Biz Kürdəxanıya, rejim isə uzaq keçmişə gedir…
Xaqani Əliyev xaqaniquzeyli@gmail.com
Quba-Kupçal yolunun açılışı zamanı 80 yaşlı ağsaqqal Həmid Rizvanovun halı qəfildən pisləşərək vəfat etməsi xəbərini əksər media orqanları kədərli bir kuryoz kimi təqdim etdilər.
Rəhmətlk yolun açılışında etdiyi minnətdarlıq nitqindən cəmi bir neçə dəqiqə sonra qəflətən ölüb.
Mən bunu ancaq ağsaqqalın keçirdiyi emosional hisslərə bağlayıram. Loru dildə desək, 80 yaşlı Həmid Rizvanovun ürəyi sevincdən partlayıb. Bütün ömrü boyu doğma kənddən rayon mərkəzinə əzab-əziyyətlə gedib-gələn insana şüşə kimi asfalt yol yüksək dozada adrenalin kimi gəlib. Bəlkə də mərhum yolun açılışına qatılmasaydı, hələ də yaşayırdı.
Işin ən ilginc tərəfi ondadır ki, ağsaqqalın ölümü belə insanların bayram ovqatını korlaya bilməyib, “cənazə ilə bərabər” kəndə “Vağzalı” sədaları altında toy karvanı da daxil olub.
Yuxarıda qeyd etdiyim kimi, rejim bizi Kürdəxanıya aparmaqla bərabər, özü də keçmişə gedir. Azərbaycanda bu gün baş verən hadisələrin analoqları 500, 1000, bəzən eradan əvvələ təsadüf edir. Sahibkarların talanması prosesindəki bir çox məqamlar bizi hətta ibtidai icma quruluşunun son dövrlərinədək aparır. Obrazlı desək, dünya tarixini təzədən yazırıq. Götürək elə, ağsaqqalın ölümünü…
“Bizim eradan təxminən beş yüz il əvvəl yunan döyüşçüsü Filippid qələbə xəbərini paytaxt Afinaya çatdırmaq üçün dayanmadan 42 kilometr 195 metr məsafəni qaçır. Xəbəri çatdıran kimi yıxılaraq ölür. Hazırda məhz Marafondan Afinaya qədər olan bu məsafə üzrə yarış bu şərəfə Marafon adlanır.
Kupçal kəndindən Qubaya getməyin hər üzünü görmüş bir ağsaqqal üçün asfalt yol elə Filippidin qələbə sevincinə bərabər bir şeydir.
Azərbaycanda çəkilən yolların bir neçə aydan sonra hansı hala düşdüyünü yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Tam səmiyyətimlə deyirəm, Həmid kişi yola bir neçə aydan sonra çıxsaydı, bəlkə də bu faciə baş verməzdi. Nə isə, Allah rəhmət eləsin…
Fikir vermisinizsə, rejimin ideoloqları bizim demokratiyaya hazır olmadığımızı dünyaya bəyan etməkdən yorulmurlar. Bu yazını yazmazdan əvvəl bu mövzuda kiçik bir araşdırma apardım. Son beş ilə qədər, iqtidar ölkəmizin yalnız 2020-ci ildə demokratiyaya hazır olacağını bəyan edirdisə, indi 2030 -cu ildən dəm qılırlar…
Sual olunur, yaxşı, tutalım ki, biz demokratiyaya hazır deyilik, 15 ildən sonra hazır olacağıq, bəs siz demokratiyadan hansı məsafədəsiniz?
…Ixtisasca tarixçi olmağıma baxmayaraq, həmişə “biz hansı ictimai-siyasi quruluşda yaşayırıq” sualına cavab verməkdə “çətinlik” çəkirəm. Ictimai-siyasi münasibətlərə görə “məmur kapitalizmi” deyilən bir dövrdə yaşasaq da, ölkə feodal qanunları ilə idarə olunur. Bu baxımdan Avropanın XVI əsrin ortaları ilə müqayisə oluna bilərik. Oxşarlıq çoxdur, məsələn, beş əsr öncə Ingiltərədə də, zadəganlar kəndliləri qovaraq, torpaqları çəpərləməyə başladılar. Bu proses bizdə artıq başa çatıb. Hətta bunları tənzimləyən və hər ikisi oktyabrda (tarixin ironiyasına baxın!) qəbul edilən 1549 (Ingiltərə) və 2008 (Azərbaycan) qanunları da sanki bir-birinin təkrarıdır.
Süni əngəllər nəticəsində, torpağını becərə bilməyən kəndli çarəsiz qalaraq onu iri torpaq sahibinə sataraq muzdlu işçiyə çevrilir. Məmur bu torpaqları almaq üçün bir neçə il səbr edir, özü də əkib becərmir, elə ki, istədiyi kasıb kəndli torpaqlarını ələ keçirdi, başlayır torpağı əkib-becərməyə..
Biz bəzən haqqımız olan bir şeyi asanlıqla əldə etdikdə doğrudan da şoka düşürük. Təsəvvür edin, uğurlu əməliyyatdan sonra həkim sizə deyir ki, əməliyyat üçün pul vermənizə gərək yoxdur, bizdə səhiyyə pulsuzdur. Sizi inandırıram ki, ən azı hər ikinci xəstənin halı əməliyyatdan əvvəlki vəziyyətə düşəcək. Fikirləşəcək ki, ya əməliyyat uğursuz keçib, ya da məndə xərçəng xəstəliyi var.
Rejim bizə yalnız kiçik sevincləri rəva bilir. Suyun, qazın, işığın, marşrut avtobusunun vaxtlı-vaxtında gəlməsi, liftin işləməsi bu qəbildəndir.
Məsələyə bu prizmadan yanaşsaq, ağsaqqal Həmid Rizvanovun ölümündə rejimin də “günahı” var. Əvvəl “qruntovoy” yol salmaq lazım idi…