Dəyərlərə görə mükafat

Səadət Cahangir

Texnoloji inqilablara ən çox ona görə minnətdar olmalıyıq ki, bizə dünyanın bu ucundan o biri ucunu görməyə əngəlsiz imkan yaradır. Bu imkan da dünyanın uzaq ölkələrində düşüncələri üst-üstə düşən, həyatı mübarizələrdə keçmiş mərd, fədakar insanları bir-birinə tanıdır və yaxınlaşdırır. Belə bir mənəvi dəstəyin öz əqidəsi və prinsipləri naminə həbsxanaya düşmüş məhbus üçün nə demək olduğunu təsəvvür edirsiniz?! Hələ öz vicdanına dönük çıxmadığına görə o məhbus dünyanın ən nüfuzlu bir mükafatına layiq görülürsə…

Fikrimcə, dünyadan gəlib-keçmiş siyasət adamları arasında ən ləyaqətlisi və aydını olan Vaslav Havelin adını daşıyan mükafatın vicdan məhbusu Anar Məmmədliyə verilməsi ən ədalətli seçimdir. O bu haqqı böyük bir siyahıdan qalib çıxaraq qazanıb, həm də çox peşəkar münsif heyətinin rəyi əsasında. Məlum olduğu kimi, həmin mükafatı AŞ PA, Praqa Havel Kitabxanası və Charta 77 Fondu birlikdə təsis edib. Azərbaycanlı fəal insan hüquqlarının müdafiəsi sahəsində xidməti olan şəxslər və ya QHT təşkilatları üçün nəzərdə tutulan bu mükafatın ikinci laureatıdır. Birincini keçən il başqa bir vicdan məhbusuna – belorusiyalı hüquq müdafiəçisi Ales Belyajkiyə veriblər.

Bilirsiniz, Anar bəy bu gün həbsxanada ölkədəki seçkilərin hesabatını dosdoğru ortaya qoyduğu üçün yatır. Ədalətli seçkilərin bir xalqın taleyində necə önəmli rol oynadığını da anlatmağa dəyməz. Çünki o, sözün əsl mənasında insan azadlığını şərtləndirən ən önəmli amillərdən biridir.  “Azad, özünə sayğılı və sərbəst vətəndaşlar olmadan heç bir azad xalq ola bilməz. Daxildə vətəndaşlar arasında, o cümlədən vətəndaşlar və dövlət arasındakı barış olmadan,  heç bir xarici sülh təminatından söhbət gedə bilməz”. Havel deyirdi bu sözləri. O şəxs ki, həyatının on illəri mübarizə səhnəsində keçmişdi. Dəfələrlə həbsxanalara düşmüşdü. Daxili və xarici barışın, azadlığın və asılılığın nə demək olduğunu gözəl bilirdi. Ölkəsini qan gölünə çevirən rus işğalını da görmüşdü, zəngin ailəsinin varidatına sahiblənən sosialist rejimini də… 

Görkəmli çex dissidenti həyatı boyunca azadlığın ən ali bəşəri dəyər olduğuna inanan və bu prinsipinə sona kimi sadiq qalan biri idi. O inanırdı ki, dünyanın lap uzaq, kiçik bir ölkəsində də öz haqları uğrunda savaşan Anar kimi insanlar hökmən qalib gələcək. Amma öz ölkəsinin təcrübəsindən çıxış edərək, bu yoldakı çətinlikləri də gözdən qaçırmırdı. “Günümüzdəki insanın faciəsi öz həyatının anlamı haqında çox az şey bilməsi deyil, ondan çox az narahatlıq duymasıdır” – deyirdi görkəmli xadim. Elə müasir dünyanın totalitar rejimlərin caynağında inləyən yerlərində buna yol açan mühüm səbəblərdən biri də insanların öz taleyinə biganə yanaşması deyilmi? Bu laqeydlik, vecsizlik, ətalət olmasaydı, Anar Məmmədlilər həbsxana divarları arasına niyə düşürdü ki?

Bəlkə uzun yolçuluğun ağırlığından yorular insanlar. Bəlkə çevrəsindəki süstlüyə, biganəliyə qəzəblənər ara-sıra. Amma yer üzü sadəcə bu sıxıntılardan ibarət deyil. Dəyərləri yaşadan, qoruyan və nəsil-nəsil ötürən Havellərin olduğu gözəl bir dünya da var. Onların işığı və nümunəsi necə ümidləndirməsin insanı? O özü də deyirdi ki: “Ümid yaşam və çalışma anlamı olan bir hissdir. Sizi əhatə edən dünyanın durumundan asılı olmayaraq, o sizdə varsa var, yoxdursa yoxdur”.

P.S. Həbsindən bir az əvvəl Anar bəyin kitabımın təqdimatındakı çıxışını xatırlayıram. O, həbsxana şeirləri haqqında ayrıca danışmış və günümüzdə heç kimin həbsdən təminatı olmadığını demişdi. Amma aldığı mükafat bir daha isbat edir ki:

Həbsxanaÿnə ümidlərə son, nə arzulara yasaq,

hər açılan sabahı, daha insan yaşamaq,

azadlıq üçün düşünmədən ölə bilmək kimi…