
“Xəzər beşliyi”nin birgə bəyanatı ABŞ-Azərbaycan əməkdaşlığını təsirləndirməyəcək”
Vəfa Quluzadə: «Bu açıqlama Azərbaycanın Xəzərdəki mövqelərini gücləndirir»
Həştərxanda Rusiyanın təzyiqi ilə qəbul olunan bəyanata ABŞ-dan sərt təpki gəlib. ABŞ bəyanatda əksini tapan məqamlarla razılaşmadığını sərt formada fiadə edib. “Biz “Xəzər beşliyi”nin birgə bəyanatında qeyd olunmuş başqa müddəalarla yanaşı, Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyi barədə müddəanı da görmüşük”.
Bu fikri ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqdə bildirib.
O, Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan liderləri tərəfindən sentyabrın 29-da qəbul edilmiş birgə bəyanat barədə suala cavab verərkən deyib ki, bizim Azərbaycanla sərhəd təhlükəsizliyi, anti-terror fəaliyyəti, NATO-nun qarşılıqlı əməliyyatlara və beynəlxalq missiyalara sülhyaradıcılarla töhfə verməsi imkanları üzərində cəmləşmiş güclü təhlükəsizlik əməkdaşlığımız var. Biz düşünmürük ki, “Xəzər beşliyi”nin birgə bəyanatı bunu dəyişəcək və ABŞ-Azərbaycan əməkdaşlığını təsirləndirməyəcək.
Xatırladaq ki, beş Xəzəryanı ölkənin Həştərxanda keçirilmiş sammitində qəbul olunmuş birgə bəyanatda deyilir ki, “Xəzər beşliyi” Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudiyyətini yolverilməz hesab edir. ABŞ-ın bu cür mövqedən çıxış etməsi maraq doğurur. Çünki belə hesab olunurdu ki, Həştərxanda niyyətinə nail ola bilməyən Rusiya bəyanamadə əksini tapan məqamların daha da möhkəmləndirilməsi üçün Qazaxıstanda ciddi səylər göstərəcək.
Politoloq Vəfa Quluzadə də hesab edir ki, Amerikanın bu cür mövqedən çıxış etməsi bir qədər gözlənilməz oldu. Amma hər bir halda məsələyə bu cür yanaşma Azərbaycanın mövqelərinə uyğundur: «Amerikanın Xəzər dənizində hər hansı silah yerləşdirməsi barədə bir məlumat olmayıb. Xəzərdə real təhlükə sayıla biləcək dövlət Rusiyadır. Xəzəryanı dövlətlərə təhlükə törədə biləcək yeganə dövlət Rusiyadır. Rusiya Həştərxandakı hərbi dəniz qüvvələri vasitəsilə digər ölkələrə təhdidini gizlətmir. Azərbaycan ABŞ-la hərbi və terrora qarşı mübarizədə dərindən əməkdaşlıq edir. Lazım gələrsə, Xəzərdə terror təhlükəsi yaransa o zaman sözsüz ki, ABŞ Xəzərdə hərbi qüvvə yerləşdirə bilər. ABŞ-ın son bəyanatının məqsədinin nə olduğunu bilmirəm. Amma bu açıqlama müsbət bəyanatdır və Azərbaycanın Xəzərdəki mövqelərini gücləndirir».
Xəyal


