Müsavatda qarşıdurma güclənir

“Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır”

Müsavat başqanlığına keçmiş namizəd nəticələri şübhə altına alan faktlar açıqladı

Müsavatın qurultayından sonra partiya daxilində narazılıqlar səngimək bilmir. İqtisadçı Qubad İbadoğlunun və partiyanın gənclər təşkilatının keçmiş sədir Tural Abbaslının tərəfdarları seçkilərin ədalətli keçirilmədiyini, qurultay nümyəndələrinin seçilməsində saxtakarlığa yol verildiyini deyirlər.

“Seçkiyə haram qatdığınız üçün istefa verin”

İsa Qəmbərin sabiq müşaviri Səxavət Əlisoy partiyanın yeni başqanı Arif Hacılını və komandasını sərt ifadələrlə tənqid edərək istefaya çağırıb. S.Əlisoy başqanlğa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarlarının seçkinin nəticəsinə təsir edən nöqsanlarla bağlı qeydlərini “Facebook” səhifəsində paylaşıb:

“Arif Hacılıya və onun QHTK-nın sadiq üzvlərindən olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya, Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə

Xatırlatma: Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir.

Qurultaydan narazı olan müsavatçılar iddia edir ki:

1.Əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Sizə (Arif Hacılıya) sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. (MNTK-dan Ə. Talışxanlı və digərləri sabah bu rayonların adını açıqlayacaq).

2. Tovuz rayonunda konfransda Başqan müşaviri iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib?

3. Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb?

4. Arif Hacılı namizədliklə əlaqədar istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub?

5. Qurltaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil olunub, ya yox?( Bu rayonların adları da açıqlanacaq).

6 Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri “İsa Qəmbərin mövqeyi Arif Hacılıdır” deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnəmayə uyğun idi?

7. Nədən Müsavatın yolunda mübarizə aparan fədakar gənclərdən kimsə Məclis üzvü seçilmədi?

Hələlik, bu qədər…
İndi sizə sözüm var. Əgər bizi (şəxsən məni) bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzrə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən, və onu sübut etsə, üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə, Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin.
Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil.
Ləyaqətli müsavatçılara salamlar olsun!
Ləyaqətsizlərin rəy bildirməsinə gərək yox!!!”.

Vaqif Hacıbəyli Qubad İbadoğlu və Vurğun Əyyuba hücum etdi

Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun ittihamlarına özünün facebook profilində yazı ilə cavab verib. Belə ki, Qubad İbadoğlu APA-ya açıqlamasında Vaqif Hacıbəylini Müsavatın üzvü olmadığı halda partiya işlərinə qarışmaqda ittiham edib. Deyib ki, Arif Hacılı Müsavatda olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın. Vaqif Hacıbəyli cavabında yazır:

“Qubad İbadoğlu APA- ya müsahibəsində deyib ki,Əhrar Partiyasında cəmi bir nəfər var.Tutaq ki,bir nəfər var.Nə olsun? Harada tapsan ki,mən iki nəfərin olduğunu demişəm,onda deyərsən ki,yalan demişəm.Əhrar Partiyası ümumiyyətlə yoxdu,heç kağız üzərində də yoxdu.Başqa partiyaların möhürü var,bunun heç möhürü də yoxdur.Oldumu? Bitdimi? Rahatlanın.Bu mövzunu zəhmət olmasa elə buradaca birdəfəlik bitirək.Yəni mən bitirirəm,kim istəsə davam edə bilər,onsuz da deyiləsi başqa şəbədəniz qalmayıb.Etnik məsələsini saldınız ortaya,lax çıxdı.Təzə mövzu tapana kimi bir az bu mövzunu çeynədin,ağzınız şirin olsun. Həm də bəy deyir ki,qardaşı Musavatdadır deyə Vaqif Hacıbəylinin Musavatdan danışmağa nə mənəvi,nə də siyasi haqqı yoxdu.Pardon,burda saxla bir az.

