Mahmud Abbas İsraili soyqırım törətməkdə ittiham etdi

Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas BMT Baş Məclisində nitqində İsraili Qəzza zolağında soyqırımı törətməkdə təqsirləndirib.
İsrail hakimiyyəti və ABŞ Mahmud Abbasın çıxışını qətiyyətlə tənqid ediblər. İsrail xarici işlər naziri Avigdor Lieberman onun çıxışını “tam yalan” adlandırıb.
Cənab Abbasın sözlərinə görə, İsrailin “dünyanın gözü qabağında” törətdiyi “hərbi cinayətlər” cəzasız qalmamalıdı.
İsraillə Qəzza zolağı arasında 50 gün davam edən hərbi münaqişə 2 mindən çox fələstinlinin və 73 israillinin həyatını alıb.
BMT-nin məlumatına görə, ölənlərin əksəriyyəti dinc sakinlərdir. İsrail mülki vətəndaşlar arasında itkilərin çox olmasını Həmas-ın düşmən ərazisini yaşayış rayonlarından, o cümlədən, məktəb və məscid damları üstündən raket atəşinə tutduğu və bununla cavab atəşi təhrik etdiyi ilə bağlı olduğunu bəyan edir.
Sentyabrın əvvəlində İsrail hakimiyyəti Qəzzaya beş zərbə nəticəsində mülki vətəndaşların ölümü ilə bağlı araşdırma başladığını elan edib. Ümumən yüzə yaxın insident araşdırılır.

“Fundamental məsələlər”

Mahmud Abbas Qəzzada misli görünməmiş dağıntılar baş verdiyini və əvvəlki müharibələrdən artıq ziyan vurulduğunu qeyd edib.
“Qəzzaya qarşı son müharibə bütün dünyanın gözü qabağında törədilən sırf hərbi cinayətlər silsiləsi olub”, – Fələstin muxtariyyətinin başçısı bəyan edib.
Daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməklə hədələdiyinə baxmayaraq, bu dəfə Fələstin lideri öz nitqində Haaqanı xatırlamayıb.
Cənab Abbasın sözlərinə görə, İsrail hakimiyyəti “fundamental məsələləri” həll etməsə, bu ölkə ilə danışıqlara qayıdış mümkün deyil – yəni, əgər İsrail “1967-ci il müharibəsində işğal etdiyi bütün Fələstin ərazisində paytaxtı Şərqi Yerusəlimdə yerləşən müstəqil Fələstin dövlətinin“ yaradılmasına razı olmasa.
Bunun cavabında İsrail xarici işlər naziri Abbası “diplomatik terrorçuluqda” ittiham edib.
Liebermanın sözlərinə görə, Abbasın bəyanatları “növbəti dəfə onun ağlabatan diplomatik razılıq əldə etmək üçün tərəfdaş ola bilmədiyini və istəmədiyini göstərir”.
Cənab Abbasın çıxışı zamanı İsrail nümayəndə heyəti iclas zalını tərk edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Jen Psaki Fələstin muxtariyyəti liderinin nitqini “təhqiredici və ədəbsiz” adlandırıb.
Onun sözlərinə görə, Abbasın BMT Baş Məclisində çıxışı “sülhə nail olmaq üzrə səyləri puça çıxarır”.
İsrail Qəzza zolağında iyulun 8-də miqyaslı hərbi əməliyyata başlamasının məqsədi ərazisinin raket və minaatan atəşinə tutulmasına son qoymaq olduğunu elan etmişdi.
Bir sıra qısamüddətli atəşkəs epizodlarından sonra tərəflər avqustun 26-da bu günədək davam etməkdə olan müddətsiz atəşkəs elan ediblər.