizdə bir xof, çəkingənlik, səksəkə var. Bəlkə də bir soyuq laqeydlik. Yaşayış şərtlərimiz hər gün ağırlaşır, qanunlar tapdanır, ölkə get-gedə real təhlükə məkanına çevrilir. Amma hər kəs sus-pus dayanıb durub. Danışan, etiraz edən, bağıran azlığın aqibəti də göz önündə. Həbsxanalar artıq xeyli zamandır intellektual kəsim üçün cəza mexanizmi olaraq fəaliyyət göstərməkdədir. Onlar burada bizim aramızda qalıb öz rahatlıqları, iş-gücləri, planları və ailə qayğıları haqda düşünə bilməzdilər? Axı insaf da yaxşı şeydir. O dəyərli insanların qətiyyəti, prinsipiallığı, cəsarəti və mərdliyi nədən nümunə yarada bilmir böyük çoxluğa? Heç olmasa, öz qanuni hüquqlarımız uğrunda onların yarısı qədər inad göstərməyi bacarsaydıq…
Dünyanın ali dəyərləri arasında söz haqqı ön yerlərdə gəlir. Indi ölkəmizin ana qanununa, konstitusiyaya baxaq və onun bizə verdiyi hüquq nə deyirsə, ona əsaslanaq. Qanun çərçivəsi bizə toplaşmaq, etiraz etmək, sözümüzü sərbəst demək haqqı verirmi? Bəli verir. O zaman problemləriniz, dərdləriniz, tapdanan haqlarınız üçün çıxıb səsinizi ucaltmağa nə mane olur? “Kimə lazımdır etiraz aksiyaları” deyən boşboğazların, ortaya atılan bambılı kuklaların çirkin planını pozmaq çoxluğun iradəsindən asılı deyilmi? Bu gün bizim rahatlığımız naminə zindanda yatanlar üçün o cəsarəti göstərməyə dəyməzmi?