Qərbdən imtina edib, “batan gəmi”yə minmək

Yaxud, bütün yoluxanlar yandırılacaq

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Bakı səfəri haqqında çoxlu məqalələr yazıldı, müzakirələr aparıldı, sosial şəbəkələrdə etiraz statusları paylaşıldı və bu səfər ictimai rəydə mənfi qarşılandı. Təbii ki, bu etirazlar haqlı idi və Jirinovskinin Bakıda əziz qonaq kimi qarşılanması yolverilməzdir.

Çünki, bu adam bütün fəaliyyəti dövründə türklərə nifrətini ifadə edib, Azərbaycan xalqını qoyun adlandırıb, Qarabağın Rusiyaya birləşdirilməsi təşəbbüsü ilə çıxış edib və son olaraq da Qafqaza hücum təşəbbüsünü irəli sürüb. Hətta, hakimiyyətin yuxarı eşalonunda oturanlar da Jirinovskini “psix”, “xəstə”, “sərsəm” adlandırdı və Azərbaycan xalqından üzr istəməsini tələb etdi. Nəticə isə onu göstərdi ki, bütün bunlar saxta vətənpərvərlik gedişləri imiş və Jirinovski Ilham Əliyevi tərifləməklə bütün günahlardan “pak” olub.

Anti-Qərb siyasətinin açıq anonsu

Bu hadisənin mənəvi tərəfindən başqa siyasi tərəfləri də var ki, bu da ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edir. Yəni, Jirinovskinin Bakı səfəri yalnız hakimiyyətin Rusiya sevgisini göstərmədi, həm də anti-Qərb siyasətinin əyani sübutu oldu.

Qeyd etmək lazımdır ki, Jirinovski “psix”, “xəstə” adlandırılsa da, Rusiya siyasətinin önəmli isimlərindəndir və Kremlin təmsilçisidir. Bəli, rəsmi Moskva açıq şəkildə ifadə edə bilmədiyi fikirləri Jirinovskinin dili ilə çatdırır. Hətta, Ukrayna məsələsində Jirinovski qədər canfəşanlıq edən, bu təcavüzkar siyasəti dəstəkləyən ikinci fiqur olmadı. 

Onu da demək yerinə düşər ki, Avropa Birliyinin sentyabrın 12-də qəbul etdiyi sanksiya siyahısına Jirinovskinin adı da daxil edilib.

Belə bir reallıqda Jirinovskini mötəbər qonaq kimi qarşılamaq, Rusiya ilə sıx əməkdaşlıqdan danışmaq, açıq şəkildə anti-Qərb siyasətinin davam edəcəyinin mesajıdır.

Bu arada Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Xəzəryanı 5 dövlət (Rusiya, Iran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) Xəzərə regiondankənar dövlətlərin hərbi qüvvələrinin  buraxılmaması barədə razılığa gəliblər. Bunun özü də göstərir ki, Azərbaycan hakimiyyəti nicatını Rusiyanın “batan gəmi”sində görür və bəşəri dəyərlərə xidməti təhlükəli fəaliyyət hesab edir.

Qeyd etmək lazımdır ki, son günlər Jirinovski ilə yanaşı, digər Rusiya rəsmiləri də Azərbaycana səfər edib, müxtəlif tədbirlərdə bu ölkədən gələn nümayəndə heyətləri iştirak ediblər.  Artıq, Qərbin təriflərindən məhrum olmuş hakimiyyət, bütün gücü ilə Rusiya faktoruna “stavka” edib. Və cəmiyyətə “Azərbaycanın yeganə dostu Rusiyadır” mesajı verilir.  Bütün bu proseslər isə, “Avropa Parlamneti ermənipərəst mövqe sərgiləyir”, “Barak Obama erməni lobbisinin təsirindədir”, “beynəlxalq təşkilatlar bizə qarşı qərəzlidir” tipli təbliğatın fonunda baş verir.

Bir sözlə, dünyaya “biz müalicə olunmaq istəmirik” mesajı verilir. Rusiya isə, hər zaman “xəstə”lərin qayğısını çəkməyə hazırdır.

Hakimiyyətin “öz yolu”  hardadır?

Yuxarıda izah etməyə çalışdıq ki, son günlər baş verənlər, xüsusən Jirinovskinin “podnos”da gəzdirilməsi həm ölkə ictimaiyyətinə hörmətsizlik, həm də demokratik dəyərlərdən imtinanın göstəricisidr.

Amma, ortaya çıxan nəticə bunlarla yekunlaşmır. Yaranmış mənzərə onu göstərir ki, hakimiyyətin “bizim öz yolumuz var” şüarı, “ölüm ayağında”dır.  Yəni, Rusiyaya sığınmaq siyasəti, 21 illik balans siyasətinin ortaya çıxardığı “həqiqət”ləri udmaqla məşğuldu. Məlum olur ki, “müstəqil siyasət”, “öz yolumuz” ifadələrinin arxasında Rusiya amili dayanırmış. Daha kobud ifadə etsək, bu günə qədər Rusiyanın “tras”ında şütüyüblər və Rusiyanın istədiyi qədər müstəqil ola biliblər.

Bütün dünyanın Rusiyaya qarşı savaş açdığı bir dönəmdə Rusiyanın “çadır”ına qısılmaq, rejimin idealist mahiyyətindən irəli gəlmir, gəmirici xislətindən qaynaqlanır. O qədər çirkaba batıblar ki, işıq gələn tərəfə getməyə hünərləri çatmır. Ona görə də “it hürən”tərəfə yollanırlar.

Görünür, siyasətin balansı pozulanda, öz yolunu itirmək zərurətə çevrilir. Vəziyyət o həddə çatır ki, söydüklərin və səni söyənlər, sənə yol göstərməyə başlayır.  

Bəli, hakimiyyətin “öz yolu” üzü şimala olduğuna görə, 21 ildir xalqın yanına çata bilmir.

Rusiya seçimi hara aparır?

İnformasiya əsrində, texnologiyalar bolluğunda məxfiliyin qorunması çətin məsələdir. Yəni, indiki reallıqda daha çox etiraf etmək üstünlük təşkil edir. Necə ki, Rusiyanın siyasətçiləri, iqtisadçıları bunu etiraf edirlər. Hətta, iri neft maqnatları da Qərbin sanksiyalarının Rusiyaya vurduğu ziyandan danışırlar. Demək istəyirik ki, Rusiya artıq perspektiv vəd edən deyil, tənəzzülə istiqamətlənmiş və dünya üçün təhlükə hesab edilən bir ölkədir.  

Belə bir ölkənin yanıda yer almaq, özü də demokratik dəyərlərdən imtina edərək bu yolu tutmaq, Azərbaycan və hakimiyyət üçün xoşagəlməz gələcək vəd edir. Tarixi nümunələr də göstərir ki, bütün avtoritar rejimlər  məğlubiyyət “şərbət”ini dadır. Son olaraq, Rusiyanın “atalıq qayğı”sı göstərdiyi Yanukoviç rejiminin məğlubiyyəti də bunu bir daha təsdiqlədi. Indi, Azərbaycan hakimiyyəti də tamahına qul olmaqla, bu “şərbət” stəkanına yaxınlaşır. Artıq manevr imkanları tükənib, nə xalqı, nə də dünyanı aldatmaq mükündür.

Epidemiya daşıyıcısının komasına girmisənsə, səni də yandıracaqlar. Çünki, bu epidemiyanı başqalarına da yoluxdura bilərsən. Bir sözlə, Rusiya seçimi, rejimi yoluxdurur.

İlham