Almaniya futbol «köpüyünü» yasaqladı

Braziliyada keçirilən dünya çempionatı çoxlarının yadında həm də hakimlərin futbol meydançasına köpüklə cızdığı ağ xətlərlə də qaldı.

Daha sonra UEFA Çempionlar Liqasında və İngiltərə, Fransa, İtaliya, İspaniya, Türkiyə futbol birinciliklərində tətbiq olunan «hoparaq-itən köpüklü boya» Almaniyada yasaqlanıb. Səbəb – «köpüyün» tərkibində kanserogen maddənin olması barədə iddiadır.

Almaniyanın «Bild» qəzetinin xəbərinə görə, FIFA-nın bütün ölkələrdə yararlanılmasını tövsiyə etdiyi köpüklü boya (sprey) Almaniyada qadağan olunub. Almaniya Yoxlama Qurumunda (TÜV) çalışan doktor Greta Dau Argentinada istehsal edilən «köpüyün» tərkibində ziyanlı «paraben» adlı kimyəvi maddənin üzə çıxarıldığını bildirib. O bu boya qutusunun üzərində açıq-aydın xəbərdarlığın olmadığını və «köpük»dəki maye miqdarının Avropa standartlarına uyğun gəlmədiyini də söyləyib.  

«Paraben» bir çox kosmetik məhsullarda istifadə edilən, ucuz və zərərli bakteriyaların qarşısını alan, həm də məhsulun ömrünü uzadan kimyəvi maddədir. Bununla belə, bir çox araşdırmalar, o cümlədən Edinburq Universiteti onkologiya mütəxəssislərinin araşdırması 20 müxtəlif xərçəng şişinin 18-də bu maddənin olmasını üzə çıxarıb. 

Almaniya Futbol Federasiyası UEFA Çempionlar Liqasında da istifadə edilən «köpüklü boya»dan yararlananlara cərimə kəsəcək.

Almaniya «paraben» ucbatından «köpüklü boya»nı yasaqlayan ilk ölkədir. Başqa ölkələrdən, hələ ki, hər hansı şikayət səslənməyib. (azadliq.org)