Obamanın Azərbaycan çağırışı

Və ya genişlənmək üçün yaranan imkanlar

Əbülfəz Qurbanlı, AXCP sədrinin müavini

ABŞ prezidentləri hər zaman və ya hər il avtoritar, qanunları etirazçı vətəndaşları cəzalandırmaq üçün vasitəyə çevrimiş Azərbaycan iqtidarı kimi hakimiyyətlərə səhvlərini xatırlatmırlar. İnsan hüquq və azadlıqları ilə bağlı ABŞ və Azərbaycan arasındakı münasibətlər son dərəcə gərginləşib. Bunun nəticəsidir ki, ABŞ prezidenti Əliyev iqtidarının son dönəmdə həyata keçirdiyi həbslərə münasibət bildirib.

Dünyanın ən nüfuzlu tribunasından Azərbaycanın adı dünyanın başqa avtoritar ölkələri siyahısına əlavə olunur. İlham Əliyev iqtidarı ilə bağlı ən yüksək tribunalardan “vətəndaşlarının hüquq və azalıqlarına hörmət et” çağırışları səslənir. Azərbaycan iqtidarına xatırladılır ki, səhv yoldadır, qanunları cəza imkanına çevirməyi diqqətdədir.

Obamanın bu çağırışında ABŞ üçün başlıca maraq kimi insan hüquqlarına və demokratiyaya sədaqət önə çəkilir. Bunu İlham Əliyev iqtidarının enerji amilinə söykənib, ona etiraz edənləri şər-böhtanla həbs etmə siyasətinə cavab da adlandırmaq olar.

Avropa Birliyi parlamentinin sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsi, ardınca ABŞ prezdentinin Azərbaycan reallıqlarını dəqiq ifadə edən nitqi Əliyev iqtidarı üçün “repressiyaları dayandır” işarəsidir. Bu, İlham Əliyevə “həbsdə olanları azad et” çağırışı deyil təkcə. Həm də adamlara “xuliqan, narkoman, vətən xaini” damğası vurub həbsə atmağın sonunun yaxşı olamaycağını xatırladan bəyanatdır.

Obamanın Azərbaycana yönəlik çağırışı həm də ölkəmizdə dəyişiklik üçün savaşanlara bir mesajdır. Öz ölkələrində bizlər kimi azadlıqlar üçün mübarizə aparanlara isti münasibət, nikbinlik mənbəyidir. ABŞ və Avropanın nüfuzlu tribunalarından səslənən bu haqlı çağırışlar bizim fəalların tutqun çöhrəsindəki qırışığı açır. Ancaq sivil dünyanın bu cür pozitiv mesajları Azərbaycanın azadlıqsevər insanlarını, fəallarını əsas işdən yayındırmamalıdır. Dünyanın o başından atılan istənilən bu cür addım bizə sadəcə, dəstəkdir, dəyişiklik üçün əsas imkanların yaradılması deyil. Bu çağırışlar hakimiyyəti geriyə sıxışdırmaq, sıralarımızı genişləndirmək üçün əla imkandır.