Türkmənistan prezidentindən qəribə qərar

Türkmənistan rəhbərliyi yerli məmurlarla bağlı daha bir qəribə qərar verib. Mərhum Saparmurad Niyazovdan heç də geri qalmayan yeni Türkmənbaşı Qurbanqulu Berdıməhəmmədov yüksək rütbəli məmurlara maşınlarının rəngini dəyişməyi əmr edib.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Q.Berdıməhəmmədovun əmrinə əsasən yüksək rütbəli türkmən məmurları qara rəngli xidməti “Mercedes” maşınlarını eyni markadan olan ağ rəngli avtomobillərlə əvəz etməlidirlər.

Türkmənistan hökumətindəki mənbənin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, artıq 160 müxtəlif nazirliyin və dövlət idarəsinin rəhbəri ağ rəngli “Mercedes-Benz E 300” markalı xidməti maşın alıb. Dövlət qəzetlərinin və teleradio şirkətlərinin rəhbərlərinə də belə xidməti maşınlar verilib.

Qara rəngli köhnə “Mercedes”lər isə vilayət və rayon miqyaslı dövlət idarələrinin rəhbərlərinə verilib. Bununla belə gələcəkdə onların da ağ rəngli xidməti maşınlarla təmin edilməsi nəzərdə tutulur.

Məlumatda o da deyilir ki, bu “rəngli islahat” şəxsən Q.Berdıməhəmmədovun istəyi ilə həyata keçirilib. Belə ki, yeni Türkmənbaşı özü də əvvəl qara limuzində gəzsə də sonradan ağ rəngli maşınlara üstünlük verməyə başlayıb. Onu müşayiət edən maşınların da hamısının rəngi “ağarıb”.