Təhsilin inkişafı strategiyasına yuxarılar mane olur

Nabatəli Qulamoğlu: «Mikayıl Cabbarov arzularını gerçəklik kimi təqdim edir»

«Zəif oxuyanların sayı ildən-ilə artır»

Yeni dərs ili köhnələrdən fərqlənmədi, baxmayaraq ki, yeni nazir bir sıra vədlər vermişdi. Məktəblərdə ənənəvi “fond pulu”, “müəllim günü” adıyla valideynlərdən pul yığılması davam edir. Yeni dərs ilində orta məktəblərdə keçirilən valideyn iclasları da “pulyığma” kampaniyasına həsr olunub. Bu isə o deməkdir ki, təzə nazirin vədləri elə söz olaraq qalıb. Yeni dərs ilində “köhnə” suallarımıza təhsil eksperti Nabatəli Qulamoğlu ilə cavab tapmağa çalışdıq.

 – Sizcə, yeni dərs ili əvvəlkilərdən fərqlənirmi? 

– Azərbaycan təhsilində yeniliklərin olduğunu danmaq mümkün deyil və hesab edirəm ki, bu, müsbət tendensiyadır. Amma bunları heç də islahat adlandırmaq olmaz, çünki təkcə Təhsil Nazirliyinin strukturunda dəyişikliklər etmək kifayət deyil. Eyni zamanda paralel olaraq ümumtəhsil məktəblərinin sektorlararası inteqrasiyasını təmin etmək üçün mexanizmlər işlənib hazırlanmalıdır. Bu, “Təhsil haqqında” Qanunda əksini tapsa da, real həyatda yox dərəcəsindədir. Indiyə kimi hələ də bələdiyyə mülkiyyətində olan bir məktəb belə yoxdur. Digər tərəfdən, müəllimin əmək haqqı problem olaraq qalır.

– Axı yeni-yeni özəl lisey-məktəblər yaranır, bunları nəzərə almırsınız?

– Həmin məktəblərin yaranması müsbət hal olsa da, onlar hamısı ya hakimiyyət rəsmilərinə, ya da onlara yaxın adamlara məxsusdur. Belə məktəblər arasında ciddi rəqabətin ola biləcəyinə şübhəm var. Başqa məsələdir ki, dövlət yaradıcılıq qabiliyyəti olan hər bir şəxsə məktəb açmaq üçün imkan yaratsın. 

– Siz ilk növbədə hansı yenilikləri önə çəkərdiniz?

– 14 məktəbin idarə olunmasının rəqabət yolu ilə seçilmiş gənclərə etibar edilməsi və qəbul prosesində neqativ halların qismən aradan qaldırılmasını günün ən pozitiv hallarından sayıram.

– Necə hesab edirsiniz, xeyli təcrübə əldə etmiş direktorları nisbətən az təcrübəsi olan gənclərlə əvəz etmək  nə dərəcədə düzgündür?

– Təəssüf ki, bir çox məktəb direktoru korrupsiyalaşıb. Onların çoxunun hakim dairədə dayaqları var. Təhsil Nazirliyi məhz bu neqativ tendensiyanı dayandırmaq məqsədi güdür. 

– Biləcəkmi?

– Burada bir neçə faktor rol oynayır. Mən, düzü, bu xeyirxah niyyətin perspektivinə pessimist yanaşıram. Lakin belə çıxmasın ki, ölkəmizdə məktəbləri idarə edə biləcək kadrlar yoxdur. Sosial şəbəkədə yüzlərlə müəllim tanıyıram ki, onlar həm öz peşəsinin ustası, həm də yüksək mənəvi keyfiyyətlərə sahibdir. Güman edirəm ki, zamanı gəldikcə belə müəllimlər irəli çəkiləcək. Bununla belə, digər faktorlar mövcuddur. Sirr deyil ki, seçki məntəqələrinin doxsan faizi məktəblərdə yerləşir. Saxta seçkilər təlim-tərbiyə prosesinə ciddi ziyan vurur. Məhz həmin direktorlar məktəblərdə saxta seçkinin təşkilatçısı olduqları üçün vəzifələrindən sui-istifadə edirlər. Əgər yeni təyin edilmiş direktorlar da bu cinayətə şərik edilsə, xeyirxah məramın faciəvi sonluğu bəri başdan məlumdur. Əlbəttə, seçkini institut kimi ləğv etmək olmaz (rəhmətlik Xanış Şahiyev bunu bir dəfə təklif etmişdi), amma seçki məntəqələrini məktəblərdən kənar yerdə təşkil etmək olar. Bu halda ümid etməyə dəyər. 

