Rəsul Cəfərov beynəlxalq mükafata namizəd oldu

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov beynəlxalq “Human Rights Tulip” mükafatına namizəd göstərilib. “Turan”ın məlumatına görə, təşkilatın məlumatında bu haqda deyilir ki, Rəsul Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasını təşkil edib, gəncləri ədalətin müdafiəsinə çağırıb.

2007-ci ildə Niderland Xarici İşlər Nazirliyinin təsis etdiyi mükafat hər il insan haqları uğrunda mübarizə aparan hüquq müdafiəçilərinə və ya təşkilatlara verilir. Mükafata müxtəlif ölkələrdən daha 29 nəfər iddia edir. Qalib bir neçə mərhələdə müəyyənləşir. Birinci mərhələdə internet istifadəçiləri bəyəndikləri namizədə səs verirlər. Sonra müstəqil münsiflər heyəti öz seçimini edir. Yekun qərarı Niderland Xarici İşlər Nazirliyi qəbul edir.

Mükafatın təqdimat mərasimi dekabrın 9-u Haaqada olacaq.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Ona qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rəsul Cəfərov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.