“Müsavatın Məclisinə savadsızlar seçilib”

Qubad İbadoğlu Məclis sədri olmaq təklifindən imtina edib

Müsavat Partiyasının qurultayından sonra partiya funksionerləri arasında savaş səngimək bilmir. Istər mediada, istərsə də sosial şəbəkələrdə ittihamların sayı-hesabı yoxdur.

“Orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar kənarda qalır”

Müsavat başqanlığına keçmiş nazmizəd, iqtisadçı-alim Qubad Ibadoğlu “Facebook” səhifəsində partiyanın Məclis seçkilərini tənqid edib: “Son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda bir-birinizə qarşı münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm. Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfələr olsun. Təftişçilikdən əl çəkin, birlik və vəhdətə çalışın, barışdırıcı mövqe tutun, müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirin. Məclis Müsavatın vitrinidir, ora ağlı, zəkası və intellekti olanların meydanıdır. Ancaq son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehdiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri Isa Bağırovun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magisr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz. Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır? Bu sizi düşündürürmü? Düşünürsünüzmü Partiyanın Iqtisadiyyat, Təhsil, Tibb, Təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız”.

Qubad Ibadoğlu məclis sədri olmaqdan imtina etdi

“Isa Qəmbərin iştirakı ilə keçirilən toplantıda mənə Müsavat Məclisinin sədri olmaq təklif edildi, amma imtina etdim” – Qubad Ibadoğlu bunu “Media forum” saytına açıqlamasında deyib.
Müsavat Partiyasının seçkili orqanlarında boş qalan yerlərə keçiriləcək seçkilərdə iştirak etməyəcək: “Müsavatın seçkili orqanlarında təmsil olunmaq və ya təyinat almaq niyyətində deyiləm. Bununla bağlı mövqeyimi açıqlamışam və mövqeyimdən geri çəkilən deyiləm”.
Qubad Ibadoğlu oktyabrın 6-na təyin etdiyi toplantı haqda geniş danışmaq istəməyib: “Çünki, görüşdə hansı qərarın qəbul ediləcəyi yalnız məndən asılı deyil. Toplantıya qədər məsləhətləşmələrimiz olacaq. Qərarımız da bir olacaq. Müsavatda fəaliyyətimiz davam edir. Bundan sonrakı mərhələdə də ümumi qərarımız olacaq və buna uyğun addımlar atacağıq”.
Müsavat Partiyasının məclis üzvü Elman Fəttah Qubad Ibadoğlunun dediklərinə “Facebook” səhifəsində belə cavab verib: “Qubad Ibadoğlu Qurultayın nəticələri ilə bağlı müsavatçıların apardığı partiyadaxili müzakirələri daha kəskin formada ictimai müzakirəyə daşıyan açıqlama yazıb. Yazının məğzi bundan ibarətdir: ”Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır? Yəni yaxşılar qalıb kənarda, savadsızlar seçilib? Gəlin müqayisəni aparaq. Əvvəla Qubad bəy hər zaman olduğu kimi yenə də Müsavat Partiyası haqda dolğun məlumatlardan uzaq qalmağa israrla davam edir. Seçilmədiyini dediyi Məlahət Mürşüdlü seçilib. Seçilmədiyini dediyi Elşad Paşasoy heç namizəd olmayıb. Namizəd olmayanı necə seçəydik?! Seçilmədiyini dediyi Əhliman Abbas zatən məclis üzvüdür. Seçilənlər siyahısına diqqət edək. Bu qədər alimin, ziyalının, tanınmış siyasi xadimin, vicdan məhbuslarının, Qarabağ döyüşçülərinin seçildiyi məclis haqda “Hazırkı tərkibdə cəmiyyətə təqdim oluancaq yeni simalar gördünüzmü?” cümləsi yazmağın adı nədir? Aşağılamaqmı?!”.

