“Prokurorluq haqqında” Qanun necə pozulub?

Gültəkin Hacıbəylini “məhv etmək” ehtirası hakimiyyəti elə çaşdırıb ki, nə etdiyinin fərqində belə olmayıb

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi saytnda prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elanı yerləşdirilib. Elanda qəbulun şərtləri açıqlanır. Məsələn, elanda deyilir ki, “prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar”. Belə ki, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun prokurorluqda qulluq keçmə yaşını müəyyənləşdirən  32.1-ci maddəsinin tələbidir.  Daha sonra elanda “Prokurorluq haqqında” Azərbaycan respublikası Qanununun  29-cu maddəsinin tələbləri sadalanır və prokurorluq orqanlarına işə qəbulu istisna edən hallar göstərilir. Bu hallardan ikisi, xüsusilə, diqqətimizi çəkdi. Belə ki, həmin elanda “Prokurorluq haqında” Qanuna istinadən  göstərilir ki, 7. əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;  8. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar prokurorluq orqanlarına işə qəbul edilmir. Ancaq reallıq bunun əksini sübut edir, faktlar prokurorluğa qəbulun gerçək “prinsipləri və şərtləri” haqqınla bu elandan daha inandırıcı bir şəkildə danışır. Məlum olur ki,  elandakı “Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılmaqla dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən və gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirakına yönəlmiş dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində prokurorluq orqanlarında həyata keçirilmiş tədbirlər” kimi bəlağətli ibarələr pafosdan başqa bir şey deyil. 

Milli Şuranın komissiya sədri, sabiq millət vəkili Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin hansı təzyiqlər etdiyi, onu cəmiyyətdə nüfuzdan salmaq məqsədilə hansı iyrənc yollara əl atdığı az qala bütün ölkəyə bəllidir, çünki, bu xanıma qarşı mənəviyyatsız  qarayaxma kampaniyasına hakimiyyətin nəzarətində olan bütün KİV-lər, hətta Xəzər, Lider, ANS, Yurd və s. kimi televiziya kanalları qoşulmuşdu. Bu kampaniyanın ən çirkli işini görən iki şəxsdən biri Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və onun bacısı Aynur Mehdiyeva idi. Aynur Mehdiyevanın insan alverçisi və cinayətkar olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqlənsə də, ona 8 ildən 12-ilədək və 4 ildən 8-ilədək həbslə cazalandırılmalı olan iki ağır cinayət qarşılığında gülünc bir cəza – bir il şərti iş verməklə faktiki olaraq cəzasız qoydular. Xatırladaq ki, 9 il 4 ay həbs cəzasının bir il şərti cəza ilə əvəzlənməsini məhkəmədən dövlət ittihamçısı özü istəmişdi. Bu da heç şübhəsiz ki, A.Mehdiyevanın Gültəkin Hacıbəyliyə böhtan ataraq üzünə durmasının qarşılığı idi. Mahmud Mehdiyevə gəlincə, o da keçmiş xanımı və oğlunun anasınına qarşı çuğulçuluğa görə öz mükafatını alıb. Mehdiyev Baş Prokuror Zakir Qaralovun əmri ilə Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilib. Halbuki o, 18 iyun 2010-cu il tarixli intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlə prokurorluq orqanlarından xaric edilmişdi. Zakir Qaralovun dörd il əvvəl imzaladığı əmrdə M.Mehdiyevin prokurorluqdan qovulmasınn səbəbləri də göstərilir. Əmrdə “aparılmış yoxlamalar nəticəsində Mahmud Mehdiyevin prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verməklə hərbi xidmətdən faktiki olaraq yayındığı müəyyən edildiyi” deyilir və sonda Zakir Qaralov Mahmud Mehdiyevin “prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə” prokurorluq orqanlarından xaric edilməsini əmr edir. Beləliklə, prokurorluq orqnlarına işə qəbulu istisna edən əsaslarla 2010-cu ildə işdən qovulan şəxsin işə bərpası haqında heç bir məhkəmə qərarı olmadan 2014-cü ildə işə qəbul edilməsilə  “Prokurorluq haqqında” Qanunun 29-cu maddəsini pozulub. Onu da xatırladaq ki, qanunda və qəbul haqqında elanda prokurorluğa qəbul yaşı 30 yaşadək göstərilsə də, M.Mehdiyev Xətai rayon prokurorluğuna müstəntiq təyin edilərkən 41 yaşı vardı.

Görünür, Gültəkin Hacıbəylini “məhv etmək” ehtirası kimlərinsə beyinlərinı elə dumana bürüyüb ki, hakimiyyət nə etdiyinin fərqində belə olmayıb.