Nicat Feyzullayev «Küçələrə su səpmişəm»in çəkilişlərindən danışır
Modern.az saytı “Kadraraxası” layihəsini davam etdirir. Bu həftə qonağımız tanınmış rejissor və ssenarist Nicat Feyzullayevdir. Onunla birlikdə “Küçələrə su səpmişəm” filminin kadrarxasından bəhs edirik.
Arayış: Nicat Feyzullayev 1945-ci il noyabr ayının 1-də Bakıda dünyaya gəlib. Əməkdar Incəsənət xadimi, görkəmli rəngkar Lətif Feyzullayev və rəngkarlıq kraliçası adlandırılan Vəcihə Səmədovanın ailəsində anadan olan Nicat Içərişəhərdə boya-başa çatıb. 1964-1969-cu illərdə Politexnik Institutunu bitirib. Ailədə onun kinoya meyl etməsinə qarşı çıxılsa da, istəyini reallaşdırmağa nail olub. Institutun 2-ci kursunda oxuyanda anasını itirən Nicat təhsilini yarımçıq qoymaq istəyib. Lakin atasının təkidilə təhsilini davam etdirib. Atasının onun üçün aldığı kiçik kamera vasitəsilə sənədli filmlər çəkməyə başlayıb. 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya institutunda təhsilini davam etdirib. Bundan sonra Cəfər Cabbarlı adına kinostudiyada çalışmağa başlayıb. Hazırda ailəlidir, bir oğlu var. Övladı rəssamdır.
“Küçələrə su səpmişəm” filmi 2004-cü ildə lentə alınıb. Çəkilişləri 10 ay davam edən film iki əmioğlunun həyat yolundan, bu yoldakı təzadlı hadisələrdən bəhs edir.
Xəlil və Bəhmən eyni mühitdə böyüsələr də, ayrı dünyaların insanı olur. Xəlil öz əmisioğlunun gələcəyi üçün gəncliyini qurban verir. Illər sonra rastlaşanda isə Bəhmənin baş verənlərdən hələ də bir nəticə çıxarmadığının fərqinə varır. Filmdə “həyat müabarizəsində qarşılaşdığı hər bir çətinliyə insan özü sinə gəlməlidir” fikri tərənnüm olunur.
Filmin ssenari müəllifləri Isi Məlikzadə və Nicat Feyzullayevdir. N.Feyzullayev eyni zamanda filmin quruluşçu rejissorudur. Ekran əsərinin quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssamlar Rafiz Ismayılov, Rafiq Nəsirov, bəstəkar Rauf Əliyev, səs operatoru Əsəd Əsədov, ikinci recissor Akif Rüstəmov olub. Filmdə səslənən şerlər Məmməd Araz və Ramiz Rövşənindr.
Rollarda Fuad Poladov, Rasim Balayev, Mehriban Zəki, Əliabbas Qədirov, Elnur Kərimov, Amid Qasımov, Müşfiq Hətəmov və başqaları çəkilib.
Əsərin ekranlaşdırılmasında Azərbaycan Müdafiə Nazirliyi, “AZAL Helikopter” Şirkəti, Xırdalan Dəmiryol Vağzalı, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməyi olub. Çəkilişi 200 min dollara baş tutan film 2005-ci ildə “Humay” mükafatına layiq görülüb.
16 illik mübarizədən doğan film
Nicat Feyzullayev: “1970-ci illərin axırlarında Moskvada Isi Məlikzadənin ”Muşçina v dome” adlı yeni bir kitabı çıxmışdı. Onun içərisində rus dilində “Küçələrə su səpmişəm” povesti var idi. Povesti oxuyandan sonra Isi müəllimin yanına getdim. Ona bildirdim ki, bu povest məni yaman tutub, buna ssenari yaz. Baxdı, mənə, dedi ki, Nicat buna Moskvadan icazə verməyəcəklər. O vaxt bütün filmlərə Moskva icazə verməli idi. Buna baxmayaraq, mən filmlə bağlı müraciətimi Moskvaya yazdım və ordan təbii olaraq etiraz cavabı gəldi. Müsbət cavab gəlmədiyinə görə də Isi Məlikzadə ssenari yazmaq istəmədi.
