“Olduqca məsuliyyətsiz bir hökumətlə üz-üzəyik” VİDEO

Əli Kərimli: Bizi susdurmaq mümkün olmayacaq; Bunların dövlət idarəçiliyi haqda təsəvvürləri yoxdur

 

Milli Şura nəyə etiraz edir?

AXCP sədri Əli Kərimli “Azadlıq” radiosunun “İşdən sonra” verilişinin qonağı olub. Milli Şuranın oktyabrın 12-də keçirəcəyi mitinqlə və ölkədəki ictimai-siyasi durumla bağlı sualları cavablandırıb.
Müsahibəni ixtisarla təqdim edirik:

“Razılaşdırılmış mitinqlərin keçirilməsinə də mane olacaqsa…”

– Əli bəy, Milli Şuranın dünənki toplantısında mitinq qərarı verdiniz. Harda və necə keçirmək fikriniz var?
– Milli Şuranın mitinqi oktyabrın 12-də keçən il Milli Şuranın keçirdiyi Yasamal rayonundakı “Məhsul” stadionunda keçiriləcək. Mitinqlə bağlı hökumətin hər hansı bəhanəsi olmasın deyə məhz əvvəllər keçirilən yeri ünvan kimi göstərmişik ki, qeyri-müəyyənlik olmasın, mitinq asanlıqla razılaşdırılsın. Biz əsas məqsədimizə ölkədəki repressiyalara, siyasi məhbusların ucdantutma həbsinə, azad edilməməsinə etirazımızı bildirək.

 – Yer üçün müraciət etmisiz?
– Sənədlər bu gün təqdim olunmalıdır.
 

– Bu gün müraciət olunsa belə gecikmiş ola bilər…
Niyə?

– Partiyalardan biri artıq müraciət edib…
 – Belə bir təxribat hazırlanır. Dediyiniz heç partiya da deyil. Hökumətin əlində alətlərdən biridir. Azərbaycan hökuməti son nəfəslik imkanlarını da kəsib Azərbaycanda artıq razılaşdırılmış mitinqlərin keçirilməsinə də mane olacaqsa, bu da onun öz seçimidir. Bu da onun əsl diktatura sifətini bütün dünyaya və Azərbaycan xalqına nümayişi olacaq. Şəhərin mərkəzində razılaşdırılmamış aksiyalar keçirmirik, hökumətin vaxtilə təklif etdiyi yerdə mitinq keçiririk. Bütün dünya bilir ki, “Məhsul” stadionu Azərbaycanda yeganə yerdir ki, orada hökumət indiyə qədər mitinqlərin keçirilməsinə imkan verirdi. Bakının mərkəzində və başqa rayonlarda yer yoxdur. Buna da imkan verməyəcəklərsə, bu artıq yeni bir situasiya olacaq. Doğrudan da məlum olacaq ki, Azərbaycan sadəcə olaraq Şimali Koreyanın, Özbəkistanın, Türkmənistanın yolunu getmir. Artıq onların standartına gəlib çıxıb.

– İcazə verməsələr, hər hansı bəhanə gətirsələr, nə etmək fikriniz var?
– Bunu ondan sonra müzakirə edəcəyik. Bizim indiki məqamda məqsədimiz razılaşdırılmış mitinq keçirməkdir. Onsuz da aparılan həbslər, hökumətin istədiyi qədər olmasa da, hər halda müəyyən qədər xof yarada bilib. Buna görə xalqı qınamaq lazım deyil. Bizimlə sayı eyni olan, coğrafi baxımdan Avropanın mərkəzində yerləşən Belarusda 10 nəfər siyasi məhbus o cəmiyyəti müəyyən bir çərçivədə saxlamağa kifayət edibsə, Rusiya kimi nəhəng bir ölkədə 45-50 nəfərin həbsi cəmiyyəti xeyli dərəcədə cilovlaya bilibsə, Azərbaycanda 100-ün üzərində məhbus var. Bu təkcə bu ilə aid deyil. Son 21 ildə Azərbaycanda həmişə siyasi məhbus olub. Ata və bala Əliyevlərin dövründə minlərlə insan bu həbsxanadan keçib, hətta bir ay da olmayıb ki, Azərbaycanda siyasi məhbus olmasın. Azərbaycan cəmiyyətini tam ram edə bilməyiblər. Eyni zamanda cəmiyyət azad da ola bilmir. Biz bu şəraitdə maraqlıyıq ki, insanlar burada çəkinmədən, sərbəst iştirak edə bilsinlər. Biz bu aksiyayla onun mesacını çatdırmaq istəyirik ki, hətta bu qədər repressiyalardan sonra da Azərbaycan cəmiyyətinin etiraz potensialı qalıb. Azərbaycan hökuməti o səhvi edib bizim mitinqimizə razılıq verməyəcəksə, həm də bizim mitinq potensialımızı etiraf etmiş olacaq.