Ay yoldaş, kim alıb bu haqqı mənim əlimdən? Bəlkə belə qanun çıxıb,mənim xəbərim yoxdu? Bəlkə hesab edirsiniz ki,bu etik cəhətdən düzgün deyil? Əgər belədirsə, hörmətli İsa Qəmbərin qardaşı səni açıq müdafiə edəndə,səni açıq təbliğ edəndə niyə bu etik norma yadına düşmədi,niyə demədin ki,bu ailə partiyası deyil,sənin məni təbliğ etməyin yerlərdə İsa bəyin mövqeyi kimi qiymətləndirilə bilər,bu cür təbliğatı da aparirdiniz.Hərçənd mən özüm şəxsən burada bir qəbahət görmürəm.Yəni bu halda yanaşmada bir ayrı seçkilik var.Bunlar öz yerində.

Mən 2003-cü ilin oktyabrında,hamının pərən pərən düşdüyü o sitəmli günlərdə Musavatı məhkəmədə təmsil edəndə, İsa Qəmbərin seçki qərargahına rəhbərlik edəndə, Musavata qarşı yönələn hücumlara qarşı sipər olanda nə sən, nə də sənə ələkçinin qılverənliyini edən Vurğun Əyyub üzə çıxmırdınız, qılınıza girmişdiniz. İndi sən mənə mənəviyyat dərsi keçəcəksən? Hansı haqla? Təmkinlidi deyib təbliğ etdiyiniz adam budu?

Deyirsən mən kimlərisə tanımamışam.Əslində isə cəmiyyət indi tanıyır səni,təəssüf ki,heç də yaxşı tərəfdən tanımır. Mən 1991- ci ildən bu günə kimi,ölkədə gedən bütün proseslərə istisnasız olaraq münasibət bildirmişəm.İradəmin üstündə də heç bir iradə yoxdur. Həmişə də düzə düz, əyriyə əyri demişəm.Heç kəs də məmim səsimi batıra bilməz.Sən demisən ki,mən bütün Musavat rəhbərliyinə qarşı apardığım mübarizədə uduzmuşam.Bu mülahizə yalandı,mən də bunu faktlarla təkzib etmişəm.Əgər özünü ziyalı hesab edirsənsə,əks arqumentini söylə,dediyini sübut et.Arqumentin yoxdusa sus,”sən özün pis adamsan”tipli polemikaya keçmə,çünki bu sayaq polemika ziyalıya yaraşmır. O ki qaldı,Fəxrəddin Bağırovun reaksiyasına,mən ondan bundan artığını da gözləmirdim.Vaxtilə aylarla onun da məhkəməsinə sürünmüşəm,halal xoşu olsun…”.

Yeni başqan Müsavatdan istefa verənlər barədə

Müsavatdan gedənlərlə bağlı “Azadlıq” radiosunun “İşdən sonra” verilişinə danışan partiyanın yeni başqanı Arıf Hacılı bildirib ki, onların müsavatçı olub-olmadığı araşdırılır: “Samir Kazımlı uzun zamandır Müsavat Partiyasına qarşı təbliğatda kifayət qədər aktiv iştirak edir. Bu səbəbdən o, Müsavatdan çıxdığını bəyan edəndə, mən təəccübləndim. Gün ərzində müəyyənləşdirə bilmədik ki, Samir Kazımlı partiyanın hansı rayondan üzvüdür. Maraqlı budur ki, özləri Müsavatın fəaliyyətində iştirak etməyənlər partiyanı fəaliyyətsizlikdə suçlayırlar. Bizim üçün hər bir üzv vacibdir. Ona görə də heç kimin partiyanı tərk etməyini istəmirəm. Düşünürəm ki, partiyada ciddi parçalanmalar olmayacaq”.

“Belə həvəslinizsə, hakimiyyətin qanunsuz əməllərini də araşdırın”

