İranda ölüm hökmünə məhkum edilmiş 37 yaşlı psixoloq Möhsün Əmiraslani Zəncani dar ağacından asılıb. Zəncani 8 il qabaq tutulmuşdu. O, Tehranın Evin zindanında saxlanırdı.
Edam hökmü 2014-cü il sentyabrın 24-də Kərəc şəhərinin Rəcayişəhr zindanında icra olunub.
“Quran”ı fərqli şəkildə təfsir etdiyinə görə tutulan Möhsün Əmiraslani Zəncani yer üzündə fəsad törətməkdə və Həzrət Yunisi təhqir etməkdə təqsirli bilinərək edama məhkum edilmişdi.
Möhsün Əmiraslani Zəncani “Quran”ın “Yunis” surəsini təfsir edərkən Həzrət Yunisin (Yunis peyğəmbər) üç gün-üç gecə dənizdə bir balinanın qarnında yaşayıb sağ qalması haqda ayələri şübhə altına almış, bunu əfsanə alandırmışdı.
İran Ali Məhkəməsi Möhsün Əmiraslani Zəncaniyə çıxarılmış ölüm hökmünün icrasını iki dəfə təxirə salmışdı. Lakin sonda İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin təkidi ilə hökm icra edilib.
Möhsün Əmiraslani Zəncaninin 2 yaşlı övladı var (“Media forum”).