Xədicə İsmayıla qarşı hücumlar nədən qaynaqlanır?

Şahvələd Çobanoğlu: «Bu hakimiyyətin haqsız mövqeyini pul verdiyi adamlar da müdafiə edə bilmir»

“Hakimiyyət bütün tör-töküntülərini işə salıb, yenə də Xədicə Ismayılı təhqir edir. Qəzəbin səbəbi isə çox sadədir. Çünki bu hakimiyyətin haqsız mövqeyini pul verdiyi adamlar da müdafiə edə bilmir. Insanları haqsız yerə həbsə atıb, haqlı çıxa bilməzsən. Bir ölkəni talayıb, sonra da özünü haqlı göstərə bilməzsən”, – deyə tanınmış yazar Şahvələd Çobanoğlu “facebook” səhifəsində son günlər araşdırmaçı jurnalist Xədicə Ismayıla qarşı hücumlara münasibət bildirərək yazıb.

“Söz tapa bilmirlər və ”aksiyanı ermənilər təşkil edib” deyə, insanları çaşdırmaq istəyirlər. Aksiyada iştirak edən Avropadan olan hüquq müdafiəçilərinin adları göstərilib, onların arasında isə iki azərbaycanlı var. Bircə nəfər də erməni yoxdur. O adamların sifətindən görünür ki, onlar erməni deyil. Azərbaycan xalqını təhqir edən, onun torpaqlarının işğalını dəstəkləyən Jirinovskini qonaq qəbul edənlər yalnız yalana söykənməyə məhkumdur”, – deyə Şahvələd Çobanoğlu qeyd edib.

Xatırladaq ki, hökumətyönlü qəzetlərdə sentyabrın 23-də Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Institutlar və Insan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycandakı siyasi məhbuslarla bağlı aksiya keçirilib. Əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış köynəklər geyinən fəallar konfrans zalına daxil olaraq, çıxışçıların arxasında düzülüblər.

Iqtidaryönlü saytlar Azərbaycan Demokratiya və Insan Haqları Institutuna istinadla (bu təşkilatın sədri Əhməd Şahidov ATƏT-in toplantısına çıxışçı kimi qatılıb) həmin aksiyanı keçirənlərin erməni olduğu və azərbaycanlı jurnalist Xədicə Ismayılın diqtəsilə hərəkət etdiyi haqda xəbər yayıb.

X.Ismayıl bir “facebook” qeydi ilə aksiyanın təşkilatçısı barədə məlumat verib. Məlum olub ki, aksiyanı hazırlayan Insan Haqları Evinin əməkdaşı, Isveçrədə yaşayan italyan Anna Innocentdir. Aksiyada bir nəfər də erməni iştirak etməyib.