Balansı pozulmuş siyasətin xərcləri
Müəyyən mənada indiki «ilıq müharibə» Rusiyaya sərf edir. Ətrafındakı ölkələri tanıdığına görə. RF Xarici İşlər naziri Lavrov Qərblə münasibətləri bərpa etməyin zəruri olduğuna eyham etməklə, əslində Rusiyanın indiki gərginliyi özü üçün idarə olunan mərhələyə çevirmək istədiyini göstərir. Yəni, lazım olan zamana qədər düşmənşilik, ondan sonra isə dostluq.
Rusiya ipləri dartmaqla məşğuldur
Lazım olan zamana qədərki düşmənçilik isə Rusiyaya öz ətrafındakı vassalların iplərinin möhkəmləndirilməsi, bufer dövlətlərin vassallara çevrilməsi üçün lazımdır. Bu sırada Azərbaycan var, buna görə də bizim üçün çox təhlükəli bir dönəmin artıq çoxdan başladığını elan edə bilərik.
Rusiya və Azərbaycan hakimiyyətlərinin indiki mərhələdə mənafe birlikləri o qədər sıxdır ki, hətta Jirinovskini Azərbaycanın fəxri vətəndaşı elan etməyə də dəyər. Bu, regionda desovetizasiyanın durdurulmasıdır. Ukrayna inqilabının «virus»larının blokadaya alınmasıdır. Belarusla eyni şkalaya daxil edilən Azərbaycanın demokratiyaya keçidinin qarşısının alınmasıdır. Azərbaycan hakimiyyətinin də əsas niyyəti budur. Buna görə də balans siyasətinə, faktiki olaraq, son verildi. Həm də bunu Azərbaycan hakimiyyəti etmədi. Qərb etdi. Kürü diplomatiyasının izləri ifşa edildi və azərbaycandan prinsiplərə sədaqət və birüzlü siyasət istənildi. Azərbaycan hökuməti birtərəfli qaydada Rusiya yönümlü siyasətə üz tutdu.
Rusiya da indiki ərəfədə məhz Azərbaycan kimi ölkələrin «balans» siyasətinə son verilmsi erası kimi baxır. Regiondakı avtoritar hakimiyyətlərin əl-qolunu Həştərxana bağlayıb qurtarandan sonra Qərblə kompromisslər barədə danışıqlara başlamağı nəzərdə tutur. Rus diplomatiyası indi Putinin bu planları üzərində testlər hazırlamaqdadır.
Azərbaycan dibsiz quyunu doldura biləcəkmi?
Rusiyaya balansı pozulmuş şəkildə sürətlə yaxınlaşmaq isə Azərbaycanda yeni qayğılar doğuracaq. Bu, geosiyasi oyunlarda sınıq çıxmaq ehtimalından başqa problemlər də yarada bilər və yaratmaqdadır. Məsələn, sosial- iqtisadi baxımdan. Təsəvvür edin ki, Rusiya boyda nəhəng indi Azərbaycandan idxal etdiyi kənd təsərrüfatı məhsullarının hesabına kəsirlərini doldurmağa ümid edir. Buna görədir ki, Roqozin gedir, Jirinovski gəlir, bundan sonra Narışkinin səfərləri olacaq, daha sonra Kremlin bütün qaranlıq simaları növbə ilə günəşli Azərbaycanda at oynatmaq istəyəcəklər və yalnız xiyar-pomidor üçün deyil.
Azərbaycan Rusiya boyda dibsiz quyunu doldura bilməz. Amma mal ixracatında qayda-qanun yaradacaq qədər müdrik hökumət deyil. İxrac mallarının kvotası ilə bağlı heç bir müzakirə aparılmayacaq. Nəticədə daxili bazarda qiymətlər od tutub yanacaq. Məsələn, ətin qiymətinin daha 50 faiz bahalaşacağı ilə bağlı proqnozlar kimi. İxracatçılar isə yalnız oliqarxlar olduğuna görə, onları yalnız şəxsi qazancları maraqlandırır və başqa hər hansı qaydalar-qanunlar onların vecinə deyil.