– Yeri gəlmişkən, nazir M.Cabbarov rus bloggeri V.Sapunova və “AzərTAc”a müsahibələrində çox ürəkli danışıb. 

– Cabbarovun çabalarını, xeyirxah niyyətlərini alqışlayıram. Bununla belə, adını çəkdiyiniz müsahibələrdəki fikirləri, əsasən, bölüşmürəm.

– Nazir faktlar gətirir, Siz bu statistikanı saxta hesab edirsiniz?

– Xeyr, statistika TQDK və OECD-nin saytından düzgün iqtibas edilmişdir. Sadəcə, müqayisələrin aparılması nöqsanlıdır. Nazirin gətirdiyi arqumentlərə əsaslansaq, iki il (1912-1914) ərzində ana dili və riyaziyyatdan müvəffəq qiymət alanların sayı 50%-dən 74%-ə qədər yüksəlmişdir. Əvvəla, bu, dünyada təhsilin inkişaf fəlsəfəsinə ziddir. Digər tərəfdən, Mikayıl müəllim TQDK-nın keçirdiyi buraxılış imtahanlarını nəzərdə tutur ki, bu imtahanlarda qiymətləndirmə kriteriyaları beynəlxalq normalardan qat-qat aşağıdır. Hələ məsələnin siyasi aspektini bir tərəfə qoyuram. Belə ki, bir neçə il qabaq buraxılış imtahanından keçməyənlərin valideynləri Təhsil Nazirliyi qarşısında hansı radikal addımlar atdılar və növbəti ildə hakimiyyət sosial narazılıqdan çəkinib attestatların verilməsini asanlaşdırdı. Deməyim odur ki, buraxılış imtahanlarının aparılması sadəcə, görüntü idi. 

– Axı Mikayıl müəllim bizim təhsilin inkişafını isbatlayan digər cədvəli nümunə gətirir. Yəni OECD-nin məlumatları da mötəbər deyil?

– Başa düşdüm. Bu, nazirin istinad etdiyi ikinci cədvəldir. Həmin cədvəldə bir sıra aparıcı ölkələrin(Almaniya, Finlandiya, Estoniya) orta məktəbi bitirə bilməyən şagirdlərinin statistikası göstərilib. Sizcə, Finlandiyada məzun qarşısında qoyulan tələblərlə Azərbaycandakı eynidir? Finlandiyada yalnız intellektə attestat verirlər. Ona görə də bu sərt proqramı yerinə yetirə bilməyənlər olmalıdır. 

– Bəs bu optimizm haradandır?

– Məncə, bu sual öz ünvanına çatdırılmalıdır. Mənə elə gəlir ki, Mikayıl müəllim arzularını gerçəklik kimi təqdim edir. Bu, bir tərəfdən, yaxşıdır, deməli, onda inam var, təəssüf ki, məndə belə inam yoxdur.

– Daha bir məqama aydınlıq gətirməyinizi istərdim. Məhz həmin müsahibədə bizim məzunların Yel, Oksford və digər nüfuzlu ali məktəblərə qəbul edildiyi qeyd olunur.

– Haçansa dediyim fikri təkrar etməyə məcburam. Azərbaycan təhsilinin iki inkişaf tendensiyası var. Şərti olaraq onları eninə və dərininə adlandırmaq olar. Eninə inkişaf məyusedicidir, yəni ildən-ilə zəif oxuyanların sayı artır. Bu həm də ictimai mühitin təsiridir. Təhsilin dərininə inkişafı isə o deməkdir ki, ildən-ilə yaxşı oxuyanlar keyfiyyətcə daha kamilləşirlər. Bu hal sevindiricidir. Dünyanın nüfuzlu ali məktəblərinə qəbul olanlar da məhz həmin kiçik dairədən olan məzunlardır. Hər il Azərbaycanda yüz mindən çox şagird orta təhsilini başa vurur. Bu boyda ordudan, təbii ki, qaymaqlar olub, var və olacaq.

– Nazir də daxil olmaqla təhsil rəsmiləri həmişə Təhsilin inkişafı üzrə Dövlət strategiyasına istinad edirlər…

– Insafən, strategiya yaxşı sənəddir. Məhz orada qeyd olunmuşdu ki, onu həyata keçirmək üçün fəaliyyət planını 2014-cü ilin mart ayında Nazirlər Kabineti təsdiqləməlidir. Təhsil Nazirliyi bu sənədi Nazirlər Kabinetinə təqdim etsə də, öz təsdiqini hələ tapmayıb. Bu da o deməkdir ki, yuxarı dairələrdə Strategiyanın həyata keçməsinə mane olanlar var.

Ramin DEKO