Milli Şuranın mitinq qərarı hakmiyyəti təşvişə saldı

Milli Şuranın Koordinasiya Mərkəzi növbəti toplantısında mitinqlərə başlamaq məsələsini müzakirə edərək, müsbət qərar verdi. Xəbər verdiyimiz kimi mitinq oktyabrın 12-i saat 15:00 üçün nəzərdə tutulub. Aksiyanın tələbi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsidir. Mitinqə yer ayırması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırlanır. Maraqlıdır ki, Milli Şuranın mitinq qərar verməsi hakimiyyət düşərgəsində ciddi təşvişə səbəb olub. Hakimiyyət nümayəndələri Siyavuş Novruzov, Aydın Mirzəzadənin açıqlamalır bunu deməyə əsas verir. Reallıqdan uzaq bəyanatlar səsləndirən  hakimiyyət nümayəndələri ənənələrinə sadiq qalaraq demokratik düşərgəni sosial bazaya malik olmamaqda ittiham edib.

Mitinqin təşkilatçıları isə bəyan ediblər ki, aksiya haqda qərar hansısa siyasi hesablamaların deyil, vicdanın səsidir.

Eldəniz Quliyev: «Biz həm vicdanımızın səsinə qulaq asaraq, həm də vicdanımızı qorumaq üçün mitinqə getməliyik»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev hesab edir ki, ölkədə yaranmış hazırkı durum demokratik qüvvələri mitinq qərarı verməyə məcbur edir. E.Quliyevin fikrincə, siyasi məhbus problemi, qanunların işləməməsi artıq pik həddə çatıb: «Biz öz sözümüzü deməliyik. Hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, mitinq kiminsə üçün deyil, məhz onun üçündür. Məsələyə, məndən keçdi, canım qurtardı. Səndən yan keçən güllə sənin əzizinə dəyə bilər və ya həmin güllə sabah səndən yan keçməyə də bilər. Mitinqə gedən öz dövləti üçün bu addımı atdığını, qanun aliliyi üçün çalışdığını dərk etməlidir. O bunu dərk edəcəyi təqdirdə ictimai şüur işə düşəcək. Hazırda cəmiyyətdə elə bir durum yaranıb ki, müxalifətin mitinq keçirməkdən başqa vasitələri tükənib. Nə mümkün idisə deyilib. Həm yerli QHT-lər, həm də nüfuzlu beynəlxalq təşkilatlar mövqelərini ortaya qoyublar. Biz həm vicdanımızın səsinə qulaq asaraq, həm də vicdanımızı qorumaq üçün mitinqə getməliyik».

Vidadi Mirkamal: «İnsanlar siyasi proseslərə reaksiya verməli, baş verənlərin ölkəni hara apardığını bilməlidirlər»

Prezident seçkilərindən sonra siyasi aktivliyin cəmiyyətdə xeyli azaldığını deyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal vurğuladı ki, prezident seçkilərinin kobud şəkildə saxtalaşdırılması insanlarda ruh düşkünlüyü yaradıb: «Prezident seçkilərindən sonra hakimiyyət özünə yaxın qüvvələrə təsir etdi. Hakimiyyət qarşısına Milli Şuranı zəiflətməyi və bununla da müxalifət hərəkətinə zərbə vurmağı qoymuşdu. Əslində Milli Şuradan çıxan təşkilatlar daha çox özlərini zəflətmiş oldular. Hakimiyyət yaranmış situasiyadan istifadə edərək vətəndaş cəmiyyətindən qisas almağa başladı. Hazırda QHT sektorunda müstəqil təşkilat qalmayıb ki, iqtidar trərəfindən izlənməsin. Belə fonda cəmiyyətin passivliyi hakimiyyətə əl-qol açmağa imkan verir. Ona görə mitinq qərarı verməklə Milli Şura cəmiyyətdə siyasi fəallığı artırmaqdır. İnsanlar siyasi proseslərə reaksiya verməli, baş verənlərin ölkəni hara apardığını bilməlidirlər. Hazırkı dövrdə kütləvi aksiyaların keçirilməsi xeyli zəruridir».

Hakimiyyət düşərgəsində Milli Şuranın mitinq qərarı üzündən müşahidə olunan narahatlığa gəlincə isə, V.Mirkamal vurğuladı ki, iqtidar həmişə narahatdır. «Çünki hakimiyyət nələr etdiyini bizdən daha yaxşı bilir. Biz hakimiyyətin etdiklərinin əlli faizini biliriksə, tam məlumatı daha yaxşı iqtidar bilir. Ona görə də hakimiyyət cəmiyyətdə böyük xof yaratmağa çalışır», deyə V.Mirkamal vurğuladı.

Xəyal