«Triada» üzvləri Honq Konq etirazçılarına hücum etdi
Çinin muxtar bölgəsi Honq Konqda Pekin hökumətinə qarşı nümayişlər davam edir. Etiraz aksiyalarının altıncı günündə Çin hökumətinin tərəfdarlarından ibarət qrup nümayişçilərə hücum edib. Honq Konqun Mon Kok bölgəsində yüz nəfərlik qruplar fəalların qurduğu barrikadaları və çadırları dağıtmağa çalışıb. Nəticədə qruplar arasında ciddi qarşıdurma yaşanıb. Yaranan qarşıdurmada 37 nəfərin yaralandığı bildirilib.
Etirazçıların sözlərinə görə, onlara hücum edənlərin əksəriyyəti Mon Kok bölgəsində mütəşəkkil cinayətkarlıqla məşğul olan « Triada » mafiya şəbəkəsinin üzvləridir. Mafiya üzvlərinin hücumlarından sonra Honq Konq Tələbə Federasiyası Pekin hökumətinin təklif etdiyi görüşü təxirə salıb. Nümayişçilər mərkəzi hakimiyyəti xəbərdarlıq edərək dinc etirazçıların təhlükəsizliyini qorumağa çağırıb.
azadliq.info