Pambıqla boğazı belə kəsirdilər…

Bu yazını may ayından başlayaraq altı ay sərasər pambıq tarlalarında həyat çürüdən qızlar və oğlanlara həsr edirəm

Şahbaz Xuduoğlu

Həmin payız Jdanov (indiki Beyləqan) rayonuna pambığa getdim. Getməyimə evdən icazə vermirdilər, sonda böyük narazılıqla olsa da, icazə ala bildim. Əvvəla, yaşım az idı – 11 yaşındaydım, ikincisi, evdə mənim işlərimi görən yox idi. Mənim işlərim – odun daşımaq, ot yığımı vaxtı bitsə də çölləri, heyvan ayağı dəyməyən kolluqları gəzmək və dırnağa (dırmığa) gələn otları dənləmək, qışa hazırlıq üçün meşədən odun, bəzi hallarda isə qışda isladıb heyvana vermək üçün palıd qozası daşımaq…

Meşədən odun doğrayıb gətirmək günün yarısını alırdı.

Əgər köç (ailəmizin bir hissəsi yayda dağlara – yaylağa qalxırdı) dağdadırsa, orada heyvanları “idarə etmək”, vaxtında yataqdan oyatmaq, sağdırmaq, otlaqlara, suya aparmaq, sonra ocağa, təndirə odun yığmaq idi mənim işim.

Dağda ocaq dayanmadan yanmalıdır – alaçığın istiliyi təmin olunur, su qızdırılır, süd bişirilir, ayran qaynadılır (şor hazırlamaq üçün), çay dəmlənir, yemək bişirilir və sair.

Yeri gəlmişkən, Knut Hamsının “Torpağın bərəkəti” əsərini oxuduqca yaylaqdakı yerlər, oradakı həyat gözümdə canlanırdı. O əsərdən sonra qəti qərara gəldim ki, mən də dünyanın hansı yerində olmamdan asılı olmayaraq, həyatımı sıfırdan başlaya bilərəm.ÿ

Ümumiyyətlə, çöllərdə, ibtidai həyatda işsiz adam olmur. Əgər zirəksənsə, qoçaqsansa, iş nə qədər desən var, tənbəl adam üçün isə heç iş yoxdur.ÿ

Pambıqla baş kəsənlər…

…Başa düşürdüm ki, Jdanov yeganə çıxış yoludur: orda pambıq yığıb və pul qazanmalı, həmin pulla məktəbə hazırlıq görməliydim – Bakıya yol bileti, məktəb paltarı almalı idim.ÿ

Jdanova gün yarıma gəldik. Yük avtomobilinin üstündə. Bu avtomobil kəndlərdən işçi toplamaq üçün Jdanovdan xüsusi olaraq gəlmişdi. Bir neçə gün kəndləri dolanır, ailələrlə görüşür, pul qazanmaq şansını qaçırmamağı onlara izah edirdi.ÿ

Jdanovun Sevil Qazıyeva adına sovxoz ilə bizim Mirbəşir Qasımov adına sovxoz arasında müqavilə var idi. Həmin müqaviləyə əsasən, bizim sovxoz onlara işçi qüvvəsi göndərir, qarşılığında isə taxıl əkmək üçün 200 hektar əkin sahəsi alırdı. Fəhlələri isə ailələrdən seçib aparırdılar. Hər ailədən, yaşından asılı olmayaraq, kimsə getməli idi. Minimum yaş həddi isə yox idi. Hətta 9 yaşında olanlar da gedə bilərdi.ÿ

Kənddə camaat uşağını hər adama etibar etmirdi. Kənddən kimsə briqadir adı ilə camaatı toplayardı.

Pulun cazibəsi inanılmaz güclüdür

Dağlarda insana pul lazım olmur. Heç nə satılmırsa, heç nə alınmırsa, orada pul mənasını itirir. Bu mənada pulun gərək olmadığı yerlərdə belə o öz cazibəsi ilə insanları ovsunlayır.

