Müharibə olmayacaq!

Rövşən Hacıbəyli

Bu payız da gəldi. Qəfil. Son günlərəcən adama elə gəlirdi ki, yay qurtarmayacaq. Öldürücü istilər elə ömrün sonunacan davam edəcək. Bu yayın daha öldürücü olmasının bir səbəbi də günlərimizin küçədə-bacada, daha doğrusu məhkəmə qapılarında keçməsindəydi. 

Bu yay bizə olmazın zülmlər elədilər. Sağdan-soldan, ətrafımızdan dost-tanışlarımızı, əqidə yoldaşlarımızı apardılar. Onsuz da istirahətimiz yox idi. Ən yaxşı halda dənizə, hələ məmurların çəpərləmədiyi çimərliklərə gedə bilirdik. Cəmi bir yol o tərəflərə baş vurduq. Qalan günlərimiz işdə, məhkəmələrdə keçdi. “Ermənipərəst”, vergidən yayınan”, “vəzifə səlahiyyətlərini mənimsəyən”, “düşmən dəyirmanına su tökən”, “səlahiyyət həddini aşan”… dostlarımıza dəstək olduq. Onları ədalətdən əsrlərlə uzaq ədalət məhkəmələrində, ədalətdən başqa hər şeyləri olan, addımbaşı Femida xanımı zorlayan hakimlər qarşısında tək qoymamağa çalışdıq… 

Indi Avropadan dostlarımızı dəstəkləyən, onları səbəbsiz damlayan hakimiyyəti qınayan tələblər gəlir. Dostlarımızın dərhal azadlığa buraxılması tələbləri. Hakimiyyətsə ənənəvi olaraq etiraz edir, Avropanı ikili standartda qınayır. Bəzən məlum funksionerlərinin, yaxud süfrələrinin qırıntılarından pay verdiklərinin diliylə Qərbi kəskin tənqid etdirir, Avropasız da yaşaya biləcəklərinin mesajını verir. Avropanın demokratiya, insan haqlarına hörmət, siyasi məhbuslarsız Azərbaycan tələbini süngüylə qarşılayır, onları da “ermənipərəstlikdə” ittiham edir. “Qarabağ dərdi”ni önə çəkir. Avropalıları bu münaqişədə düzgün mövqe tutmamaqda, azərbaycanlıların faciəsinə biganəlikdə suçlayır. Yeri gəlmişkən, hakimiyyətin AzTV-sində daha çox tənqid olunan Avropa ölkələrindən biri Almaniyadır. Həmin Almaniyadan 2012-ci ildə Azərbaycanda keçirilən “Avroviziya” yarışmasına gələn 666 alman turist özləriylə sürüb gətirdikləri 240 avtomobili azərbaycanlı qaçqınlara hədiyyə verib getdilər. 28 ay qabaq qaçqınlara hədiyyə olunan həmin maşınlar hələ də sahiblərinə verilməyib. Kənd Binəqədidə bir dayanacaqda çürüdülür. Ah, Avropa, Avropa!..

Varşavada ATƏT-in zirvə toplantısı keçirilib. Dünyaya özünü zirvələr fəth edən fateh kimi göstərməyə çalışan, bu yolda xalqın milyardlarını lobbiçilərə xərcləyən YAP hakimiyyəti yenə də ciddi tənqid olunub. Norveç Insan Haqları Evinin təşəbbüsüylə iclas zalında aksiya keçirilib, Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası. ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi, Azərbaycandakı durumu daim tənqid edən Dunya Myatoviçlə bir gün qabaq şəkil çəkdirib bunu görüş kimi qələmə verən Əhməd Şahidov adlı birisi dünən açıqlama yayaraq aksiyanı ermənilərin keçirdiyini bildirib. Guya onun Qarabağla bağlı kəskin çıxışı zamanı. Həm də əsası odur ki, ermənilər bu aksiyanı tanınmış jurnalist Xədicə Ismayılın bir barmaq işarəsiylə keçiriblər. Qüdrətə bax ha…

Hakimiyyətyönlü qəzetlər də tez-tələsik, bir-birini qabaqlamaq üçün (kim tez versə, daha çox ənam alacaq düşüncəsiylə) Şahidovun şəxsən şahidi olduğu bu xəbəri tirajlayıblar. Yazıqlar olsun…

Şahidovun bu xəbərinə və onu tirajlayanlara ən yaxşı cavab Azərbaycanda verilib. Dünən PA (Parlament Assambleyası ilə qarışdırmamalı) sədri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib. “Qaçqınkom” sədri Əli Həsənov bu tədbirdə tarixi çıxış yapıb. O deyib: “Hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir, belə getsə, müharibəyə də ehtiyac qalmayacaq. Ermənistan boşalacaq”.

Indi qalır bu çıxışı tirajlamaq ki, Ilham Əliyev də oxusun. Daha ordunun qüdrətini artırmaq üçün əlavə xərc çəkməyə ehtiyac yoxdur. O vəsaiti (hər çıxışında deyir ki, orduya ayrılan pul Ermənistanın dövlət büdcəsindən çoxdur) uyğun bildiyi başqa sahələrə xərcləsin, ya da ofşorlara yatırsın, özü bilər, bizə onsuz da dəxli yoxdur.

Türmədəki dostlara – Leyla xanıma, Intiqam müəllimə, Rəsula, Seymura və başqalarına da bu xəbərin tez çatmasını istəyirəm. Onlar da sülh adamıdır axı. Yaxın illərdə boşalmış Ermənistana müharibəsiz girəcəyik. Ə.Həsənovun da çıxışından göründüyü kimi, hədəfimiz Dağlıq Qarabağ yox, Ermənistandır. Etiraf edim ki, o ölkənin elə günə qalması insan kimi adamı ağrıdır. Erməni və dəyirmanı olmayandan sonra biz suyu hara tökəcəyik?!.