Əliyevdən xəbərsiz heç kəs Leyla Yunusla belə davrana bilməz


 

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi təcridxanada Leyla Yunusa işgəncə verilməsilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Heç bir hüquq və insanlıq normaları tanımaq istəməyən Azərbaycan hakimiyyəti öz rəqiblərinə qarşı yerli və beynəlxalq ictimaiyyəti təəccübləndirəcək repressiv addımlar atmaqda davam edir. Bu addımlar təkcə yazılı qanunlara deyil, etik qaydalara, xalqımızın adət və ənənələrinə sığmayan rüsvayçı hərəkətlərlə müşahidə olunur.

Müstəqillik tariximizdə ilk dəfə olaraq Leyla Yunusun timsalında qadın ictimi- siyasi xadimi- görkəmli hüquq müdafiəçisini şərləyib həbsə atan hakimiyyət ona qarşı olan qəzəb və qisasçılığını dəmir barmaqlılar arxasında da amansız şəkildə davam etdirir.

Belə ki, həbs edildiyi ilk gündən mənəvi- psixoloji təzyiqlərlə üzləşən Leyla Yunus saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında bir neçə gün öncə işgəncələrə məruz qalaraq döyülüb.

Bu barədə vəkillərin yaydığı bəyanatda bildirilir ki, son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından Leyla xanım  soyuq su ilə çimməli olmuş, bunun nəticəsində bərk soyuqlamışdır. Bir neçə gün qızdırmalı yatmalı olub. Bu duruma baxmayaraq, ona heç bir tibbi yardım göstərilməyib. Leyla xanım qızdırmalı yatdığı halda, sentyabrın 21-də onun kamerasında ”şmon” keçirilmiş və nəzarətçilər ciddi şəkildə  hansısa yazılar axtarıblar.  

Vəkillər bildirirlər ki, təcridxananın əməkdaşı Leyla Yunusa zorakılıq tətbiq edərək onu döyübdür. Sentyabrın 23-də günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov onun kamerasına gəlmiş, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb, orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb. Bu zaman ona ”ağıllanmırsan da, sən?” deyə, bağırıb. Bundan sonra onun böyründən zərbələr endirib. Biz belə hesab edirik ölkə rəhbəri cənab İlham Əliyevin məlumatı olmadan heç kəs Leyla Yunusla belə davranmağa cəsarət etməz.

Bu addımın özü Azərbaycan iqtidarının amansız, qəddar, qisasçı olduğu qədər də insan haqlarına sayğısız münasibətinin aydın göstəricisidir. Çünki haqlı və güclü olanlar deyil, haqsız və zəif olanlar əlinə fürsət düşəndə zora əl atırlar. Hakimiyyət də öz gücünü işğal olunmuş torpaqlarımızı azad etməyə deyil, ölkədə haqq- ədalət, demokratiya istəyən silahsız, müqavimətsiz insanlara, eyni zamanda Leyla Yunsun timsalında zərif cinsin nümayəndlərinə, qadınlara qarşı yönəldir. Onlardan demokratiya, insan haqları uğrunda davamlı şəkildə apardığı mübarizənin qisasını alır.

Siyasi Məhbusların müdafiə komitəsi ictimai- siyasi xadim, tanınmış hüquq müdafiəçisi, Əliyev rejiminin girovluğunda saxlanılan Leyla Yunusa qarşı həyata keçirilən psixoloji və zorakı təzyiqləri qətiyyətlə pisləyir, bu rüsvayçı hərəkəti edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Müdafiə komitəsi eyni zamanda hakimiyyəti yerli və beynəlxalq təpkilərdən, o cümlədən Avropa Parlamentinin son qətnaməsindən, ABŞ prezidenti Barak Obamanın, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların xəbərdarlıqlarından nəticə çıxarmağa, Azərbaycanı beynəlxalq aləmdən təcrid etmə siyasətinə son qoymağa, ölkədə fundamental insan hüquq və azadlıqlarına hörmət etməyə, həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağa çağırır”.