Vurğun Əyyub Vaqif Hacıbəylini xəstə adlandırdı

Arif Hacılının qardaşı, Əhrar partiyasının sədri Vaqif Hacıbəylinin Müsavat başqanının keçmiş birinci müavini Vurğun Əyyubla bağlı dediklərinə sonuncudan cavab gəlib.
Qeyd edək ki, Vaqif Hacıbəyli “facebook” səhifəsində yazıb ki, Müsavata hücum olanda Vurğun Əyyub üzə çıxmırdı: “Mən 2003-cü ilin oktyabrında, hamının pərən-pərən düşdüyü o sitəmli günlərdə Müsavatı məhkəmədə təmsil edəndə, Isa Qəmbərin seçki qərargahına rəhbərlik edəndə, Müsavata qarşı yönələn hücumlara qarşı sipər olanda nə sən (Qubad Ibadoğlunu nəzərdə tutur – red.), nə də sənə ələkçinin qılverənliyini edən Vurğun Əyyub üzə çıxmırdınız, qınınıza girmişdiniz. Indi sən mənə mənəviyyat dərsi keçəcəksən? Hansı haqla?”.
Vurğun Əyyub medianews.az saytına açıqlamasında Vaqif Hacıbəylinin xəstə olduğunu bildirib: “Vaqif Hacıbəyli xəstə adamdır. Tərbiyəsində ciddi problemləri var. Xəstə olduğundan dediyi yalanları bağışlayıram. 2003-cü ili xatırlasa, yəqin ki, doğru cavab verər. Səhv etmirəmsə, oktyabrın ya 19, ya da 20-də müsavatçılarla birlikdə ”Azadlıq” qəzetinin redaksiyasında idi. Onunla şəxsi münasibətimizdə heç bir problem olmayıb. Başqanlıqda Arif Hacılını dəstəkləsəydim, indi Vaqif Hacıbəylinin dilindən tamam başqa sözlər eşidərdiniz”.
Vurğun Əyyub Müsavatdan istefa verəcəyi ilə bağlı dolaşan fikirlərə də aydınlıq gətirib: “Nə qərar verdiyimizi hər kəs görəcək. Mən hazırda Müsavatın üzvü kimi fəaliyyət göstərirəm”.