“Biz Azərbaycan cəmiyyəti olaraq bu “Qladiator döyüşü”nə kənardan baxmalıyıq?!”

– Mitinqlər problemlərdən çıxış yoludurmu?
– Milli Şuranın bu qərarından sonra “Facebook” dərhal bir status yazdım. Orada aydın şəkildə ifadə etdim ki, bizim budəfəki mitinq qərarımız hansısa bir siyasi hesablamaların nəticəsi deyil. Bu, birbaşa bizim vicdanımızın çağırışıdır. Ölkədə elə bir vəziyyət yaranıb ki, nəticəsini çox uzun-uzadı hesablamadan bu addımı atmağa ehtiyac yaranıb. Nəyi nəzərdə tuturam. Bura gələndə məlumatları dəqiqləşdirdim. İntiqam Əliyevin vəkillərini onun işindən uzaqlaşdırıblar. Ölkənin bir nömrəli hüquqşünasını, Avropa Məhkəməsində Azərbaycan hökumətini yüz dəfələrlə məğlub etmiş hüquqşünası özünü müdafiədən məhrum edirlər. Azərbaycan hökuməti utanmadan Leyla Yunusla dava aparır. Adamı şərləyib həbs ediblər, ürəkləri soyumayıb. Nə qədər kinin-küdurətin çox olmalı, nə qədər xəbis yanaşmalısan ki, siyasi opponentlərini, dörd divar arasında olan qadını orada da dinc buraxmayasan. Bəs, Azərbaycan cəmiyyəti bunlara necə dözməlidir? Bugünlərdə Anar Məmmədliyə Vatslav havel mükafatı verildi. Bu çox böyük hadisədi və mən bundan çox məmnunam. Bu, seçki monitorinqini vicdanla həyata keçirmiş intellektual gəncə dünyanın verdiyi qiymətdir. Bəs, bizim qiymətimiz harada olacaq? Azərbaycan cəmiyyətinin içindən çıxmış bu cür parlaq insanlar mübarizə aparırlar, həbsə düşürlər, Azərbaycan cəmiyyəti buna biganə qala bilməz. Yüz minlərlə insan Seymur Həzinin “Azərbaycan saatı” verilişindən cəsarətli çıxışlarını dinləyirdi. İndi məhz o çağırışlara görə Seymur Həzi içəridədir. Neçə müddətdir ki, Qurban Məmmədov kimi, Tofiq Yaqublu kimi, İlqar Məmmədov kimi cəsur insanlar həbsdədir. NİDA-çılar, ilahiyyatçılar uzun müddətdir ki, həbsdədir. Rəsul Cəfərovun böyük kampaniyası – “Demokratiya üçün oxu” hamının gözü önündədir. Özü üçün etmirdi axı bunu! Azərbaycan üçün edirdi, indi həbsdədir. Pərviz Həşimliyə işgəncə verib ondan böhtan deməyi tələb edirlər. Adam böhtan atmadığına, vicdanına ləkə yaxmadığına görə neçə müddətdir həbsdə saxlanır. Daha neçə gənc, parlaq, vətəndaş cəmiyyətinin sayılıb-seçilən insanlar – bunlar hamısı Azərbaycanı sevdiyi, Azərbaycan insanına xoş gələcək arzuladığı üçün həbs olunmuş insanlardır. İndi onları artıq həbsdə də rahat buraxmırlar. Hacı Mövsüm Səmədovu neçə gündür karsda saxlayırlar. Hacı Talehlə necə davranırlar? Gözümüzün qabağındadır. Bəs, biz Azərbaycan cəmiyyəti olaraq bu “Qladiator döyüşü”nə kənardan baxmalıyıq?! Axı biz vətəndaşıq. Azərbaycan vətəndaşlarının hamısına deyirəm bunları. Beynəlxalq ictimaiyyət artıq səsini qaldırır. Uzun müddət Azərbaycan demokratları bundan şikayətlənirdilər. Uzun müddət Qərbi tənqid edirdik – biri pul, biri kürü, biri neft aldığına, biri biznes ortağı olduğuna görə Azərbaycan hökumətinin əməllərinə göz yumurlar. Çox yaxşı ki, o dövr artıq arxada qalıb. Bu gün artıq dünyanın vicdanı tərpənib. İstər Avropa Birliyi, istər ABŞ, istərsə də Avropa Şurası. Xüsusən də Avropa Şurasını bunlar özlərinin bastionu sayırdı. Nə qədər adamı bura gətirib hotellərdə saxlamışdılar, cibxərcliyi vermişdilər. İndi ümid edirdilər ki, Avropa Şurası bunlar üçün son qala olacaq. Ancaq indi Avropa Şurası bunların qarşısında birmənalı tələb qoyur. Yəni bütün dünya – ATƏT, BMT Azərbaycandakı vəziyyəti görür və hökumətdən tələb edir. Onların arasında bizim millətin gur səsi gəlməməlidirmi?
Millətin bütövlükdə səsi çıxmalıdır. Demokratik, azad respublika arzulayanlar çoxdur. Repressiyalarla bizim hamımızı susdurmaq mümkün olmayacaq.

