Paytaxtda sənədsiz torpaq sahələri satılır

Müzəffər Baxışov: «Bu, Azərbaycanda özbaşınalığın bariz nümunəsidir»

Ölkədə vüsət alan söküntü işlərinin fonunda son zamanlar paytaxtda müxtəlif qiymətə torpaq sahələrinin satılması barədə elanlara rast gəlinir. Həmin torpaq sahələrini satan şəxslərlə əlaqə saxlayanda isə sənədlərin yerində olmadığı, yaxud da həmin ərazilərin satan şəxslərə dəxli olmadığı üzə çıxır. Maraqlıdır, bu tendensiya artan xətlə inkişaf etsə də, onun qarşısını alan, onlara “dur” deyən tapılmır. Torpaq sahələrinin satışıyla məşğul olan bu şəxslərə qarşı görəsən, hansı addımlar atılmalıdır? 

Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, bu istiqamətdə külli sayda problemlər mövcuddur. Ölkə vətəndaşları torpağa ehtiyacı olduğu üçün, ümumiyyətlə, almaq istədikləri torpaq sahəsinin sənədləriylə maraqlanmırlar: “Sonradan problem yarananda isə insanlar hüquq mühafizə orqanlarına müraciət etməyə başlayır və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq istəyirlər. Bu problem Azərbaycanda kütləvi şəkildə yayılmış haldır. Belə halların mövcud olması insanların hüquq və azadlıqlarının, onların əmlak hüquqlarının pozulmasına gətirib çıxarır. Bəzən bələdiyyələr, icra hakimiyyətinin nümayəndələri də belə qanunsuz hərəkətlərə yol verir. Bu, Azərbaycanda özbaşınalığın bariz nümunəsidir. Əslində, belə cinayət törədən şəxslərə qarşı mübarizə aparıb onları cinayət məsuliyyətinə cəlb etmək lazımdır”.

Nigar