AXCP-dən Arif Hacılıya cavab

Fuad Qəhrəmanlı: «Bu hakimiyyətə qarşı prinsipial müxalifət mövqeyindən çıxış etməyən hər hansı qüvvə ilə əməkdaşlığa əsas görmürük»

Sentyabrın 27-də Müsavat partiyasının 8-ci qurultayı keçirildi və Müsavat partiyasının başqanı postuna Arif Hacılı seçildi. Bildiyiniz kimi Müsavat partiyası Milli Şuradan ayrıldıqdan sonra, AXCP-nin bu partiya ilə bütün əməkdaşlığı dayandırılıb və beləliklə partiyalar arasında münasibətlər kəsilib.

Müsavatın yeni başqanı Arif Hacılı mətbuata açıqlamasında bu məsələyə də toxunub və AXCP ilə münasibətlərin yenidən isitiləşməsinin mümkünlüyündən danışıb: “AXCP ilə münasibətim ondan ibarətdir ki, o, partiya müxalifət partiyasıdır. Xalq Cəbhəsi ilə müttəfiqlik münasibətlərimiz mümkün olmasa belə, fəaliyyətimizi koordinasiya etmək, uzlaşdırmaq istiqamtində təkliflər vermək niyyətindəyəm. Mən AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyam. Indiki şəraitdə AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasına bir daha cəhd etmək niyyətindəyəm” -deyə Arif Hacılı bildirib

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, bu hakimiyyətə qarşı prinsipial mövqe sərgiləməyən heç bir təşkilatla əməkdaşlığa ehtiyac duymuruq: “Müsavat partiyası heç bir əsas gətirmədən Milli Şuranı tərk etdi və bu da AXCP ilə münasibətlərdə məsafə yaratdı. AXCP əməkdaşlıq formatı kimi Milli Şurada təmsilçiliyi əsas götürür. Eyni zamanda mövcud hakimiyyətə münasibətdə prinsipial mövqe nümayiş etdirən real qüvvələrlə qarşılıqlı anlaşmaya hazırıq. Müsavat partiyasının Milli Şuradan ayrılmasının əsas ilhamvericilərindən biri də Arif Hacılı olub. Müsavat partiyasının seçdiyi mövcud kurs, Milli Şuraya münasibət onu deməyə əsas verir ki, bu partiya ilə münasibətlər indiki səviyyədə qalacaq”.