İndi repressiyalara etiraz etmək hər bir normal vətəndaşın əslində vicdan borcudur

– Mitinqlərdən sonra həsblər daha da artır. Siz Milli Şura, Azərbaycan Xalq Cəbhəsi olaraq fəal üzvlərinizin yenidən həbs təhüləkəsiylə üzləşməkdən ehtiyat etmirsiz?
– Əvvəla, bu həbslər razılaşdırılmamış aksiyalar zamanı olur. Razılaşdırılmış aksiyalar zamanı həbslər olmur. Bunun altını xüsusi olaraq cızmaq istəyirəm. Biz yalnız partiya fəallarımızın hesabına mitinq keçirməyə çalışmırıq. Hətta partiyalardan kənarda olan insanların, kimlərin ki ürəyi yanır, kimlər ki bu haqsızlığa etiraz etmək istəyir, biz onların hamısını mitinqə dəvət edirik. Sualın o bir hissəsinə keçirəm. Milli Şura, Xalq Cəbhəsi başa düşür ki, bu siyasi mövqeni nümayiş etdirmək, prinsiplərə sədaqət göstərmək, hökumətin həyata keçirdiyi bu kobud, aqressiv, haqsız, ədalətsiz siyasətini ardıcıl tənqid etmək, bunun qarşısında sipər olmaq hər zaman həbs olunmaq deməkdir. Bu gün Milli Şuranın 74 üzvü var, onun 9-u həbsdəri, 5 nəfəri mühacirətdədir. Baxın, biz hansı basqının altındayıq. Azərbaycan Xalq Cəbhəsi Partiyasından saysız adamlar həbsxanadan keçib. Əlbəttə, biz özümüz bu işin içində olan, rəhbərlik edən insanlar fərqindəyik ki, belə prinsipial mövqeni Azərbaycan kimi cəmiyyətlərdə nümayiş etdirmək kifayət qədər risklidir. Biz hərtərəfli – mənəvi, psioxoloci, siyasi olaraq bu riskləri qarşılamağa hazırıq. Ancaq biz sadə vətəndaşlarımızı bu riskə atmayacağıq. Ona görə də onlar üçün razılaşdırılmış mitinq təşkil edirik ki, gəlsinlər, etiraz etsinlər, siyasi məhbuslara azadlıq, repressiyaların durdurulmasını istəsinlər. İndi repressiyalara etiraz etmək hər bir normal vətəndaşın əslində vicdan borcudur.