Isi müəllimdən ssenarini yazmaq üçün icazə istədim, o da razılığını verdi. 1987-ci il yanvarın 4-5-i olardı, mən ssenarini studiyaya təqdim etdim. Amma həmin ərəfədə kinostudiyada çox dəyişikliklər oldu, filmin çəkilişləri heç cür baş tutmadı, daha sonra Isi Məlikzadə də vəfat etdi (1995). Onun ölümü ilə tək qaldım. Ağlımda qalan odur ki, filmin ssenarisi üzərində 16 il mübarizə aparmışam.
2002-ci ildə kinostudiya Mədəniyyət və Turizm Nazirliyinin balansına keçəndən sonra filmin istehsalatına razılıq aldım. 2004-cü ildə çəkilişlərə başladıq və 10 aya filmi tamamladıq. Ssenari müəllifləri olaraq Isi Məlikzadə və Nicat Feyzullayev yazıldı”.
Müsahibim bildirir ki, hələ ssenarini yazanda filmdə oynayacaq aktyorları müəyyən edibmiş: “Filmə çəkilən aktyorları hələ ssenarini yazmağa başlayanda müəyyənləşdirmişdim. Bədii şuradan mənə dedilər ki, neçə illərdir bu ssenari üçün vuruşursan, heç olmasa çəkiləcək aktyorları müəyyən etmisənmi? Mən açıqca bildirdim ki, rollarda Fuad Poladov, Rasim Balayev və Mehriban Zəkini görmək istəyirəm. Əliabbas Qədirov, Amid Qasımov, Elnur Kərimov, Elxan Qurbanov və başqalarını daha sonra seçdik.
Xəlil və Bəhmənin gəncliyini oynamaq üçün çox axtarışda olduq. Hətta rolları oynayacaq Elnur Kərimov və Amid Qasımovu bədii şura təsdiq etsə də belə, öz otağımda onları video ilə çəkəndən sonra seçimimə əmin oldum.
Filmin musiqisini Rauf Əliyev hazırlayıb. Tale elə gətirib ki, 8 yaşımda orta məktəbə, 9 yaşımda isə skripka üzrə musiqi məktəbinə getmişəm. Rauf Əliyev də ora tar çalmağa gəlirdi. 50-ci illərin ortalarında baş tutan tanışlıqdan sonra bir-birimizi “Küçələrə su səpmişəm” filmində tapdıq”.
Maaş alınan kassanı həbsxana etmişdik
Nicat Feyzullayev: “Film heyətinin əsas bazası Qəbələdə yerləşirdi. Çəkilişlər əsasən, Ağdaşdan Qəbələyə gedən yolda olan köhnə RLS-ə (radiolakasiya stansiyası) çatmamış Savalan kəndində, Bakının Binəqədi kəndində, Xırdalanın Sulutəpə qəsəbəsində, Abşeronun Masazır kəndində həyata keçirilib. Filmdə həm pavilyon, həm də interyer çəkilişlərindən istifadə edilib. Mənə hər zaman deyirlər ki, sənin fikrində tutduğun şəraiti tapmaq çox çətindir. Məsələn, qarpız yedikləri səhnəni və Xəlilin evini çəkəcəyimiz yeri çox axtarmışdıq. Istəyirdim ki, fikrimdə canlandırdığım məkanı tapım. Hətta dedilər ki, Xəlilin həyətinin təsvir olunduğu qatar səsi gələn evi çətin taparsan. Uzun axtarışdan sonra həmin evi Sulutəpə qəsəbəsində tapdıq, hansı ki, 5 metrliyindən dəmiryolu keçirdi.
Xəlilin çalışdığı “kaçeqar”ın yerini də çox axtardıq. Çəkiliş heyəti bildirdi ki, gəl kinostudiyanın pavilyonunda çəkək. Orda söküntü olan bir ərazi vardı. Amma mən razı olmadım. Dedim yox eyy. Tapdığım “kaçeqar”ın ərazisi cəmi 6-7 kvadratmetr olardı. Ideyamı orda reallaşdırdım.
Xəlillə Bəhmənin uzun illər sonra qarşılaşdığı xəstəxana səhnəsi Balaxanıdakı Mirzə Ələkbər Sabirin dərs dediyi məktəbdə ekranlaşdırılıb.
