Xaliq Bahadır xanbahadir@mail.ru
Avropa Parlamentinin bəlli qərarı hökumətdən parlamentədək despotik rejim yolçularını cin atına mindirib: yuxarı-aşağı tribunalardan, qəzetlərindən, AzTV-lərindən ağızlarına, ağıllarına gələni danışırlar. Sən demə, bunlar belə bir qərar gözləmirmişlər. Bundan sonra adamın bunlara deməyə sözü qalmır. Göründüyü kimi, bunlar oluşdurduqları IŞĞALÇI rejim ortamında, batıb-qaldıqları çoxlu pullar, böyük var-yatır içində görmək, düşünmək bacarıqlarını, itirdikləri bir sıra bəlli nəsnələr kimi… itiriblər!
Görün necə çığır-bağır salıblar: Ay haray, gəlini qaçırdılar!.. “Gəlinsə, xanımlar, bəylər, nə olsa yaxşıdır: ”dövlətimizin imici”! Ən çox da bundan – “dövlətimizin imicindən” – rejimin II kateqoriya ideoloqu Əli Həsənov danışır (Bildiyiniz kimi, əliyevçi diktatura rejiminin I kateqoriya ideoloqu administrator-filosov-akademik, hökumətin xalq şairi Sabir Rüstəmxanlının sevimli liderlərindən olan Ramiz Mehdiyevdir). R.Mehdiyevin administrasiya yoldaşı Əli Həsənov bir neçə ay qabaq Azərbaycan dövlətinin imicini göylərə qaldıran belə bir çıxışda bulundu: “Ailəmin malik olduğu şirkətlərlə fəxr edirəm”. Bilməyənlərin bilməsi üçün: dövlət qulluğunda şirkətlərə yiyələnmək açıq korrupsiya faktıdır (başlıcası da məhkəmələrin bizdəki kimi alınıb-satıldığı dövlətdə). Yeri gəlmişkən, Ə.Həsənovun kurasiyasında olan çoxsaylı qəzetlərin birinə də qəzet adına pul verib alan yoxdur, ancaq bu qəzetlərə KIV-ə yardım fondundan il uzunu böyük pullar ayrılır. Nə üçün? Oluşdurduqları KORRUPSIYA dövlətinin IMICINI qorumaq üçün!
Ə.Həsənovun dediyinə görə, son 5 ildə mediaya 17 milyon manat pul yardımı edilib. Bu da KORRUPSIYA dövlətinin jurnalistikanı satın almağa yönəlik IMIC göstəricilərindəndir! Iç-dış jurnalistləri, yaxın-uzaq siyasətçiləri, diplomatları, lobbi qurumlarını satın alıb YARAŞIQLI dövlət imici düzəltmək üçün sağa-sola milyonlar səpələyirlər. Sağa-sola səpələdikləri milyonlar içində keflənib-dəmləşərək “Azərbaycanın bütün dünyadakı uğurlu xarici və daxili siyasətindən” dəm vururlar. Hələ bu “uğurlu xarici və daxili siyasətin” kefini daha yaxşı çəkmək üçün Xansənəmləri, Mirqəfərləri də AzTV-lərinə çıxarıb danışdırırlar. Beləliklə, Azərbaycanın DÖVLƏT IMICI bütün dünyanın gözündə göylərə qaldırılır.
Arxada nə baş verir? Ən yuxarıdan aşağılaradək korrupsiya dövlətini oluşduranlar içindən bu dövləti yeyib-dağıdırlar. Arxada nələr baş verdiyini ört-basdır etmək üçün bu bəlli dövlətin başçısı tez-tez içdəki, dışdakı düşmənlərdən danışmaqla toplumu başqa yerə yönəltməyə- yanıltmağa çalışır. O, bir yandan içdəki “satqın, xain ermənipərəst müxalifətdən” danışır, o biri yandan: “xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün”. Başqalarını bilmirəm, mən özüm bu dəyərli çıxışı eşidəndən sonra MÜXALIFƏTDƏN də, XARICI DAIRƏLƏRDƏN də dəhşətli dərəcədə qorxmağa başlamışam. Açıq deyəcəm: içdə mən prezidentin özünün də çox qorxduğu, buna görə tutub türməyə saldığı Leyla Yunusdan, Intiqam Əliyevdən, Seymur Həzidən çox qorxuram – onlar orda dövlətimizin imicini kökü çürümüş ağac kimi laxladıb-laxladıb yıxa bilərlər (Tanrı bizi o… BESPREDELDƏN qorusun!).
Avropa Parlamentinin indiki QƏRARINA gəlincə, Konstitusiya hüququ kafedrasının müdiri, MM-in vitse-spikeri (belə adlandırırlar) Ziyafət Əsgərov doğru buyurur: “Avropa Parlamenti DONOSLAR əsasında QƏRƏZLI qətnamə qəbul edir”. Mənə elə gəlir, sözügedən qərara hakimiyətin ən düzgün yanaşması budur. Özünüz deyin: aramızdakı satqın, xain, ermənipərəst müxalifət donosyazanları olmasaydı bizə düşmən, INKIŞAFIMIZI istəməyən XARICI DAIRƏLƏR ölkəmizdəki milli korrupsiyadan, milli repressiyalardan, lap elə gəlin açıq danışaq: milli BESPREDELDƏN necə soraq tuta bilərdilər? Hayyy…