Saxta vətənpərvərlər niyə qeybə çəkilib?

Indi bu adamlar «Rusiya havası»nı oynamağa da hazırdılar

Hökumət təmsilçilərinin “repertuar”ında son günlər “Rusiya nəğmə”ləri yenidən canlanıb. Bəziləri Qərbin sanksiyalarından əziyyət çəkən Rusiyaya təsəlli verir, bəziləri də iki ölkə arasındakı qardaşlığın möhkəm bağlarından danışırlar.

Bu istiqamətdə “rekord” göstərici baş nazirin müavini Yaqub Eyyubovun aktivinə yazıldı. O, Azərbaycan-Rusiya Hökumətlərarası Iqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında çıxışı zamanı Qərbin Rusiyaya qarşı sanksiyalarının mənasız olduğunu bildirdi və həmkarı Roqozinə “möhkəm olun” mesajını verdi: “Biz Avropa Birliyi, ABŞ və Rusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək” – deyə Eyyubov bildirib.

Bir sözlə, Yaqub Eyyubov Vladimir Putindən də qətiyyətli və inamlı danışıb. Sanki, Rusiyanı bu vəziyyətdən çıxarmaq üçün canını da fəda etməyə hazırdır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə, Rusiya ilə sona qədər strateji müttəfiq olacağımızın anonsunu verdi: “Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının eksportunu daha da artıra bilər. Amma bizə zəmanət verilməlidir ki, bu məhsullar Rusiyaya qarşı sanksiyaların ləğv edilməsindən sonra da Azərbaycandan alınacaq. Bakıda bir daha dilə gətirildi ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdırlar. Rusiyaya qarşı hansı sanksiyanın tətbiq olunmasından asılı olmayaraq, Rusiya bizim qonşumuzdur. Bunu həyatın özü, tarix müəyyənləşdirib. Bizi böyük bağlar bağlayır. Biz 200 ildən artıqdır ki, birlikdəyik. Müxtəlif qüvvələr və ölkələr bizə təsir etməyə çalışırlar, müxtəlif piar kampaniyalar keçirilir, lakin biz buna sakit yanaşırıq. Bizə xarici təzyiqlər işləmir”- deyə Polad Bülbüloğlu bildirib.

Göründüyü kimi, Yaqub Eyyubov Rusiyanın işğalçılıq siyasətinə baxmayaraq, başqa bir ölkənin ərazi bütövlüyünə təcavüzünü görməzdən gələrək, bu ölkənin addımlarına haqq qazandırır. Polad Bülbüloğlu isə, ölkə əhalisinin bundan əziyyət çəkməsinə rəğmən, kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınması kimi bir “fədakar”lığın davam edəcəyini bəyan etdi.

Azərbaycanın ən böyük faciələrinin “memar”ına çevrilən bir dövlətə qarşı bu qədər canyananlığın səbəbləri haqqında əvvəllər də yazmışıq və hakimiyyətin bu addımlarla özünü necə ifşa etdiyini sübuta yetirmişik.

Indiki məqamda isə diqqətimizi başqa istiqamətə yönəltmək istəyirik. Görəsən dünənə qədər “millilik damar”ları şişən adamların səsi niyə batıb?

Bir müddət əvvəl Milli Şuranı “Rusiya proyekti” adlandıranlar, bu qurumda təmsil olunanların Rusiyanın əli ilə Azərbaycanda çevriliş edəcəyini “proqnoz”laşdıranlar, indi Rusiyanın tərifindən məst olublar.

Yaxud Qərbə gedib “bizə şimaldan təzyiq var”, “bizi sendviç kimi əzmək istəyirlər” deyənlər, indi də eyni ssenari ilə Rusiyanın sərəncamındadılar. Bəs, hanı sizin səmimiyyətiniz, Rusiyanın təhlükəli proyektləri hara buxarlandı? Həqiqətən də, zaman böyük müəllimdir və yalançının yaddaşı olmaz. Bir daha təsdiqlənir ki, başqalarının proyekti olanlar, məhz bu rejim və onun əlaltılarıdır. Görünür, saxta vətənpərvərlərin “missiya”sı, həqiqi vətənsevərləri ləkələmək və sıradan çıxarmaqdan ibarətdir.

Akif