Əfqanıstanın yeni prezidenti and içdi

Əfqanıstanın sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzəy sentyabrın 29-da yeni prezident kimi and içib vəzifəsinin icrasına başlayıb.

“Media forum” saytının məlumatına görə, xarici dövlətlərin təmsilçilərinin, Əfqanıstanın sabiq lideri Həmid Kərzayinin də qatıldığı andiçmə mərasimi paytaxt Kabildə keçirilib.

Qəni Əhmədzəy dövlət başçısı postunu sentyabrın 21-də prezidentliyə digər namizəd Abdulla Abdulla ilə hakimiyyətin bölüşdürülməsi haqda imzalanmış saziş əsasında tutub. Abdulla Abdulla bu gün baş nazir postuna gətirilib. 

Əfqanıstanda prezident seçkisinin birinci turu aprelin 5-də baş tutmuşdu. Seçkinin nəticələrinə görə, namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməmişdi. İyunun 14-də keçirilən ikinci turun ilkin nəticələrinə görə, Qəni Əhmədzəy qalib olmuşdu. Seçkidə kütləvi saxtakarlığın olduğunu iddia edən digər namizəd – Abdulla öz hökumətini formalaşdırmaq niyyətində olduğunu açıqlamışdı.