Dövlət qurumlarında “agent problemi” nəyin təzahürüdür?

Sülhəddin Əkbər: «Azərbaycanda təhlükəsizlik siyasəti milli maraqlara söykənmir»

Bir müddət əvvəl Azərbaycan hakimiyyətində nurçuların kök atdığı və onların milli maraqlara zərbə vuran fəaliyyətlə məşğul olduğu üzə çıxdı.

Bu məsələ daha çox hakimiyyətin nəzarətində olan mediada işıqlandırıldı. Iqtidarın nəzarətində olan KIV-lərdə açıq-aydın yazılırdı ki, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin rəhbəri Elşad Isgəndərov, hökumətyönlü “Irəli” gənclər təşkilatı və bir neçə deputat Azərbaycanda nurçuların lideri Fətullah Gülənin maraqları çərçivəsindən fəaliyyət göstərir. Bu yazılardan sonra, Elnur Aslanov və Elşad Isgəndərovun vəzifəsi dəyişdirildi, Fərhad Məmmədov işdən azad edildi, 

“Irəli” gənclər təşkilatını rəhbərliyi əvəzləndi və s.

Lakin “nurçu qalmaqalı” səngimədi. Nurçularla əlaqəli olan məmurların sırasına Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də əlavə edildi. Və hələ də hakimiyyətin nəzarətində olan media bu məsələni gündəmdə saxlayır.

“Nurçu qalmaqalı” bitməmiş daha bir ilginc məsələ ortaya çıxıb. Sən demə, ən strateji qurumlardan olan Müdafiə Sənayesi Nazirliyinin baş müşaviri Ağamir Ağamirov Iran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirmiş. Bu şəxs artıq həbs edilib, barəsində məhkəmə hökmü də çıxarılıb. Lakin bu günlərə qədər Ağamir Ağamirovun məmur olduğu gizlədilib. Indi onun həbs olunana qədər nazirlikdə baş müşavir vəzifəsində çalışdığı yazılır. Yenə də, məsələni hakimiyyətin nəzarətində olan KIV-lər gündəmə gətirib.

Bütün bunlar göstərir ki, Azərbaycanda milli təhlükəsizlik sistemi bərbad vəziyyətdədir. Əgər Iranın agenti, hansısa şübhəli təriqətin üzvləri yüksək vəzifələrə qədər gəlib çıxa bilirlərsə, deməli, ölkənin təhlükəsizliyinin yüksək səviyyədə qorunması barədə danışmaq sadəcə gülməlidir.

Ekspert Sülhəddin Əkbər “Azadlıq”a bildirib ki, bütün bunların kökündə milli təhlükəsizlik siyasətinin milli maraqlar üzərində qurulmaması dayanır: “Azərbaycanda milli maraqlar müəyyən edilməyib. Azərbaycanda təhlükəsizlik siyasəti milli maraqlara söykənmir. Məhz bu baxımdan belə problemlər yaranır. Milli maraqlar müəyyənləşməsə, dövlət və təhlükəsizlik siyasəti milli maraqlar üzərində qurulmasa bunun qarşısını almaq çətin olacaq. Azərbaycanda milli maraqlar deyəndə yalnız ölkəmizin suverenliyi, ərazi bütövlüyü nəzərdə tutulur. Lakin milli maraqlar təkcə bununla məhdudlaşmır. Milli maraqlar həm də demokratik cəmiyyətin qurulması, şəffaflıq, vəzifə təyinatlarının rüşvət və ya qohumbazlıq prinsipi əsasında aparılmaması, yerli və xarici investisiyalara ciddi nəzarətdir. Lakin bu gün bunlar yoxdur, ona görə də xarici xüsusi xidmət orqanları asan şəkildə dövlət qurumlarında kök sala bilir”.

Azad