Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına yeni direktor təyin ediblər, indi iki gündür bu haqda çoxları danışır, demək olar ki, hamı bunu ümidverici hadisə adlandırır, “davamı gəlsin” deyə təmənnalarda bulunur. Guya, belə təyinatlar nə qədər çox olsa, ölkəmiz də o qədər çiçəklənər, abıra minər.
Qəribə burasıdır ki, mən belə təqdirnamələri sosial şəbəkələrdə savadına, irəli dünyagörüşünə şübhə etmədiyim bir çox dostların yazdıqlarından da oxuyuram. Oxuyuram və təəccüb qarışıq təəssüf hissi keçirirəm. Doğrudanmı, bu dostlar hesab edirlər ki, ölkənin problemi Azərbaycanı idarə edənlərin yaşı ilə bağlıdır? Doğrudanmı, hansısa postlara yaşca gənclərin gətirilməsi ölkənin mövcud yanlış idarəetməsində nələrisə dəyişə bilər?
Axı yaxın tarixin örnəkləri tamam əksini deyir. Nə tez unutdunuz, hardasa 10 il əvvəl parlamentə Ceyhun Osmanlı, Fuad Muradov kimi yaşca gəncləri buraxmağa başladılar, o vaxt da bu, az qala mütərəqqi hadisə kimi qələmə verilirdi. Nəticə? Fuad Muradov danışanda insan özünü ibtidai icma quruluşunda, hansısa qədim mağarada hiss edir. Ceyhun Osmanlıdan isə ümumiyyətlə, danışmağa dəyməz. Onun “şah əsəri” – “Irəli” göz önündədir. Ora toplaşanlar isə təfəkkürcə, hətta Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdan daha qocadırlar.
Bir-iki il əvvəl Dini Komitəyə, Təhsil Nazirliyinə yaşca nisbətən gənc olanlar təyin edildikdə hamı hakimiyyətdəki “köhnə qvardiya”nın bitirilmə planından danışırdı, deyirdilər, vəssalam, gənclik gələcək, zülm bitəcək, ölkədəki çağdışı, geriçi idarəetmə modernləşəcək-zad. Həmin Dini Komitə sədri indi hardadır? Keçmiş qoruq müdiri olan “gənc” təhsil nazirinin “modernizmi” isə göz önündədir, təhsil göstəriciləri uğurlu olan məktəblər bağlanır, ümumilikdə isə məktəbin “bilik məbədi” olması unudulur, onlar keçmişin, geriçiliyin simvolları sayılan “şahsevənlik”, “şəxsiyyətə pərəstiş” püskürməkdə davam edirlər.
Zahid Oruc deputat mandatı alanda bığ yeri təzəcə tərləyirdi. Amma nə fayda? Hansı çağdaş təfəkkürlü, irəligörüşlü adam onun yerində olmaq istəyər?
Kərəm Həsənov çox uzun olduğu üçün adını yazmağa ərindiyim komitəyə sədr təyin ediləndə nə yaşı vardı? Ya 34, ya 35. Nəticə? Bu gün ölkənin ən korrupsiyalaşmış məmurlarının ön sırasında dayanır.
Bütün bunları niyə yazıram? Sadə səbəbdən. Azərbaycandakı hazırkı idarəetmənin problemi hakimiyyətdə yer alanların yaşı ilə bağlı deyil. Əgər Sistem özü çox köhnəlibsə, onun idarəetmə metodları “qocalıbsa”, hansısa vəzifəni tutan 30, yoxsa 130 yaşlı olmasının anlamı nədir?
Bu Sistem qanunun aliliyini tanımırsa, milli iradəni yox sayırsa, hüququn üstünlüyünə hörmət bəsləmirsə, insan azadlıqlarını düşmən kimi görürsə, müxtəlifliklərə, fərqliliklərə nifrət ruhuna köklənibsə, təqvim 21-ci əsri göstərdiyi halda, hələ də hər şeyə orta çağ zehniyyətindən yanaşırsa, kiminsə 25, 30, 35… yaşda hansısa vəzifə təyinatı almasının nə faydası ola bilər? Ən normal düşüncəli, çağdaş təfəkkürlü, irəli görüşlü bir insanın belə, bu Sistemin içində uğur qazanmaq şansı varmı? Niyə özümüzü aldadırıq: bu idaretmə tələbləri ilə ayaqlaşmadan, onun şərtlərinə tabe olmadan hansısa görəvdə qalmaq ehtimalı nə qədərdir axı?!
Budur vacib məsələ.
***
Azərbaycanda gəncliyi sadəcə, bir yaş kateqoriyası kimi görmək də ayrı bir bəladır. Gənclik yalnız YAŞ hadisəsi deyil axı. Gənclik həm də və daha çox BAŞ hadisəsidir.
Şəxsiyyət vəsiqəndə təvəllüd tarixin 20 il əvvəli də göstərə bilər, 30 il əvvəli də. Amma bəs beynin nə qədər gəncdir? Həyata, dünyaya baxışın nə qədər yenidir?
Bu da sizə başqa bir vacib məsələ.