Mühacirətin fəaliyyətində təkan nöqtəsi

Avtoritarizm Avropda meydan sulamaq niyyətindədir, amma bu niyyət burada qırılacaq

Sentyabrın 20-də Brüsseldə Avropadakı siyasi mühacirlərin ölkədəki repressiyalara və misli görünməyən özbaşınalıqlara etiraz əlaməti olaraq keçirdiyi aksiya gündəmi zəbt etdi.

Əlbəttə, bu zamana qədər də siyasi mühacirlər dəflərlə etiraz aksiyaları keçiriliblər. Müxtəlif mühacir qrupları və təşkilatları Azərbaycandakı prosesləri imkanları daxilində izləyərək reaksiya veriblər. Fəal mühacir qrupları həmişə olub. Amma 24 sentyabr aksiyası bir qədər fərqli şəraitdə meydana gəldi. Bu ərəfədə Avropa Parlamenti mühacirlərin də ardıcıl yazışmalarının aşkar təsirinin hiss olunduğu məlum qətnaməni qəbul etdi. Avropa Parlamentinin ayrı-ayrı deputatları mətbuata çıxaraq Azərbaycandakı avtoritarizmi öz imzaları ilə ifşa etməyə başladılar. Kürü diplomatiyası ifşa edilməkdədir.

Belə bir şəraitdə mühacirlərin etiraz aksiyasi ictimai rəydə entuziazmla qarşılanmalı idi, əlbəttə. Və belə də oldu.

Amma bu etiraz aksiyasını effektli edən həm də o idi ki, aksiyadan əvvəlki müddətdə geniş və gərgin müzakirələr getmişdi. Bu, yalnız aksiyanın tarixi ilə bağlı deyildi, əlbəttə. Bu müzakirələrin gedişində həm də mitinqin mümkün effektləri barədə söhbətlər açılmışdı. Onun ictimai rəyə daha çox təsiri üçün tədbirlər planlaşdırılmışdı.

Bəri başdan bir məsələni qeyd edək ki, aksiya hələ də mühacirətin daha geniş kontingentinin fəallığının nəticəsi sayılmamalıdır. Söhbət siyasi mühacirətdən gedir.

Rəsmi baxımdan Avropada siyasi səbəblər olmadan mühacirətə gəlmiş azərbaycanlılar yoxdur. Burada yerləşən bütün azərbaycanlıların rəsmi arqumentləri hakimiyyyət tərəfindən təqib olunduqları üçün Vətəni tərk etməyə məcbur olmaqdan ibarətdir. Amma insanlar Vətəndən didərgin düşmə səbəblərinin rəsmi izahatı ilə gerçək niyyətləri arasında özləri müəyyən fərqlər yaradıblar. Görünür, bu fərqlərin aradan qaldırılması üçün bəzi işlər görmək lazım gələcək.

Təsəvvür etmək çox çətindir. Azərbaycanda təqib edilən, orada yaşamağı həyatı və ya azadlığı üçün təhlükəli sayan insanlar Avropada Azərbaycan hakimiyyətinin müxtəlif aşkar və şübhəli strukturları ilə asanlıqla əməkdaşlıq edirlər. Hətta bəzi intellektual mühacirlər səfirliklər və siyasi mühacirlər arasında əməkdaşlığın hüquqi əsasları haqqında normativ sənədlər hazırlamağa da girişiblər. Bu kateqoriyadan olan insanlar siyasi mühacirlərin Avropadakı siyasi fəaliyyətlərini əngəlləmək üçün dəridən-qabıqdan çıxır. Brüssel aksiyası bu gerçəkliklərdən nəticə çıxarmağı zəruri edir.

Yəni Avropadakı prosesləri müəyyənləşdirərkən siyasi mühacirlərə istinad etmək lazım gəlir. Avtoritarizmlə əməkdaşlığı buradakı mövcudluğu üçün zəruri sayanları da təsbit etmək lazım gəlir.

Brüssel aksiyası siyasi mühacirətin bundan sonrakı davamlı fəallığının əsasını qoymuş sayılır. Bu zamana qədər Azərbaycan hökumətinin repressiyaları əsaslandırmaqda olan emissarları Avropada rəqabətsiz fəaliyyət imkanlarından bəhrələnməkdə idilər. Bundan sonra belə olmayacağı kəsin görünür. Bu, aksiyaya provakator müdaxiləsinə verilən reaksiyadan da bəlli oldu. Bu dəfə bu reaksiya sərt oldu. Əvəzində Brüsseldəki lobbi təşkilatının yolladığı bu təxribatçıların ən fəalı azərbaycanlı olduğunu inkar etməyə başladı və pozuq ingiliscəsi ilə özünün ingilis olduğunu, sadəcə maraq üçün müşahdə etdiyini kəkələməyə başladı. (Xatırladım ki, bu təxribatçı və özünün azərbaycanlı olmadığını iddia edən cənab əslən Yevlax rayonundandır).

Bu cür təxribatçı fəaliyyət, həm də tam məsuliyyətsizliklə müəyyən edilən fəaliyyətin nəticəsidir. Təsəvvür edirsinizmi, Brüsseldəki OCAZ (Office of Communication of Azerbaijan) adlı lobbi təşkilatı bir ildə ən azı 30 milyon avro büdcə vəsaiti dağıdır. Bu cür təşkilatların fəaliyyətinin şübhəli maliyyə qaynaqları barədə məlumatların ortalığa çıxarılmasında həm də mühacirlər fəallıq göstərməlidirlər və yəqin ki, belə də olacaq.

24 sentyabr aksiyası belə bir daimi fəaliyyət nüvəsinin yaradılmasının əsasını qoydu. Görünür, məhz bu nüvə “iqtidar nühacirəti”ni də müəyyən etməyə məcbur olacaq. Avtoritar rejimlə əməkdaşlıq edən “siyasi mühacirlər” Avropdakı mühacirlərə çox ciddi əngəllər yaradır. Çünki bu korpus məhz buradakı siyasi fəallığa zərbə vurmaq üçün yaradılıb. Bunlar “şəkərbura mühacirəti” də adlandırılır və ən yaramaz işlərlə məşğul olurlar. Fəal mühacirlər haqqında Azərbaycan hökumətinə danoslar yazaraq Azərbaycandan kənarda yaşayan siyasi fəallara qarşı mümkün repressiya imkanları yaradırlar.

24 sentyabr aksiyasına məsləhətləşmələr zamanı bu istiqamətdə də müəyyən qərarlar qəbul edildi.

Bu, mühacirətin yeni və ya yenidən təşkilatlanması anlamına gəlmir. Sadəcə olarq, bu zamana qədər mövcud olan mühacir təşkilatları və qruplarının xüsusi fəallıq rejiminə keçməsi mərhələsi kimi anlaşılmalıdır. Bu fəallığın olacağı isə şübhə doğurmur. Çünki Avropada siyasi mühacirətin entuziast kəsimi – gənclik formalaşıb və bu gənclik fəaliyyətin mərkəzində olacaqdır.