Jirinovskidən qorxur, bizi isə qorxudursunuz

(Uzaqgörən xarici və daxili siyasətimizin görk günü)

Şahvələd Çobanoğlu 

Azərbaycan xalqını dünyada heç kim onun kimi təhqir etməyib. Buna sübut gətirməyə də ehtiyac yoxdur. Bizim ölkədə bilməyən yoxdur, onun xalqımıza dediyi murdar ifadə – “7 milyon qoyun” ibarəsi dillər əzbəridir. Tək söz yarası da deyil onun elədiyi. Qarabağın ermənilərə aid olması, yaxud Ermənistana verilməsi, ya da Rusiyaya birləşdirilməsi barədə bəyanatlar, daim Ermənistanın müdafiə edilməsi Vladimir Volfoviç Jirinovskinin sevdiyi işlərdir.

“Sayğılı qonaq” təkcə Azərbaycana yağdırdığı hədyanlarla məşhur deyil. O, qonşu ölkələri işğal etməklə hədələyən, onlara qarşı Rusiyanın basqılarını, bəzən qanlı müdaxilələrini alovlandıran adamdır. Üstəlik, bu insan rus xalqı qarşısında cinayətkardır, Rusiyanı mütərəqqi inkişafdan saxlayıb, mürtəce bir yola sürükləyənlərdən biridir.  

Belə bir adamı Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə qarşıladı, hətta Ilham Əliyev onu qəbul etdi. Bu bədnam qonaqlama artıq bu rejimin yaxasından heç vaxt silinməyəcək ləkədir. 

Özləri, yəni yapçılar təzəcə Vladimir Jirinovskini “təlxək və psixi xəstə” adlandırmışdı. Bu da sonu. Bundan sonra hələ Azərbaycana sevgidən danışacaq və xalqın ləyaqətli övladlarını “vətən xaini”, “erməni”, “agent” adlandıracaqlar. 

Budur, bütün tör-töküntülərini, buyruq qullarını işə salıb Leyla Yunusa hədyanlar tökmədə davam edirlər. Həbsdən, işgəncədən də ürəkləri soyumur. Bu məğrur qadına hər cür böhtanlar söylədilər, indi də ölümlə üz-üzə qoyublar…

Son günlər yuxarıdan gələn tapşırıqla Xədicə Ismayıla hücumlar başlayıb. Azərbaycanda həqiqət və azadlıqlar üçün hər cür fədakarlığa, hər cür etiraza qatılan bu xanıma demədikləri böhtan qalmadı. Söz topa bilmədikləri üçün onun ermənilərlə aksiya təşkil etməsi haqda yalandan xəbər yaydılar. Xəbəri bütün nökər KIV-lərə payladılar. Yalan olduğunu bilə-bilə bu xəbəri yayanlar Jirinovski haqda susurlar. Tapşırıq gəlsə, onu tərifləməyə də başlayacaqlar. 

Bu hakimiyyətin ilk günündən tariximiz tərs bir işə düşüb: Azərbaycanı sevən olur düşmən, çıxdaş, Azərbaycanı söyən olur dost, qardaş. Həmişə belə olub. 

Amma indi Volfoviçin köməyi ilə bu gerçək YAP hakimiyyəti üçün əsl qəzaya çevrildi. Bu hadisə heç vaxt unudulmayacaq, heç vaxt dillərdən düşməyəcək. Bundan böyük özünü ifşa əməli ağıla gəlməzdi. Yalançı vətənpərvərliyin bədnamlıq günüdür Volfoviçin səfəri.

Bəlkə də istəməzdilər bu sayğı səfərini. Amma qorxurlar. Bəli, Jirinovskidən qorxur, bizi isə qorxudurlar. Yəni azərbaycanlıları. Uzaqgörən xarici siyasətimiz və daxili siyasətimiz belə qurulub.

Bəs Jirinovski haradan gəlib? Sual qəribə görünə bilər, fəqət belə bir məsələ də var bu səfərdə. Onun gəldiyi ölkənin Ermənistana dəstəyini demirəm təkcə. Rusiyanı yaxşı tanıyırıq, amma çoxlarımız bilmirik ki, şər yuvasına çevrilən bu ölkə də dəyişəcək. Rusiyadakı rejimin, Jirinovskilərin də sonu gələcək. 

Srağagün məşhur rokçu Andrey Makareviçin Moskvada konserti dağıdılıb. Zala hakimiyyəti müdafiə edənlər doluşub və hətta qaz buraxıblar. Rusiya indi belə bir ölkədir. Jirinovski bu siyasi düşüncənin daşıyıcısıdır. Orda da Andrey Makareviç kimi həqiqəti deyənləri “satqın”, “vətən xaini” adlandırırlar. 

Bu müğənni Rusiya Krımı işğal etdikdən sonra “Mənim ölkəm dəli olub” mahnısını yazmışdı. Amma belə bir adamın konsertində zal həmişə dolu olur. Elə bu da göstərir ki, Rusiya da dəyişəcək. Jirinovskilər Rusiyada da ləkə kimi xatırlanacaq.