Xəlilin evini natura səhənisini Sulutpədə, evin içini isə kinostudiyanın pavilyonunda reallaşdırmışdıq. Çünki real evdə işıqları qurmaq, səhnəni istədiyin kimi çəkmək olmur. Çəkiliş üçün genişlik lazımdı, həqiqi evin üstündən işıqları salmaq çətin məsələdir, bəzən də mümükünsüz olur. Ona görə pavilyon çəkilişlərindən istifadə edilir. 20 kvadratmetrlik otağı təsvir etmək üçün 60 kvadratmetrlik sahə lazım olur.
Xəlilin həbsxanda olduğu səhnəni Sibirdə çəkmək istəyirdim. Maliyyə xərcləri çox olduğundan onu da kinostudiyada reallaşdırdıq. Belə ki, maaş verilən kassanı elə dəyişmişdik ki, həqiqətən həbsxanaya oxşayırdı. Sürgündə olan hissəni isə Qusarın Alpan kəndində həyata keçirdik. Fevral ayı idi, biz ora gedəndə hava çox da soyuq deyildi. Bir azca qar qalan yer tapıb sürgün epizodunu reallaşdırdıq”.
“Çəkiliş zamanı Kənan Məmmədovu helikopterdən aşağı tulladıq”
Istedadlı rejissor filmdəki təyyarədən görünüş səhnəsinin çəkilişinin maraqlı məqamlarını bizimlə bölüşür:
“Həmin səhnə Sabirabadda ”Suqovuşan”da lentə alındı. Kifayət qədər maliyyə tələb edirdi. Əvvəl bildirdilər ki, yox, lazım deyil çox pul gedəcək. Nəzərinizə çatdırım ki, Qəbələdəki səhnənin çəkilişləri 20 gün nəzərdə tutulsa da, mən onu cəmi 7 günə çəkmişdim. Ayrılan vəsaitə qənaət etdiyimdən helikopter səhnəsini arzuladığım kimi reallaşdırdım.
Belə ki, filmin quruluşçu operatoru Kənan Məmmədov və mən sifariş olunmuş helikopterdə havaya qalxdıq. Onu da deyim ki, helikopterin bir saatının icarəsi 1250 dollar idi. 5 saatlıq icarə haqqını ödəyib çəkilişə başladıq, amma 3,5 saata tamamladıq deyə, pulumuzun artıq ödənmiş hissəsini (1,5 saatın pulu) geri aldıq. Indi o dövrlə müqayisədə vertolyotların icarəsi daha bahadır.
Operatorun belinə zəncir bağladıq helikopterin qapısını açdıq. Kənan eynəksiz çəkirdi, külək elə vurmuşdu ki, onun gözləri şişmişdi. Onun kimi opertorlar barmaqla sayılacaq qədərdir. Çəkilişi bitirib, onu içəri çəkəndə Kənan dedi ki, Nicat, mənim həyatım da budur, nə qədər əziyyət olsa da, mən çəkməkdən zövq alıram”.
“Əliabbas Qədirovla mübahisəmiz düşdü”
Həmsöhbətim Əliabbas Qədirovla bağlı maraqlı xatirəsini bizimlə bölüşür: “Bütün aktyorlar çəkilişə hazırlıqlı gəlirdilər. Onlarda ”bilmirəm” söhbəti yox idi. Çünki işini bilən sənətkarlar idilər. Yalnız bir dəfə Əliabbas Qədirovla mübahisəmiz düşdü. Deməli Çərkəzlə Xəlilin “kaçeqar”dakı səhnəsinin çəkiliş günü hamı gəlib hər şey hazırlanıb. Başa düşdüm ki, Əliabbas Qədirov mətni yaxşı bilmir. Çox əsəbiləşdim, özümdən çıxdım. O bakılı, mən bakılı. Bilirsiz də, bakılılar “cırtqoz” olurlar axı. Mən dedim, o dedi. Əliabbas ərkyana söylədi ki, əşşi, mənimlə belə danışma. Mən teatr direktoruyam, xalq artistiyəm.
Nəysə dedim ki, mətni bilmir, çəkiliş dayansın. Ikinci rejissor, opertor gəldi ki, ay Nicat, bu qədər adam yığılıb, belə eləmə, aparatlar işləyir, gəl razılıq ver işimizi görək. Birtəhər razılaşdım. Deməli, mən kameranın yanında dayanıb sözləri deyirdim Əliabbasa o da təkrar edirdi. O qədər istedadlı aktyor idi ki, onun mətni yaxşı bilmədiyi heç hiss olunmadı. Beləcə həmin epizodu ekranlaşdırdıq. Çox gözəl də alındı. Səsləndirmədə mənim səsimi çıxartdıq, onun səsini saxladıq”.
