Əli Kərimli xalqı təbrik etdi

AXCP sədri Əli Kərimli Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər, dəyərli dindaşlar!
Sizi mübarək Qurban bayramı münasibətilə təbrik edir, bu əziz günlərdə Allah adına kəsilən qurbanların, edilən ibadət və duaların qəbul olunmasını diləyirəm!
Rəbbimizin bizlərə bəxş etdiyi saysız gözəlliklər içərisində bayramların ayrı yeri var. Dinimiz mənəvi zənginlikləri ilə önə çıxmış, ədaləti və qardaşlığı hədəf almış bir dindir. Müqəddəs dinimizin bizə bəxş etdiyi bayramlar da maddi zənginliyi mənəvi zənginliklə birləşdirib, insanlar arasında ədalətli paylaşımın hikmətini öyrədir bizlərə. Xalqımız böyük əksəriyyət etibarilə İslam ümməti olaraq bu möhtəşəm bayramın təntənəsini yaşayır.
Dinimiz insanlara hər işi Allahın razılığını qazanmaq üçün görməyin fəlsəfəsini öyrədir. Həyatını Allahın razılığını qazanmaq üçün quran insan özgəsinə qul olmaqdan çəkinər, azad yaşamağın Rəbbimizin də sevdiyi ən ali məqsəd olduğunu dərk edər. Inanıram ki, Azərbaycan xalqı ən ülvi məqsəd olan azad yaşamağa bütün demokratik ölkələrin vətəndaşları qədər layiq bir xalqdır.
Bu əziz bayram günlərində Azərbaycan xalqına azad yaşamaq haqqına sahib olmağı arzulayıram. Uca Yaradandan Vətənimizin və torpaqlarımızın azadlığı üçün etdiyimiz duaların qəbul olunmasını diləyirəm!
Qurban bayramınız mübarək olsun!
Amin!