Samir Kazımlı Arif Hacılıya faktlarla cavab verdi

Müsavat Partiyasından qurultaydan sonra istefa verən jurnalist və hüquq müdafiəçisi Samir Kazımlı öz “Facebook” səhifəsində təşkilatın hazırkı başqanı Arif Hacılının onun barəsındə söylədiklərinə münasibət bildirərək ona qarşı bir sıra ittamlar səsləndirib.
Arif Hacılı “Azadlıq” radiosuna deyib ki, Samir Kazımlı uzun zamandır Müsavat Partiyasına qarşı təbliğatda kifayət qədər aktiv iştirak edir: “Bu səbəbdən o, Müsavatdan çıxdığını bəyan edəndə, mən təəccübləndim. Gün ərzində müəyyənləşdirə bilmədik ki, Samir Kazımlı partiyanın hansı rayondan üzvüdür. Maraqlı budur ki, özləri Müsavatın fəaliyyətində iştirak etməyənlər partiyanı fəaliyyətsizlikdə suçlayırlar”.
Samir Kazımlı isə deyir ki, partiyadan istefa vermək onun hüququdur: “Istefa haqda yaydığım bəyanatda (ərizədə) səbəblərini bildirmişəm, partiyanı və əsasən onun köhnə başqanı Isa bəy Qəmbər haqda bəzi tənqidi fikirlər yazmışam. Cənab Hacılı başqan seçiləndən bir neçə saat sonra mən partiyadan istefa vermişəm və bəyanatımda onun barəsində heç nə yazmamışam… Arif bəyin xidmətləri olub və onların üstündən xətt çəkmək olmaz. Meydan hərəkatının iştirakçısı və istiqlalçı deputat olub, yüksək dövlət vəzifəsi tutub, uzun illər müxalifət düşərgəsində fəaliyyət göstərib, aksiyalarda polis zorakılıqları ilə üzləşib, bir neçə dəfə günahsız olaraq həbsdə yatıb. Eyni zamanda onun barəsində mənfi fikirlər də səsləndirilib. Müxalifət və Müsavat daxilində intiriqa yaradan adam kimi onunm adı çox hallanıb. Bundan əlavə, ”AXC-Müsavat hakimiyyətdə olanda Arif Hacılı rüşvət alıb, icra başçıları qoyurdu” kimi fikirlər də eşitmişəm. Bunu mən iddia etmirəm, sadəcə belə söz-söhbətlər eşitdiyimi deyirəm. Siyasətçi həm də savadlı, dözümlü və intriqalardan uzaq olmalıdır. Yoxsa yazdığı bir balaca cümlədə “üzr” sözünü “üzür” kimi yazan Səxavət Soltanlı kimi şəxsləri başqan müşaviri, Məclis üzvü qoymaqla siyasətçi yetişdirmək olmaz. El dili ilə desək, Müsavatın başına onda daş saldınız ki, belə adamları cəmiyyətə siyasətçi kimi sırıdınız. Arif bəydən fərqli olaraq Isa bəyi böyük siyasətçi hesab etmişəm. Amma Isa bəy burdan-bura Lənkərana gedə bilməyə-bilməyə Rüstəm Ibrahimbəyovu Moskvadan Bakıya gələ bilməməkdə qınadı. O, dramaturqa qarşı çox komik görsənirdi. Siyasətçi yaxşı və pis işləri də bacarır. 100 ildən çox yaşı olan bir partiyanı belə duruma – Dərnəgül partiyasına çevirmək də pis mənada bir siyasətçinin apardığı prosesdir”.
Samir Kazımlı yazır ki, Arif Hacılının onun barəsində dediyi partiya üzvü deyil məsələsində də aydınlıq gətirib: “Isa Qəmbər isə 2011-ci ildə, Müsavatın 100 illiyində məni önəmli xidmətlərimə görə təltif edib. Baxın, Müsavatda vəziyyət bu gündədir. Bir məsuliyyət hiss etmədən, hərəsi ağzına və ağlına gələni danışır. Sonra da deyirlər ki, 100 ilin partiyasıyıq. Məsuliyyət olmayan yerdə 800 ilin partiyası olsan da, xeyri yoxdur”.
Samir Kazımlı Arif Hacılının həbsxanada olan zaman 17 may 2012-ci ildə ölkə başçısı Ilham Əliyevə yazdığı müraciətinə də toxunub: “Arif Hacılı yazıb ki, ”Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsini, bu populyar yarışmanın ölkəmizdə keçirilməsini dövlətimiz və millətimiz üçün mühüm hadisə hesab edirəm. Məncə, biz bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etməyə borcluyuq. Bu fürsətin necə əldən verildiyini həbsxana divarları arxasından kədərlə izləyirəm. Təsadüfi deyil ki, yalnız ermənilərlə məhdudlaşmayan bədnam qonşularımız “Eurovision” yarışması ərəfəsində öz çirkin niyyətlərini həyata keçirmək üçün daha intensiv və daha aqressiv fəaliyyətə keçiblər…” Cənab Hacılı bu müraciəti yazandan biz (kampaniya üzvləri) siyasi və vicdan məhbusları olan ölkədə “Eurovision”un keçirilməsinə etiraz edirdik və tələb edirdik ki, “Eurovision” mahnı müsabiqəsi keçirilən günə qədər siyasi və vicdan məhbusları, o sıradan günahsız həbs edilən Arif bəy azad edilsin. Bunun üçün “Demokratiya naminə oxu” kampaniyası (“Sing for Democracy”) başlanılmışdı. O zaman hakimiyyətin dedikləri ilə Arif bəyin müraciətindəki fikirlər bir-birlərinə çox yaxın idi”.
Jurnalist yazır ki, Isa Qəmbər və Arif Hacılı ölkədə demokratiyanın, insan haqlarının durumunu ayda-ildə bir dəfə görünən Vəhdət Partiyasının sədri Tahir Kərimli, VIP sədri Əli Əliyev və bu kimi digər adamlarla müzakirə edəndə, o, bu mövzunu AŞ PA sədri Ann Broşurla müzakirə edirdi: “Odur ki, artıq harda və kimlərin yanında olduğunuzu anlamanız lazımdır. Bu gün Isa bəyin, Sizin və mənim mövqeyim ictimaiyyətə bəllidir. Anlayın, mən artıq sizlərlə bir təşkilatda ola bilməzdim. Arif bəy, Siz həbsdən çıxandan sonra Ilham Əliyevi adı ilə tənqid etdiyinizi görmədim. Deyirsiniz ki, hakimiyyət sizi TV-lərə buraxmır. Razıyam, elədir. Amma internetə daxil olub, hakimiyyət haqda (ad çəkməklə) bir status yazmaq, bir stəkan su içmək kimi bir şeydir. Bəs, niyə bu hakimiyyətin qanunsuz əməllərindən ad çəkərək yazmırsınız? Lütfən əvvəllər neçə çıxış etdiyinizi deməyin. Söhbət bu gündən gedir. Hərdən Isa bəyin ”Facebook” səhifəsinə baxıram, adama elə gəlir ki, sanki bəy “Facebook” səhifəsinin parolunu itirib, heç nə yazmır. Amma nədənsə piti yeməyə gedəndə, “Facebook” səhifəsinin parolunu tapır və piti yeməyi haqda status yazır”.

Ramin DEKO