Ötən gün Müsvatdan istefa bəyanatı ilə çıxış edən Samir Kazımlı isə özünün “Facebook” səhifəsində Arif Hacılının dediklərinə cavab verib: “Camaatın işini Baş Prokurorluq, mənim məsələmi isə Müsavat Partiyası araşdırır. 100 illik partiyanın yeni və köhnə rəhbərliyi hələ də mənim hansı rayon təşkilatında üzv olduğumu tapa bilmirlər. Düzü, mənim də yadımdan çıxıb, yoxsa deyərdim. Deyəsən, Zamin Hacı demişkən, mən gizli Müsavat olmuşam. Araşdırın, araşdırmanıza danadişi kəsim. Araşdırmağa belə həvəslinizsə, gedib hakimiyyətin qanunsuz əməllərini də araşdırın. Partiyadan istefa vermək mənim hüququmdur və bu hüququmdan istifadə etmişəm. Bununla da söhbət bağlanıb gedə bilərdi. Bəyanatımda ittihamlar da olub. Onlara cavab verə və ya verməyə də bilərdiniz. Düzdür, ittihamlara heç bir cavab da verə bilməyiblər. Əvəzində isə məni Müsavata qarşı kampaniya aparmaqda ittiham etdinizsə, əla. Borclu borclunun sağlığını istəyər. Elə mən də sizin sağlığınızı istəyirəm. Yeni başqan Arif Hacılıya cavabı növbəti bəyanatda ola bilər. O da baxır əhvalıma. Amma mən cənab Hacılıya heç nə deməmişdim axı. Eybi yoxdur. Həm də köhnə başqana ürək sözlərim yarımçıq qalmışdı. Uğurlar”.

“Müsavat reanimasiya stolunun üstündədir”

Bu arada Müsavat Partiyası Məclisinin keçmiş üzvü Məlahət Mürşüdlü yeni başqan seçkisi ilə keçən qurultayın nəticələri barədə fikirlərini qələmə alıb. Onun yazısı “musavat.com”da dərc olunub.
M.Mürşüdlü qeyd edir ki, Müsavatın qurultayında 14 illik fasilədən sonra “vitrin dəyişikliyi” baş verməliydi. Ən azından ona görə ki, bu, müxtəlif səviyyələrdə təhlillər apararaq  “köhnə hamam, köhnə tas” deyənlərə tutarlı cavab olardı.

“Qurultayda 28 kişimi bunu istəmədi və ya başqa səbəblərmi vardı? Əlbəttə, səbəblər var idi ki, bu da birbaşa nəticəyə təsir etdi. Bu səbəblərdən bir neçə gündür ki, danışılır, yazılar çap olunur.

Adekvat olaraq  “səslərin sayılması çox şəffaf keçib” deyənlər də var. Amma onlar iqtidarın keçirdiyi seçkılərdən sonra sevə-sevə təkrar etdikləri  “məsələ qutuya qədər həll olunur” kəlamını çox  tez unutdular.

Həmin o “əsas məsələ” seçki kampaniyasının qəbul edilmiş qaydalar əsasında aparılması idi. Qubad İbadoğlunu “hakimiyyətin adamıdır” adı ilə rayon təşkilatlarında bir anlaşılmazlıq, tərəddüd yaradaraq rəqib namizədi ləkələmək və yaxud da rayonlarda keçirilən “görüşləri təşkil etməmək” kimi göstərişlər vermək məncə, bu günkü qalib komandaya başucalığı gətirmir. Bu sözləri adlarının çəkilməsini istəməyən qərb və şimaldan olan nümayəndələr deyir. Bəlkə nə zamansa özləri deyəcəklər. Söz verdiyim üçün mən də çəkmirəm.

Q.İbadoğlu yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malikdir. O, tənqidə, plüralizmə, konsensusa açıqdır. Onun üçün sağ, sol anlayışı mövcud deyil, bölücülük onun xarakterinə yaddır. Kimliyindən asılı olmayaraq insan amili başlıca faktordur. Müxtəlif düşüncəli, görüşlü insanlarla işləmək bacarığına malikdir.

Tolerantlıq, ədalətlilik, obyektivlik, dürüstlük Qubad bəyin başlıca keyfiyyətlərindəndir. Biz 28 kişidən fərqli olaraq düşündük ki, məhz bu keyfiyyətlərə malik şəxs Müsavata rəhbərlik etməlidir.

Müsavat Partiyası reanimasiya stolunun üstündədir: daxili və xarici intiriqalar, dedi-qodu, şər-böhtan, yalan vədlər, səriştəsizlik, təşkilatçılıq 0 (sıfır)!

M.Ə.Rəsulzadə partiyasının bugünkü vitrini budur. Onu bu günə salanlar da bu vitrini düzəltməlidirlər. Əlbəttə, bacarsalar!”, – deyə M.Mürşüdlü yazır.