Xədicə İsmayıldan “Yeni Müsavat”a ağır sözlər

“Bunu ermənilərin aksiyası kimi təqdim etmək sadəcə alçaqlıqdır!”

Xəbər verildiyi kimi, sentyabrın 23-də Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycandakı siyasi məhbuslarla bağlı aksiya keçirilib. Əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış könəklər geyən fəallar konfrans zalına daxil olaraq çıxışçıların arxasında düzülüblər.

“Yeni Müsavat” qəzetinin saytı (musavat.com) Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutuna istinadla (bu təşkilatın sədri Əhməd Şahidov ATƏT-in toplantısına çıxışçı kimi qatılıb) həmin aksiyanı keçirənlərin erməni olduğu və azərbaycanlı jurnalist Xədicə İsmayılın diqtəsilə hərəkət etdiyi haqda xəbər yayıb.

Xəbərdə iddia olunur ki, Ə.Şahidov ondan əvvəl çıxış etmiş erməni iştirakçının Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etirazını bildirərkən həmin aksiya təşkil olunub: “10-a yaxın erməni  Əhməd Şahidovun çıxışına etiraz əlaməti olaraq onun arxasında düzülüblər və arxalarını ADİHİ rəhbərinə çeviriblər. Ermənilər bu hərəkəti azərbaycanlı jurnalist Xədicə İsmayılın işarəsindən sonra ediblər”.

Başqa mənbələr, o cümlədən “Azadlıq” radiosu elə sentyabrın 23-də həmin aksiyanın Azərbaycandakı siyasi məhbuslara dəstək məqsədilə keçirildiyini göstərən xəbər və fotolar dərc edib. Lakin maraqlıdır ki, bu, “musavat.com”un diqqətini cəlb etməyib və saytda tədbir barədə yalnız ADİHİ-in xəbəri yerləşdirilib.

Saytdakı bu xəbər isə həmin aksiyada iştirak etmiş jurnalist Xədicə İsmayılın sərt etirazına səbəb olub. X.İsmayıl facebook səhifəsində yazıb: “Bu gün (sentyabrın 23-də – red) Varşavada aksiya vardı. İnsan Haqları Evi təşkil etmişdi. ATƏT-in tədbirində üzərində Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus və başqa məhbuslara azadlıq şüarı yazılmış t-shirtlər (qısaqol köynək – red.) geyib iclas boyu ayaq üstə dayandıq. “Yeni Müsavat”ın bunu ermənilərin aksiyası kimi təqdim etməsi sadəcə alçaqlıqdır!”.

X.İsmayıl daha bir facebook qeydi ilə aksiyanın təşkilatçısı barədə məlumat verib. Məlum olub ki, aksiyanı hazırlayan İnsan Haqları Evinin əməkdaşı, İsveçrədə yaşayan italiyan Anna İnnocentdir. Aksiyada isə bir nəfər də erməni iştirak etməyib.