Açıq kuzada hərə bir tərəfdə, daha doğrusu, böyüklər qabaqda, kiçiklər arxada uzanır… səmaya baxırdı. Sürücü bərk-bərk tapşırmışdı ki, ətrafa baxmaq olmaz. Yolda, elə maşının üstündə hamı boğçasını açır, kimin nəyi var, yeyirdi.

Boğçada nə olurdu? Pendir, yaxud yumurta soyutması, bir baş soğan, bir kəllə qənd və əlbəttə, çörək. Masallı bazarından aldığımız duza qoyulmuş badımcanın dadı isə bir başqa idi: bir badımcanla bir çörəyi rahat yemək olardı.ÿ

…Jdanovda həyat gözlədiyimdən çətin başladı. Hamını bir otağa yerləşdirdilər. Yerli camaat gəlmələri, xüsusən bizim kimi mövsümi işlərə gələnləri sevmirdi. Gəlmələr və yerlilər arasında böyük bir sədd çəkilmişdi. Heç bir məsələdə bu səddi aşmaq olmurdu. Hətta suyu da bizlərlə paylaşmırdılar. Buna görə ya kəndlərdə boş idarə binalarında, ya da kəndlərin kənarındakı xırmanlarda olan taxıl anbarında qalırdıq.

Yerli və gəlmələrin münasibəti

Sovetlər dağılana qədər Jdanovun sovxozlarına bizim dağ kəndlərindən işçilər gətirilirdi. Hələ bu vaxta qədər o zamandan başlayan bir dostluq, ya bir əlaqənin şahidi olmadım.

Qəbilələr kimi yaşayırdıq. Qadınlarla kişiləri ortadan çəkilən pambıq kisələrindən – meşok deyirdik – tikilən “divar” ayırırdı. Qadın, kişi, uşaq – hamı bir otağın havasını paylaşırdı.

Otağın baş tərəfində briqadir dəmir çarpayıda yatardı. Əslində, yatmır, sadəcə, xoruldayırdı. Bu “göy gurultusundan” ilk günlər yuxum qaçardı. Sonra işdən elə yorulurdum, yatmır, sanki ölürdüm.ÿ

Briqadirdən başqa hamı yerdə yatırdı. Suvanmış yerə lap altdan sellofan çəkilir, üstünə kilimlər döşənirdi. Hər ailə bir döşək, ya bir yorğan gətirərdi – briqadir çox əşya götürməyi qadağan etmişdi. Hətta qablar da sayla idi, hər adam alüminiumdan bir nimçə, bir qaşıq və bir bardaq aparardı. Pambıq yığımı müddətində hara getsən, o qablar da səni təqib edərdi.

“Verbovannılar”, susuzluq, bədənimizin üfunəti…

Bu il briqadir T. kişi idi. Kobud, sərt və qaraqabaq adam idi. Zarafatları yalnız adamı aşağılamağa və təhqirə meyilliydi. Hərəyə bir ayama qoşmuşdu, birinə “şəlpağan”, digərinə “yerinəişəyən”, başqa birisinə isə… lap betərini deyirdi.ÿ

O, pambıqda bizim gözümüzdə əzəmətliydi. Kəndimizdə isə adi adam. Onun kimi hər ailənin heyvanı, atı, tövləsi, ot anbarı, təndiri, həyətində toyuqları olardı. Burda isə o fərqli görünürdü, yatdığı yerindən tutmuş, gecələr bəzən itməsinə, gündüzlər işə gəlməməsinə, gələndə isə ağac kölgəsində yatmasına, əvəzinə pambıq yığdırmasına qədər.

