İlham Hüseyn
Dünyanın hər yerində olduğu kimi, təbiətin qanunlarına uyğun olaraq Azərbaycanda da fəsillər dəyişir, illər bir-birini əvəz edir. Yəni, bütün dünyada olduğu kimi bizdə də 2014-cü ildir, biz də müasir dünyanı müşahidə edə bilirik. Biz də yeni texnologiyalar dövründə yaşayırıq. Amma mütərəqqi dünyadan fərqli olaraq, bizim ölkəmiz keçmişdən “sallaşa-sallaşa” gələcəyə addımlayır. Yəni, biz bu müasirliyin, demokratiyanın, insan haqlarının ölkəmizə tətbiq edildiyini görmürük, özümüzdən kənarda müşahidə edirik. Ona görə illərdi özümüzü öldürürük ki, bu hakimiyyət bizi keçmişə aparır, cəhalətə sürükləyir, monarxiya yaratmaq istəyir, xalqı qula çevirir.
Sən demə bu reallığı bizdən kənardakılar da görürmüş. Bir neçə gün öncə ABŞ-ın dövlət katibi Con Kerri “Əsrin Kontraktı”nın imzalanmasının 20 illik ildönümü ilə əlaqədar ölkə başçısı Ilham Əliyevə təbrik məktubu göndərdi: “Azərbaycan 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk müsəlman dövləti olaraq insan haqları və əsas azadlıqlar sahəsində lider rolunu oynamışdır. Demokratik inkişaf sayəsində Azərbaycan sözügedən lider dövlət rolunu özünə qaytara bilər. Bizim münasibətlərimizin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür”- deyə Con Kerri məktubunda yazır.
Əslində, bu məktubu “utanc namə”si də adlandırmaq olar. Çünki, Con Kerri hakimiyyəti 100 il əvvələ apararaq bildirir ki, siz hələ 2014-cü ilə çatmamısınz. Bəli, Con Kerri Azərbaycanın “analoqsuz inkişaf” dövründən heç bir nümunə tapa bilməyib və məcbur olub 1918-ci ilə ekskurs edib.
Bəlkə də bu məktub “Əsrin Kontraktı”nın 20 illiyinə yox, əsrdən geri qalmağın 100 illiyinə həsr olunub.
Artıq rəsmi məktublarda da etiraf edilir ki, Azərbaycan hakimiyyəti 96 ildən sonra ölkəni “geriyə inkişaf” etdirmək kursunu seçib.
Məktubda daha sonra bildirlir ki, Azərbaycan demokratiya sahəsində lider dövlət rolunu özünə qaytara bilər.
Yəni, hakimiyyətə mesaj verilir ki, 20 ildir şüara çevirdiyiniz “lider dövlət” ifadəsi bu dünyanın reallığında keçərli deyil. Eyni zamanda təklif olunur ki, həqiqətən lider dövlətə çevrilmək üçün, avtoritar təfəkkürdən, orta əsr idarəçiliyindən imtina etmək lazımdır.
Özünü bu ölkənin vətəndaşı hesab edən, yaşadığı ölkənin imicini düşünən istənilən adam üçün, bu məktubda yazılanlar utandırıcıdır.
Çünki, biz yanlış idarəetmənin nəticəsində, 1918-ci ildən də geriyə atılmışıq. Xalqın və ölkənin geriyə atılmasından tramplin kimi istifadə edənlər isə, özlərini qabağa tullamaqla məşğul olublar.
Bir sözlə, Con Kerri bir neçə cümləylə hakimiyyəti 2014-cü ilə səslədi. Bilmirəm, 100 il arxada qalanların qulağı bu səsi eşidəcəkmi?
Kimdir kor?
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə hökumətin təzyiqini qaldırdı. Indi, “ikili standartlar”, “erməni lobbisi”, “bizə paxıllıq edənlər” kimi ifadələr meydan sulayır. Hökumət qəzetlərindən birində isə Avropa Parlamenti – korlar cəmiyyəti adlandırılıb. Görünür, bizim “okulist” hökumətimizin özünəməxsusus “görmə fəlsəfə”si var. Ölkə daxilində reallıqları görənlər “narkoman”, “xuliqan” olur. Ölkədən kənarda Azərbaycan reallıqlarını görənlərdə isə “korlaşma” gedir.
Bir sözlə, şanlı hökumətimizə görə, həqiqəti görənlər kordur. Yalana həqiqət donu geyindirənlərin isə, gözləri “projektor”dur.ÿ
Bir anlıq təsəvvür edin ki, sentyabrın 18-də Avropa Parlamentində Azərbaycan hakimiyyətini hədəf alan yox, göylərə qaldıran qətnamə qəbul olunub. O zaman Avropa Parlamenti nəinki “korlar cəmiyyəti” adlandırılacaqdı, əksinə, Bakıda Avropa Parlamentinə göz formasında heykəl qoyacaqdılar. Yəni, bu hökumətin sevimlisinə çevrilmək üçün, göz yummağı bacarmalısan.
Əslində korluq, bu qədər tənqidləri, danlaqları, xəbərdarlıqları görməməkdir.
Düşünürəm ki, vicdanı olan kor, uzaq məsafəni görə bilən vicdansızdan daha yaxşı görür.