Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəsində pozuntu halları iki qurumu üz-üzə qoyub
Mətbuatdan bəlli olduğu kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov arasında ziddiyyətlərə dair fakt üzə çıxıb.
Belə ki, Hesablama Palatasının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə nəzarət tədbirləri həyata keçirərkən yerli icra hakimiyyəti orqanları və adıçəkilən komitələr arasında mütəmadi məlumat mübadiləsinin aparılmadığı bəlli olub. Bildirilib ki, aidiyyəti torpaqların kateqoriyalar üzrə mövcudluğu, istifadəyə və icarəyə verilmiş sahələri haqqında rayonlar üzrə tərtib olunan Torpaq balansı hesabatlarında məlumatlar dürüst və tam əks olunmur.
Nəticədə həmin torpaqlar üzrə tam əhatəli uçotun aparılması, eyni zamanda onların istifadə üçün ayrılması və üzərində tikinti işlərinin aparılmasına dair icazələrin verilməsinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsində qeyri-müəyyənlik halları yaranır. Məlumatda daha sonra deyilir ki, müvafiq prosedurlar çoxlu sayda ilkin sənədlərin toplanması və təqdim edilməsini tələb etdiyindən və təqdim edilmədiyi təqdirdə hər hansı bir inzibati tədbirin görülməsi nəzərdə tutulmadığı üçün torpaq icarəçiləri, o cümlədən dövlət mülkiyyətində olan torpaqların icarəçiləri əksər hallarda bu normaya əməl etmir. Nəticədə torpaqların icarəyə verilməsi barədə rayon (şəhər) icra hakimiyyəti orqanları, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatları arasında fərq müşahidə olunur. Bu da bir sıra torpaq icarəsi müqavilələrinin uçotda əks olunmamasına, müvafiq müqavilələr üzrə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqının dövlət büdcəsinə tam daxil olmaması hallarına gətirib çıxarır.
Haqqında faktlar təqdim olunan qurumların hər ikisinin mövqeyini öyrənmək məqsədiylə onlarla əlaqə saxladıq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mətbuat xidmətindən bildirildi ki, həmin məsələdən xəbərdardılar. Mətbuat xidmətindən bildirildi ki, sözügedən təklifi Nazirlər Kabinetinə Hesablama Palatası verib: “Ona görə də təklifin tərkib hissələri haqqında elə Hesablama Palatasına müraciət olunsa yaxşı olar. Təklif Hesablama Palatasına aid olduğu üçün bu məsələ onlardan soruşulmalıdır”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə zənglərimizə cavab ala bilmədik. Bununla bağlı qurumun mövqeyini dərc etməyə hazırıq.
Nigar