Orxan Valehli
Bu yazını yazmaqda məqsədim, heç də Şəxsiyyətə pərəstiş edənləri qınamaq deyil. Məqsədim, nə zamansa doğru bildiyimiz yoldan dönərikmi, dönmərikmi öyrənməkdir. Müxalifətə müxtəlif yollardan gəlmək olar.Bu yollardan mənə bu yazıda lazım olacaq ikisinin adın çəkib, izahatın verəcəm. Birinci yol, çətin həyat tərzi ilə bağlıdır. Yəni bir çoxları kimi, sən də rahat yaşaya bilmirsən. İstədiyin azadlıq təmin olunmur.Və sən düşünürsən ki, normal bir vətəndaş kimi etiraz etməlisən! Və ilk etirazını edirsən.Dərhal sonra, sənə dəstək olanları tanıyırsan. Siyasətçi olmaq ağlına gəlmədiyi halda, birdə baxıb görürsən ki, düz siyasətin ortasındasan. Bu cür siyasətə gələnlər xoşbəxt insanlardır.Və bu cür siyasətçilərin, sınma şansı da az olur.Yəni ki, onlar nə istədiklərini, nəyə görə bu yolda olduqlarını yaxşı bilirlər. Onlar əvvəldən anlaya bilirlər ki, bu yolda döyülmək də əzilmək də, şərlənmək də var.Bu hadisələr başlarına gəldiyi zaman, Seymur Həzi kimi, İntiqam Əliyev kimi sadəcə gülümsəyib,”Hər şey yaxşı olacaq”deyirlər.İkinciyə başlamamışdan öncə qısaca deyim ki, lap uşaqlıqdan, Əbülfəz Elçibəy vurğunu olmuşam. Amma and olsun Allaha ki, mənim müxalifətdə olmağıma səbəb bu olmayıb.Bu olsaydı, mən 2011-ci ildən deyil, lap əvvəldən müxalifətdə olardım. Gecikdiyimə təəssüf edirəm. Digər tərəfdən də sevinirəm ki, harada, nəyə görə olduğumu yaxşı bilirəm.Və bu da dəyişməz olaraq qalacaq. İndi keçək bu yazını yazmağa səbəb olan, müxalifətə gəlişin ikinci yoluna. Burada sənin heç bir problemin olmaya da bilər.Özünün şəxsi biznesin, ya da valideyinlərinin şəxsi biznesi ola bilər . Yəni ki, dövlət işində işləməmək şərti ilə, maddi vəziyyətin yaxşı ola bilər.Ölkədə yaşanan heç bir ədalətsizlik, sənin üçün problemə çevrilməz.Nədə olsa, bu hakimiyyət pulu olanlar üçün “mələkdir”. İstənilən məsələni rüşvət verib həll edə bilərsən. Və nəhayət : Sən hansısa bir siyasətçinin çıxışın izləyirsən, ya hansısa bir dostunun bu yolda hörmət izzət sahibi olduğun görüb,”Mən də onun kimi olacam”deyirsən. Bu heç də pis bir fikir deyil.Hər zaman yaxşıya bənzəmək lazımdır.Amma bənzəmək xatirinə seçim etmək də düzgün deyil. Sənin müxalifətçi olmağının təməli sadaladıqlarımın üzərində qurulubsa, sən ən zəif sirkələnmədə yıxılacaqsan.Başqa cür də ola bilməz . Çünkü sənin, mübarizə yolu sayılan müxalifətdə təməlin düzgün qoyulmayıb. Misal: İnsanıq, hər birimiz səhv edə, sına bilərik.Səhv etməmək, sınmamaq Allaha məxsusdur.Və bir gün gəldi, sənin bu yola gəlmə səbəbin olan “O”insan sındı.Gözləmədiyin, başına and içdiyin, hər kəsə nümunə olan biri, birdən-birə 180 dərəcə dəyişdi. O zaman sən nə edəcəksən? O sındı, o çəkildi məndə çəkilim deyəcəksən? Yoxsa, “Siz Allah bağışlayın, ağ atlı oğlan təsəvvürüm yanlış çıxdı” söyləyəcəksən?
Burada sual yarana bilər ki, bəlkə heç o insan geri çəkilməyəcək. Doğrudur, çəkilməyə də bilər.Amma nə fayda? Artıq o siyasətçinin, nə özünə, nədə ki, xalqa zərrə qədər xeyri olmayacaq. Onun bu düşərgədə qalması, xətir xəstəliyindən başqa bir şey olmayacaq. Əsl siyasətçi, əsl müxalifətçi, haqsızlığa dözməyib, xeyirlə şərin davasına qarışandır.Bu yolda sənin sınmaq şansın, demək olar ki, sıfıra bərabərdir. Sən ölümü belə gözə alıb qoşulursan bu davaya.