Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən hörmətli iqtisadçımız Natiq Cəfərlinin sosial şəbəkədə bu günlərdə Honq-Konqda baş verən hadisələr üzərindən qənaətlərini oxudum. Natiq bəy yazır: “Honq-Konq uzun zaman Britaniya nəzarətində olub, 1997-ci ildə 100 il öncə bağlanmış müqaviləyə əsasən Çinin tərkibinə keçdi, amma ”bir dövlət – iki fərqli sistem” modelini saxladılar. Honq-Konq dünyanın 4-cü iri maliyyə mərkəzidir, bu bölgədə orta aylıq əmək haqqı Çindən 15 dəfə yüksəkdir, insanların rifahı, təhsilin, səhiyyənin vəziyyəti ana ölkədən – Çindən dəfələrlə yüksək səviyyədədir. Belə fərqin müxtəlif səbəbləri var: Honq-Konqda qanunun aliliyi prinsipi var, anqlo-sakson məhkəmə, təhsil, səhiyyə sistemidir, mülkiyyət toxunulmazdır, söz, mətbuat azadlığı var, dünya biznes divlərinin işləməsi üçün normal, işlək vergi və gömrük recimi fəaliyyət göstərir.
Bütün bunlar ana dövlətdə – Çində ya yoxdur, ya da çox aşağı səviyyədədir. Məhz buna görə də, eyni millət, eyni din, eyni keçmişi olan çinlililər ana dövlətdə – Çində, başqa sistem olan Honq-Konqa nisbətən qat-qat pis yaşayırlar. Yəni mentalitet, qan, din, keçmiş, davranış qaydaları – bütün bunlar genlərlə izah edilə bilməz, bu boş söhbətdir, yeganə normal və rasional izah – siyasi sistem və oyun qaydalarının insanları formalaşdırmasıdır, onların davranışlarında həlledici rol oynamasıdır. Iki fərqli Koreya modeli də, Çin və Honq-Konq modelləri də bunu artıq sübut edib. Ona görə də, mentalitet söhbəti ciddi deyil, əsas siyasi sistem və sistemin oyun qaydalarıdır. Xalqı, toplumu, cəmiyyəti bu amillər formalaşdırır…”
Bizdə bir xeyli adam bunun əksini düşünür, onlar hesab edirlər ki, bütün bəlaların kökü mental sistemimizdən, şərqliliyimizdən irəli gəlir, öncə bunlardan azad olub sonra demokratik, mədəni, modern, gəlişmiş dünya ölkəsi ola bilərik.
Bəs kim haqlıdır: bəlalarımızın baiskarını mental sistemdə, yoxsa siyasi sistemdə axtaranlar?
Çinlə Honq-Konq arasında müqayisənin reallığı nə qədər əks etdirdiyini dəqiq deyə bilməyəcəm. Amma Natiq bəyin ümumiləşmiş qənaətini tamamilə bölüşürəm. Hətta folklorumuzda da bu qənaəti haqlı çıxaran kifayət qədər deyimlər var, məsələn, “durna başçısına görə düzlənər”, “balıq başından iylənər” və s.
Bəs niyə tərəqqinin də, tənəzzülün də bir nömrəli səbəbi siyasi sistemdir? Sadə səbəbdən: hətta mentalitet, din bir ölkənin və toplumun yüksəlişinin önündə maneyə çevrilirsə belə, bunu aradan qaldıracaq güc və imkanlar hakimiyyətin əlindədir. Söhbət heç də inzibati tədbirlər görməkdən getmir. Buna heç gərək də yoxdur, bununla köklü və qalıcı dəyişikliklərə nail olmaq da mümkünsüzdür. Sadəcə, Sistem istəsə təhsilin önünü aça bilər. Cəmiyyətin savad səviyyəsini artıra bilər. Yetər ki, Sistem fikirlərə yasaq gətirməsin, düşünmək özgür olsun, insanlar yaltaqlıq qabiliyyətlərinə, itaətkarlıqlarına görə yox, bilik və bacarıqlarına görə qiymətləndirilsin, elm xor görülməsin, hüquq işləsin, kimsə özünü qanunların üstündə görməsin ki, insanlar yerdən ümidini üzüb ədaləti, rifahı göydə axtarmaq məcburiyyətində qalmasın, – bax bütün bunlardan sonra görək mentalitetin, xürafatın meydanı yenə bu qədər geniş, əli yenə bu qədər uzun olur, ya yox?!
Bəli, mental dəyərlər ziyanverici rolunda çıxış edir. Amma bu ziyanvericini zərərsizləşdirmək üçün bütün imkanlar kimin əlindədir? Siyasi sistemin. Telekanalları götürək. Onlar birmənalı Sistemin nəzarəti altındadır, onun diqtəsi, direktivləri ilə fəaliyyət göstərirlər. Mənzərə göz önündədir: ekran-efirdən zövqsüzlük, bayağılıq, şitlik, savadsızlıq saçılır. Hansı telekanalı açsan, cinçıxaranlar, ələmuçuranlar, falçılar, tamadalar, təlxəklər, başının içində beyin yerinə peyin gəzdirənlər meydan sulayırlar. Heç birində bircə dənə olsun, maarifləndirici veriliş göstərmək mümkün deyil. Bir sözlə, səviyyə yerlərdə sürünür.
Halbuki əksinə də ola bilərdi. Telekanallardan toplumun dünyagörüşünün gəlişməsi, onun bəşəri dəyərlərə köklənməsi, təhsilə, elmə, kitaba, mədəniyyətə həvəsləndirilməsi üçün istifadə edilə bilərdi. Edilmədi. Çünki Sistemə sərf etmir. O yalnız cəhalət, kütləvi savadsızlıq, total zövqsüzlük və dəyərsizlik şəraitində özünə qarşı hər hansı təhlükə görmür.
Elə isə “kimdir günahkar” sualına cavab tapmaq doğrudanmı, çox çətindir?!