Həştərxan bəyanatı razılaşdırıldı

Sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarım sammiti başlayıb. “Media forum” saytı xəbər verir ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Vladimir Putin iştirak edir.

Sammiti açan Vladimir Putin deyib ki, bu gün siyasi bəyanat qəbul etmək niyyəti var, həmin sənəd Xəzərin hüquqi statusu haqqında gələcək konvensiyanın əsasını təşkil edəcək.

Rusiyanın dövlət başçısı əlavə edib ki, Xəzəryanı dövlətlərin əməkdaşlığı regional sabitliyə yardım edir, terrorçuluq, ekstremizm, narkotiklərin dövriyyəsi və digər təhlükələrə qarşı mübarizənin effektini artırır.

Vladimir Putin Xəzər regionunu sülh və mehriban qonşuluq adası adlandırıb.

Rusiya prezidenti bəyan edib ki, tərəflər sammitdə siyasi bəyanat qəbul etmək niyyətindədirlər və bu, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın əsası olacaq: “Bizim ölkələrin əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək. O cümlədən terrorizm, ekstremizm, narkotiklərin dövriyyəsi, digər hədələrlə mübarizədə effektivliyi artıracaq, iqtisadi inkişafa əlavə dinamika verəcək, dünya bazarında rəqabətə davamlılığı artıracaq”.

V. Putin qeyd edib ki, sammitin gündəliyində məsələlər çoxdur: “Hüquqi status, təhlükəsizlik və iqtisadi əlaqələrdən başqa, nəqliyyatın inkişafı və ekologiya ilə bağlı addımların da müzakirəsi planlaşdırılır. Beynəlxalq aktual problemlər barədə də fikir mübadiləsi aparılacaq”.

“Azərbaycan Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir”. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirməyə imkan verəcək”.

İlham Əliyev bildirib ki, Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır.

Sammit çərçivəsində beştərəfli sazişlər imzalanıb. Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş imzalanıb. .

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri birgə bəyanat verib.