“Bu adamların dövlət idarəetməsi haqda təsəvvürləri yoxdur”

– Siyavuş Novruzov deyib ki, Milli Şuranın perespektivi yoxdur. Onların nə təşkil edəcəyi bəlli deyil.
– Avtoritar, korrupsioner idarəetmənin düşüncə tərzi bundan ibarət olacaq. Bunlardan başqa heç kim yox imiş, bu ölkədə müxalifət yoxdur. Hələ bunlar anlamırlar ki, “bu ölkədə müxalifət yoxdur” demək geridəqalmışlığın ən zirvəsidir. Görün Azərbaycanı kimlər təmsil edir. Ona görə də hesab edirəm ki, bu tipli avtoritarizmin sözçülərinin mövqeləri Azərbaycan cəmiyyətinə məlumdur, həm də çox mənasızdır. Onlara heç kim fikir vermir. Aydın məsələdir ki, onların bütün fəaliyyəti Azərbaycan hökumətinin bu repressiv siyasətinə haqq qazandırmağa yönəlib. Ancaq bir anlığa düşünsünlər, özlərini hansı vəziyyətə salıblar. Bütün dünya ilə Azərbaycanı təcrid ediblər. Bu günlərdə Azərbaycanın seçilməmiş parlamentində təyin olunmuş deputatlar öz aləmlərində Avropaya qarşı bir cəbhə açıblar. Siz kiminlə mübarizə aparırsız? Azərbaycanda sərmayələr kimin sərmayəsidir? Azərbaycan neftini-qazını kimə satır? Azərbaycanın xarici ticarəti kiminlə əlaqələr üzərində qurulub? Dünyayla savaş açıb düşünmürsüz ki, əslində düşmənin əlini gücləndirirsiz? Məhz bu şəraitdə düşmən mövqeyində olan Ermənistanın mövqeləri güclənir ki, siz dörd bir tərəfdə hamıyla düşmən olursuz. Qarabağ kimi problemi olan ölkədə siz niyə bunu özünüzə yaraşdırırsız? Bizi düşünməyin, Azərbaycan xalqını heç sayın, axı sui-istifadə edirsiz bu problemin varlığından. Axı, saxta da olsa hər gün bu problemdən danışırsız. Avropa Birliyi qətnamə qəbul edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bunları maraqlandırmır. NATO da qətnamə qəbul olunur, heç bir ilgi çəkmir. O biri tərəfdən Rusiya Qarabağın işğalında rol alır, susurlar quzu kimi. Xocalı soyqırımını törədir, susurlar. Azərbaycanda olmazın xəyanətlərini həyata keçirir – 20 Yanvar faciəsini yaşadırlar. Yenə də susurlar. Cirnovskini görün hansı səviyyədə qəbul edirlər. Budur Azərbaycan xalqına xidmət etmək? Bəs, bu dövlətin, millətin maraqları? Avropa səndən nə istəyir? Deyir, öz vətəndaşına divan tutma, indi 21-ci əsrdir. Özünün ən kamil, mütərəqqi, ziyalı vətəndaşlarına bu şəkildə divan tutma. Bu sənin imzaladığın öhdəliklərə, konvensiyalara ziddir. Bunu dediyinə görə Azərbaycanı dünyaya qarşı qoymağa sizin nə haqqınız var?! Bu adamların dövlət idarəetməsi haqda təsəvvürləri yoxdur. Başa düşmürlər ki, Azərbaycanı hansı risklərə aparırlar. Bunların arxası, dirəyi, ustadı olan Rusiya məhz bu hikkəsinə görə iqtisadiyyatının çöküşünə səbəb olur. Rusiya kimi kifayət qədər böyük bir dövlət, avtoritar sistem beynəlxalq aləmin sanksiyaları altında əzilir. Bir sözlə, olduqca məsuliyyətsiz bir hökumətlə üz-üzəyik.