Təbii, sürətlə bahalaşma sosial narazılıqlar yaradacaq. Amma sosial narazılıqları yatırmaq üçün iqtisadi rıçaqlardan deyil, inzibati rıçaqlardan istifadəyə üstünlük veriləcək. Çünki Azərbaycan hökumətinin daxili siyasəti yalnız inzibati güc üzərində qurulub. İctimai fəalların kütləvi həbsi həm də bu mərhələ üçün profilaktik hazırlıqdır. Cəmiyyətdə gözlənilən narazılıqları yatırmağın ən yaxşı yolu onları oyanmağa qoymamaqdır.
Siyasi kürü əvəzinə qeyri siyasi rəqslər
İlham Əliyevin hökuməti Rusiya ilə yaxınlaşma dönəminə Qərbdən mümkün qədər uzaqlaşma fürsəti kimi baxır. Bu ərəfədə Avropa Azərbaycan mənşəli özfəaliyyət və rəqs dərnəklərinin çıxışlarına, xeyriyyə fondlarının bədxərc tədbirlərinə tamaşa etməlidir. «Land of fire» kampaniyaları Hafızi və ya Hafizsiz birtəhər davam etdiriləcək.
Avropa qapıları və Rusiya pəncərəsi
Əsas meydan isə Rusiyadır.
Rusiya Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmayacaq. Əksinə, balanssız qalmış Azərbaycanı Qarabağ kartı ilə də şantaj etək üçün əla fürsət yaranıb. Bu mərhələdə ermənilər və azərbaycanlılar arasında etnik nifrəti dərinləşdirən xüsusi tədbirlər və mexanizmlər hazırlanacaq ki, iki ölkənin prezidentlərinin təmaslarına daha çox ehtiyac olsun. Zatən, Jirinovski də təqribən belə bir mesaj verdi ki, münaqişə yalnız prezidentlər səviyyəsində müzakirə bə həll edilməlidir. Ermənistanı iqtisadi və siyasi baxımdan ayağına bağlayan Rusiya Azərbaycanı da bu duruma salmaq üçün bütün imkanlarını işə salacaq.
Qarabağ münaqişəsini Rusiya daha dərinə işlədəcək, amma Azərbaycan diplomatiyası və rəsmi təbliğatı münaqişənin həll olunmamasına görə Qərbə qarşı ittihamlarını sərtləşdirəcək. Rus diplomatiyası çalışacaq ki, Azərbaycanla Qərbin körpüləri yandırılandan sonra Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda konstruktivliyə bənzər mövqe tutsun. Çünki Qafqaz olduqca önəmlidir. Ukrayna Avropanın qapısıdır, Qafqaz isə Rusiyanın parçalanmasının başlanğıcı ola bilər. Rusiya ya Qafqazdan, ya da Orta Asiyadan parçalana bilər. Orta Asiyada sakitlikdir. Qırğızların inqilabı da oralara yeni ab-hava gətirə bilməz, çünki Qırğızstan inqilabdan əvvəl də, sonra da Putinin məsləhətlərindən çox asılıdır. Orta Asiyanın türkdilli respublikalarının arasındakı münasibətlər qarışılıqlı etimadsızlıq və hətta nifrət mərhələsindədir.
Amma Qafqazda sıxlıqdır. Burada Qarabağ münaqişəsinin həlli Güney Qafqazın Rusiyanın kontrolundan çıxması və Quzey Qafqazda separatçılıq hərəkatının vüsət alması deməkdir.
Rsuiya Qərblə indiki qarşıdurmaya bu qapıları bərkitmək dövrü kimi baxır. Bu bərkitmə işləri başa çatandan sonra Qərbə güzəştə getməyə hazır olduğunu bəyan edəcək. Azərbaycan isə o zaman bütün postsovet və Qərb məkanında, sadəcə olaraq, yaxşı rəqqasların ölkəsi imici ilə qalacaq.
Azərbaycan Qərblə siyasət qapılarını bağlaya bilər, bunun üçün bütün repressiyaları sona qədər davam edə bilər. Amma Qərblə «dolma diplomatiyası» həmişə qalacaq.
Balanssız siyasətin xərci artacaqmı?
İlham Əliyevi indi narahat edən, sadəcə, bir məsələ var. Putindən asılılığın artması onun xərclərini artıracaq, ya yox. İndi Rusiya xərcləri ildə iki milyard dollara yaxındır. Amma balans siyasətinin pozulması bu xərcləri artıra bilər. Azərbaycan hökumətini gözləyən ən böyük təhlükə budur.
Azad Akifoğlu


