Xəzərdə anti-Qərb sazişi reallaşsa…

Xəzəryanı ölkələrin 4-cı sammiti bir sıra mühüm məsələlərlə yadda qaldı. Hələ Azərbaycanın dövlət başçısı İlham Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qatılmamışdan öncə müzakirəyə çıxarılan əsas məsələ status və təhlükəsizliklə bağlı idi. Putinin Xəzəryanı ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlər keçirməsi niyyətini əvvəlcədən bəyan etməsi onu sübut edrdi ki, Kreml Xəzərlə bağlı siyasətini tərəflərə qəbul etdirməyə çalışacaq. Xəzəryanı ölkələrin uzun illərdir müzakirə etdiyi əsas məsələ Xəzərin hüquqi statusudur. Ölkələr bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Eyni zamanda Rusiya, Qazaxıstan və Azərbaycan bu məsələni öz aralarında həll ediblər və dənizin dibinin milli sektorlarının sərhədlərini müəyyən ediblər, burada neft və qaz axtarışı və hasilatı həyata keçirirlər. Bu məsələlərdən başqa tərəflər gəmiçilik, milli iqtisadi zonaların müəyyən edilməsi, bioloji resursların müdafiəsi, ekologiya məsələlərini və s. müzakirə edirlər.

Amma əsas məsələlərdən biri Rusiyanın Xəzərə xarici ölkələrin gəmilərinin girişinə qadağanın qoyulması ilə bağlı irəli sürdüyü təklifdir. Artıq bir neçə dəfə Rusiya oxşar təşəbbüslə çıxış edib.

Rusiyanın bu təşəbbüsünün arxasında nə dayanır? Və belə bir niyyətin gerçəkləşməsi hansı reaksiyaya səbəb ola bilər?

İlham Şaban: «Xəzərin statusu «siyasi alver predmeti» kimi Qərbin qarşısında qaldırılır»

İqtisadçı İlham Şaban «azadlıq radiosu»na açıqlamasında bildirib ki, Rusiya tərəfinin anonsundan belə nəticəyə gəlmək olar ki, Xəzərin hüquqi statusu məsələsi yenə də həllini tapmayacaq: «Hazırda Xəzərdə nefti və qazı olan bir nömrəli ölkə, 50 il qabaqkı kimi, Azərbaycandır. İran yeganə Xəzəryanı ölkədir ki, dənizdə nə neft çıxarır, nə də qaz hasil edir.

Elə İranın iki ayağını bir başmağa dirəyib 20 faiz istəməsi bu səbəbdən doğur. Sırf siyasi məqsəd güdür. İran bilir ki, Xəzərin dibinin bölünməsi ilə bağlı mifik tələbi irəli sürməsə, heç nə qazana bilməyəcək. İran əslində bunu siyasi alver predmeti kimi Qərbin qarşısında qaldırır».

Sülhəddin Əkbər: «Rusiyanın məqsədi NATO ölkələrinin Xəzərdə hərbi iştirakına imkan verməmək və buna təminat almaqdır»

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Rusiya və İran Xəzəri uzun müddətdir ki, öz maraq darəsi elan edib. S.Əkbərin fikrincə, Rusiyanın məqsədi Xəzəryanı ölkələrdən başqa hər hansı bir dövlətin dənizdə hərbi və ya mülki iştirakına imkan verilməsin. Rusiya və İranın bu istiqamətdə maraqlarının üst-üstə düşdüyünü deyən S.Əkbər vurğuladı ki, bu baxımdan hər iki dövlətin niyyəti yeni deyil və Həştərxandan sonra da bu niyyət davam edəcək. Yaxın və Orta Şərqdəki vəziyyəti nəzərə alsaq bu cür siyasətin yürüdülməsi başa düşüləndir. Əsas məqsəd NATO ölkələrinin, Türkiyə və İsrailin Xəzərdə hərbi iştirakına imkan verməmək və buna təminat almaqdır”.

Rusiyanın Xəzərlə bağlı yürütdüyü  siyasətə hazırkı şərtlər daxilində etiraz edəcəyini düşünməyən S.Əkbər hesab edir ki, çünki bundan əvvəl oxşar sənədlərə Azərbaycan tərəfi razılıq veri. Amma bu cür vəziyyət İran və Rusiya istisna olmaqla digər ölkələrin maraqlarına uyğun deyil. «Nə Qazaxıstanın, nə Türkmənistanın, nə də Azərbaycanın Xəzərdə Rusiya və İranla rəqabət aparmaq üçün hərbi potensialı yoxdur. Bu rəqabətdə hələlik Rusiya qazanır. Xüsusilə 2008-ci ildən sonra Rusiyanın Cənubi Qafqazda, Xəzərdə mövqeləri möhkəmlənib», deyə S.Əkbər vurğuladı.

Xəyal