Aksiya oktyabrın 12-nə nəzərdə tutululr; yer üçün BŞİH-ə müraciət olunacaq
Sentyabrın 30-da Milli Şuranın Koordinasiya Mərkəzi növbəti iclasını keçirib. İclasda mitinqlərə başlamaq məsələsi də müzakirə olunub və müsbət qərar verilib.
Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərovun deyib ki, Milli Şuranın mitinq keçirməsi haqda qərar verirlib. Mitinq oktyabrın 12-i saat 15:00 üçün nəzərdə tutulur. Aksiyanın tələbi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsidir.
Mitinqə yer ayırması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.
Mitinqin təyin edilməsi və məqsədi barədə AXCP sədri, Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli özünü Facebook səhifəsində məlumat verərək, xalqı aksiyaya çağırıb:
“Milli Şura gözlənilən qərarı verdi. Bu gün Milli Şura olaraq “Siyasi məhbuslara azadlıq! Repressiyalara son!” tələbilə mitinq keçirmək qərarına gəldik. Mitinq oktyabrın 12-də saat 3-də, Yasamal rayonundakı Məhsul stadionunda keçiriləcək. Mitinqin keçirilməsi şəhər icra hakimiyyəti ilə razılaşdırılacaq.
Ölkənin işıqlı insanlarına – siyasətçilərə, ziyalılara, vətəndaş cəmiyyəti fəallarına, gənclərə, inanclı insanlara qarşı repressiyalar o qədər genişlənib ki, artıq susmaq mümkün deyil. Haqsızlıq, zorakılıq, mənəviyyatsızlıq həddini o qədər aşıb ki, təkcə yazmaq, qınamaq kifayət deyil. Meydanlara çıxmaq lazımdır!
Mitinqin əsas tələbi də heç siyasi tələb deyil, insanlıq tələbidir. “Siyasi məhbuslar azad edilsin!” tələbini bölüşən hər bir şəxs mitinqə dəvətlidir.
Bu mitinqin keçirilməsi haqda qərar hansısa siyasi hesablamaların deyil, vicdanımızın səsidir. Vicdan borcumuzu yerinə yetirək, əsassız yerə həbs olunan, təqib edilən insanlara arxa duraq!”.
***
29/09/2014
Sentyabrın 29-da AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictima-siyasi vəziyyət müzakirə olunub.
Mitinqlərə başlamağın məqsədəuyğunluğu ilə bağlı partiyanın rayon şöbələrində keçirilən müzakirələr barədə də iclasda məlumatlar verilib. Bildirilib ki, partiyanın yerli təşkilatları mitinqlərə başlamağı məqsədə uyğun bilirlər və mitinqlərdə iştiraka hazırdırlar.
Rəyasət Heyəti yerli təşkilatların hazırlığını və ölkədəki mövcud şəraiti nəzərə alaraq, mitinqlərə başlamağı müvafiq sayıb. Rəyasət Heyəti Milli Şuraya təklif edib ki, mitinqlərə başlamağın mümkünlüyünü müzakirə etsin.