“Kinostudiyanın həyətində toy çadırı quruldu”
Nicat Feyzullayev: “Toy səhnəsi ən gözəl səhnə idi mənim üçün. Kinsotudiyanın həyətində çadır qurduq, yağış üçün yanğınsöndürən maşın gətizdirdik. Xəlilin həmin toyda çalınan havaya oynaması paradoks idi. Oyun havası olmasa da, Xəlil ağır-ağır oynayır. Həmin səhnəni çəkməmişdən əvvəl Fuad Poladovla müzakirələr apardıq. Qərara aldıq ki, mənim təklif etdiyim kimi çəkək. Mən rəssamlar evində yaşayıram. Binanın 1-ci mərtəbəsində heykəltaraşlar işləyir. Onlar böyük heykəlləri düzəldəndə fırlanan çarxdan (paçivnik) istifadə edirlər. Mən də ordan yarım tonluq çarx götürdüm. Onun üstündə böyük bir taxta düzəltdik. Fuad Poladov və opertor Kənan Məmmədov çıxdı həmin taxtanın üstünə. Mən aşağıdan çarxı fırladırdım. ”Küçələrə su səpmişəm” mahnsına əl qaldırıb oynayanda Xəlilin bütün xatirələri canlanır, elə təəssürat yaranır ki, bütün məclis onun başına fırlanır.
Həmin priyomu iki əmioğlunun uzun illərdən sonra bir masa ətrafında oturub susduğu epizodda da tətbiq etdik. Stol və stulları yenə də çarxın üstünə yerləşdirdik. Onu da aşağıdan fırladırdıq. Kamera isə relsin üzərində əksinə hərəkət edirdi. Çox gözəl effekt yaranmışdı”.
Müsahibim bildirir ki, yağış səhnəsinin çəkilişində yanğınsöndürənlərin məsuliyyətsizliyi ucbatından 3 saat gözləməli olublar: “Xəlilin dəmiryolunda yağışın altındakı səhnəsini çəkirdik. Bir dəfə məşq etdik, yanağınsöndürənlər suyu tökdü, bir də baxdıq ki, su qurtardı. Dekabr ayının soyuğunda 3 saat onları gözlədik, gedib su gətirdilər, çəkiliş yenidən davam etdirildi.
Toy səhnəsində oxumaq üçün Ağaxan Abdullayevi dəvət etdim. Çünki onu çox bəyənirəm. Həm də istədim ki, belə bir sənətkarın səsi ömürlük yaddaşlarda qalsın. Dəvəti eşidəndə mənə dedi ki, sən böyük iş görüsən. Xan Şuşinskini Məşədi Ibada salıblar, sən də məni bu filmə. Çox xoşuna gəlmişdi. Çünki, min illər keçsə belə, tarixdə qalacaq.
Son olaraq Bəhmən, Xəlil və həkimin uzun illərdən sonra ov haqqında danışdığı səhnə çəkilirdi. Yanvar ayı idi, həddindən artıq soyuq idi, pavilyonda 2 dərəcə istilik olardı, ya olmazdı. Stolun altına elektrik sobası qoyduq, çünki, dözülməz soyuq vardı.
Nəysə, həmin səhnəni çəkdik, onunla da filmi tamamladıq. Bütün çəkiliş heyəti əl çalmağa başladı. Ondan bir az əvvəl Mehriban Zəki ilə mübahisəmiz düşmüşdü. O, çox istedadlı aktrisadır, yaxşı da münasibətlərimiz vardı. Film boyu mənimlə zarafat edirdi ki, sən məni bu rolda kəndçi eləmisən.
Hamı əl çalanda Mehriban dedi, nəyə əl çalırsız, nə olub. Bildirdik ki, çəkiliş bitdi. Məni qucaqlayıb dedi ki, mən indi sizə öyrəşirdim, necə bitdi”.
P.S. Recissor Nicat Feyzullayev 2008-cı ildən Mədəniyyət və Turizm Nazirliyinə “Əgər qismətim olarsa” filminin çəkilişi üçün müraciət etsə də, ona cavab verilməməyindən gileyləndi.