Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Hələ dörd yüz il əvvəl yəhudi kökənli Niderland filosofu, “Avropalı sufi” kimi bilinən Benedikt Spinoza “Azadlıq – dərk edilmiş zərurətdir” deyirdi. Sonradan bu sözlər azadlıq haqqında deyilmiş ən dəqiq fikirlərdən biri kimi aforizmləşdi. Spinozanın aforizmləşən başqa bir fikri “insan Tanrını öz zəkası ilə sevməlidir” sözləri idi.
O inanırdı ki, intellekt insan ruhunu sakitləşdirir, onu qorxulardan azad edir, bu səbəbdən Tanrıya intellektual sevgi – qorxulardan təmizlənmiş, ən səmimi sevgidir.
Əlbəttə, günümüz Azərbaycanında, yetimin haqqını yeyənlərin, məzlumun ahını alanların, başqasının cibini güdənlərin, istənilən ictimai yalanı heç bir vicdan sızıltısı olmadan asanlıqla danışa bilənlərin sonra da durub hansısa “Allah qorxusu” ilə bir-birinin belindən basa-basa həcc ziyarətlərinə axışdığı, məscidlər açıb pirlərə boynu qırmızı lentli qoçlar daşıdığı bir vaxtda Spinozanın yuxarıda dedikləri xeyli əcaib, ya da gülməli görünə bilər.
Amma biz indi daha çox onun azadlığın “dərk edilmiş zərurət” olması barədə dediklərinin üzərində dayanmaq istəyirik. Hansı ki, bizim toplumda indi ən çox məhz bu çatışmır – “azadlıq” əksəriyyət üçün sadəcə, qulağa xoş gələn, bir çox hallarda proqressiv, mütərəqqi görünmək üçün dildən düşməyən sözdən başqa bir şey deyil. Bizdə doğrudanmı, bu sözü yeri gəldi-gəlmədi, dilindən düşürməyən hər kəs üçün azadlıq dərk edilmiş zərurət, şüurlu seçimdir? Cavab müsbətdirsə, avtomatik olaraq başqa sual yaranır: elə isə hər addımbaşı qarşımıza kölə, müti, qolundakı zəncirləri qırmaq yerinə, sevməyə başlayan bu qədər insan haradan çıxır?
Vəziyyətin bu yerdə olmasının səbəbləri isə ağlı başında olan hər kəs üçün aydındır. Uzaq tarixi bir kənara qoyaq, elə 1980-ci illərin sonuna dönək. “Azadlıq hərəkatı” adlandırdığımız meydan toplaşmalarında tribunadan enməyən, öz poetik pafosları ilə qarşılarındakı yüz minlərlə insanı coşduran şair-yazıçıların sonrakı aqibətini xatırlayın. Onlar bizə azadlıq vəd edirdilər. Amma özləri çox keçmədən saray kölələrinə, irtica tamadalarına çevrildilər. Fəxri adların, orden-medalların, maddi imtiyazların əsiri oldular. Səbəb sadədir: azadlıq – onlar üçün dərk edilmiş zərurət deyildi, onlarda daxili azadlığın özü çatışmırdı, onlar daxilən kölə idilər, odur ki, fövqəladə bir instinktlə AĞANI DƏYIŞDIYINI hiss edincə tribunaya doğru qaçmış, bir növ “yeni ağanın” pişvazına çıxmışdılar.
Nəticədə biz sadəcə, “azadlıq” sözünü sevdik. Azadlığın özü isə belə riyakarların, saxtakarların sayəsində bizim üçün dərk edilməmiş qaldı. Hətta iş o yerə çatdı ki, məsələn, yalan danışmağı, yaxud yaltaqlığı çox rahatlıqla, utanıb-qızarmadan söz azadlığı ilə (“bu da mənim fikrimdir, niyə hörmət eləmirsən?”) izah etməyə, əsaslandırmağa çalışan əcaib tiplər meydana çıxmağa başladı.
Azadlıqlara belə eybəcər münasibətin kökündə məhz Spinozanın diaqnozu – “azadlığın dərk edilməməsi” dayanır.
Biz azadlıqlara nifrət edən, azadlıqları xor görən mental sistemə dayanan xalqıq. Bu mental sistemin üzərinə bir də onilliklər boyu azadlıqları çeynəyən, zərərli sayan, yox etməyə çalışan siyasi sistemlərin qapazı altında yaşamağımızı gəlin. O zaman azadlığın bizim torpaqlar üzərində mütləq çoxluq üçün dərkedilmiş bir zərurətə çevrilməməsinin səbəbini açıq-aydın görəcəksiniz.
Bir anlıq bizə “qəhrəman”, yaxud “dahi” kimi sırınanları düşünün. Onların nə qədəri və nə qədər azad idilər, yaxud azaddırlar?! Görün, dilindən “azadlıq” sözü düşməyənlər bizə kimləri təbliğ edirlər, kimlərin şeirlərini əzbərlədir, kimlərin romanlarını oxudur, kimlərin həyatını örnək göstərirlər – donosçuların, partiya və hökumət mədhiyyəçilərinin, saray tərənnümçülərinin.
Nəticə: nəhəng bir daxili kölələr ordusu. Qul xislətlilər nəsli. Və gücünü onlardan alan, onların sayəsində var ola, ayaqda qala bilən Şər ağalığı!
Əlavə sözə ehtiyac qalırmı?!
Hə, az qala unutmuşdum, azadlıq adına hər şeyin – dürlü-dürlü konstitusiya maddələrinin, prospektin, metro stansiyasının, meydanın, qəzetin, partiyanın… olduğu ölkədə azadlığın özünün yoxluğu – bu isə artıq məntiqi sonluqdur. Çünki dərk olunmayan hər şey əvvəl-axır tərk edilir.