Azərbaycan – qanunların qadağan ölkəsi

Xaliq Bahadır xanbahadir@mail.ru

Iki şefinin ardınca PA sözçüsü Ə.Həsənov da rejimin yalan dəyirmanına gurultuyla SU tökür: “Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir”. Rejim yetkililəri te-tez yalana əl ataraq müxalifəti “erməni dəyirmanına su tökməkdə” suçlayırlar. Özləri gerçəkdən rejimin yalan dəyirmanına durmadan su tökməklə hakimiyətlərini qoruyub saxlamağa çalışırlar. Uzağa getmək gərək deyil, buradakı alıntıda Ə.Həsənovun dediyinin hamısı yalandır: Azərbaycanda fundamental demokratik dəyərlər bir yana, bu dəyərlərin ən elementarı da çoxdan yox edilib; gerçək yurddaş toplumuna (bunların dililə “vətəndaş cəmiyəti”) yeri çoxdan göstərilib – türmə; “bütün azadlıqların qorunduğuna gəlincə, bunu ölüncə döydürülən, sonra ”cinayətkar” statusu qazandırılan Ilqar Nəsibov faktı bütün çılpaqlığı ilə göstərməkdədir. 

Bu gün rejim ölkədə satın alıb əlaltısına çevirə bilmədiyi gerçək yurddaş toplumunu bütünlüklə yox etməyə girişib. Ortada açıq savaş faktı var. Kimlərsə tutulub, kimlərsə hesabları bağlanmaqla yarımtutuqlu durumuna gətirilib. Gerçək yurddaş toplumu adamlarının hamısı rejim üçün Azərbaycanın düşmənləri kateqoriyasına salınıb. Avropa Parlamentinin bugünlərdə ortaya çıxan bəlli qərarı ilə bağlı bizdəki qondarma parlamentin başçısı görün nə deyir: “Avropa Parlamenti Azərbaycana hücuma keçib. Azərbaycanda qrantlar verirlər və onların qarşısında tələblər qoyurlar…” Avropa Parlamenti qrant verir, “tələb” qoyur, burada anormal nə var? O “tələblər”, bəlli olduğu kimi, bir çox Avropa qurumlarına qatılırkən üzərinə öhdəliklər götürən indiki rejimin də qarşısında qoyulub: demokratiya, insan hüquqları, söz-media özgürlüyü. Rejim özünün korrupsioner-kriminal xarakterinə uyğun olaraq illərdir öhdəliklərini çeşidli mahnalarla yerinə yetirməkdən boyun qaçırır. Avropa qurumları başqa bir yandan hökumətdən ayrı qurumlara qrantlar verib yurddaş toplumunu genişləndirib-gücləndirməklə hökumətin bəlli öhdəlik yükünü yüngülləşdirməyə çalışır. Burada pis nə var? Pis… hakimiyətin korrupsioner-kriminal xarakter daşımasıdır!

Sözügedən öhdəliklərin yerinə yetirilməsi hakimiyyətin xarakterilə uyuşmur. Yuxarıdan aşağıya milyardların, milyonların oğurlanıb mənimsəndiyi ölkədə bunların yalandan dedikləri “fundamental demokratik dəyərlər” bir yana, bir daha demək gərəkir: elementar dəyərlərə də yer ola bilməz. Demokratiyanın başlıca dəyərlərindən biri QANUNUN ÜSTÜNLÜYÜdür. Başda duranlar bir yana, Prtezident Administrasiyasındakı karyerasından, başqa cür desək, DÖVLƏT QULLUĞUNDAN yararlanmaqla özünə biznes imperiyası quran, bu imperiya ilə öyündüyünü açıqca dilə gətirən Əli Həsənovun demokratiyanı görən gözü ola bilərmi? Axı, bu demokratiya DÖVLƏT QULLUQÇUSU olaraq ona (eləcə də bir çox başqalarına) dövlət qulluğunda əldə etdikləri milyonlara, milyardlara görə danılmaz kriminal statusu qazandırır. Indiki rejim adamlarının ucdantutma yiyələndikləri belə bir PARLAQ statusla “fundamental demokratik dəyərlər”, “inkişaf edən vətəndaş cəmiyyəti”, “bütün azadlıqların qorunması” ölkədəki korrupsioner-kriminal rejim dəyirmanına tökülən sudan-yalandan özgə nəsə deyil, ola bilməz.

Azərbaycandakı yurddaş toplumunun başlıca tanınmışlarından olan Leyla Yunus türmədə belə incidilir, Intiqam Əliyevi hüquq yardımından etmək üçün dörd vəkili birdən PERSONA NON QRATA durumuna gətirilir. Hüququn üstünlüyü prinsipi beləcə ayaqlar altına atılır, bütün demokratik dünyada ucalıq, toxunulmazlıq simvolu olaraq tanınan çox sevimli, çox dəyərli Femida xanım indiki rejimin alınıb-satılan məhkəmə-hüquq sistemində küçə fahişəsinə çevrilir! Belə bir düşük, yaramaz ortamda hansı fundamental demokratik dəyərdən danışmaq olar?!