Onun da əzəmətinin kölgələndiyi bir məqam var idi: dağlardan gələn “verbovannılar”ın (yerli camaat gəlmələrə belə deyirdilər) briqadiri də yerli briqadirə tabe olardı. Əslində, bizə rəsmi rəhbərliyi həmin şəxs edirdi. Bütün yazılı qərarlar onun imzası ilə qüvvəyə minirdi. Hər adamın şəxsi işi onun əlində idi. Pambığın təhvil verilməsi zamanı çəkisinin qeyd olunması, hər bir şəxsə ayrılıqda yığdığı pambığa görə əməkhaqqının hesablanması, (qarovulçu və çayçı ştatları üçün ayrıca əməkhaqlarını özünə götürərdi). Əməkhaqqı cədvəllərində və tabellərdə heç kimin doğum tarixi göstərilmirdi. Bizim briqadir isə, sadəcə, qəbilə başçısı rolundaydı.

Susuzluq

Içməli su, ümumiyyətlə, yox idi. Yerli camaat süzgəc daşlardan (onlar buna “daş suyu” deyirdi) keçirdiyi kanal sularından içməli su kimi istifadə edirdi. Biz isə ölə-ölə kanaldan axan palçıq rəngində olan suyu vedrəyə götürür, lili yatandan sonra çay suyu kimi istifadə edirdik. Pambıq yığımı vaxtı suvarma olmadığından kanallara su buraxılmırdı. Susuzluğa dözməyib köynəyi və ya maykanı dodağıma yapışdırıb çöküntü sularını içirdim. Sonra paltar üzərində olan həmin lilə baxanda adamı dəhşət bürüyürdü. Böyük, sulu kanallar isə çox uzaqdan axardı. Pambığın şirəsini əldən, üzdən təmizləmək olmurdu. Bəzən pambıq kollarının yarpaqlarının qurudulması və vaxtından tez tökülməsi üçün tarlaları dərmanlayan təyyarə aşağı enir, pambıqla birgə üstümüzə dərman çiləyirdi. Bu ağ rəngli sulu dərmanın pambıq sahələrinə töküldüyü zaman sahələrdə yalnız “verbovannılar” olardı.

Dərmanın başqa bir məqsədi pambıq qozalarına düşmən kəsilən “sovka” kimi tanınan qurdların öldürülməsi idi. Həmin dərmanın üfunətli qoxusu paltarlarımızdan heç zaman getmirdi. Dərmanın təsirindən bir cücü, bir canlı belə sağ qalmazdı… Amma biz yaşayırdıq.

Pambıq “sovka”sının (pambığın çiçəklərini və qozasını yeyən həşərat) yığını

Pambığın becərilməsində yadımda qalan ən dəhşətli anlardan biri pambıq sovkasının yığılması idi. Sovka – pambıq qozalarının düşməni idi. Təyyarə ilə və ya traktorla verilən dərmanlar ona təsir etmirdi. Belə olan halda alaq mövsümü başa çatandan sonra pambıq sovkasının yığımı başlanırdı. Bu proses belə idi: hərəyə bir şampan şərabının butulkası verilirdi. Butulkanı yarıya qədər su ilə doldurub kəmərdən asırdıq. Sonra isə pambıq kollarını axtarır və əllə həmin həşəratları tapıb butulkaya atırdıq. Günün sonunda isə həmin həşəratların hər birini bir qəpikdən pulunu alardıq. Qurdları yığmağa bizə əlcək verilmirdi. Əllərimiz həşəratların rəngini alırdı həmin günlərdə. Əlcək verməməkləri cəhənnəm, əllərimizi yumağa sabun da çox görülürdü bizə. Bəzən əllərimizi yumadan, sadəcə, silib, yemək yeməyə məcbur olurduq. Bu işlər məcburi idi. Iyrənən şəxslərə “bir gün döz, ikinci gün yaxşı olacaq” – deyib məcbur etdirirdilər.

Aclıqla mübarizə

Çörək də olmurdu. Ələnməmiş undan yalnız fəhlələr üçün bişirilən kalaç da (kömbə) gətirməzdilər. Kənddən gələndə buğdanı qovurub, sonra əldaşından keçirib qovut edərdilər. Çörək olmayanda onu bir stəkan isti suya qatıb yeyər və aclığa qalib gələrdik.ÿ

ardı var