Kafe, yoxsa əxlaqsızlıq yuvası?

Imişli sakinləri müxtəlif qurumlardan kömək istəyir

Imişli rayon Qızılkənd kəndinin bir qrup sakini “Azadlıq”a şikayət yollayıb. Onlar öz həmkəndlilərinin əxlaqsızlıq yuvası saxlamasından və bununla bağlı müxtəlif qurumlara etdikləri şikayətə baxılmamasından yazırlar.

“Hörmətli redaksiya, həmkəndlimiz, Qızılkənd kənd sakini Salahov Hidayət Tapdıq oğlu sakini olduğumuz kəndin girəcəyində, Bəhrəmtəpə-Biləsuvar yolunun üstündə işlətdiyi kafeni təyinatı üzrə yox, əxlaqsızlıq yuvası kimi istifadə edir. Hər gün gecə saatlarında təxminən 8-10 nəfər əxlaqsız qadını qazanc məqsədilə işlətdiyi kafeyə gətirərək, cinsi istismara məruz qoyur. Bu haqda müxtəlif dövlət qurumlarına dəfələrlə yazılı və şifahi müraciət etsək də, heç bir nəticəsi olmayıb. Kafenin sahibi Salahov Hidayətin özü isə, bütün bu müracətlərimizin mənasız olduğunu açıq şəkildə bildirir. H.Salahov bildirir ki, kafeyə gətirdiyi əxlaqsız qadınlara görə Biləsuvarın hüquq mühafizə orqanlarına ”haqq” ödəyir. Hidayət bildirir ki, hətta müxtəlif işlərdə adı çəkilən orqanlarla müəyyən məqamlarda əməkdaşlıq da edir. Yazıb sizə bildiririk ki, bu hal bütün kənd sakinlərini ciddi narahat edir və belə bir ciddi problemin həll olunmasında “Azadlıq” qəzetinin köməyinə ümid edirik. Xahiş edirik, müraciətimizi qəzetinizdə işıqlandırasınız”.

Məktublar şöbəsi